Əsas Səhifə > Partiya, Güney Press > Pənah Hüseyn düzmü buyurur?
Pənah Hüseyn düzmü buyurur?15-04-2019, 10:27 |
Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının rəhbəri, Qarabağ Komitəsinin təsisçilərindən olan Pənah Hüseyn Musavat.com-un Facebook və Youtube üzərindən yayımlanan canlı debatı zamanı sensasion açıqlamalar verib. Pənah Hüseyn bildirib ki, o, ölkəmizlə bağlı ciddi informasiyalar alıb: “Mənə xaricdəki dostlarımız bildirdilər ki, bu ayın sonu, gələn ayın əvvəlində ölkənin həm şimalında, həm də cənubunda təxribatlar hazırlanır. Bunu milli zəmində və xüsusi xarici xidmət orqanlarının əli ilə etmək istəyirlər. Çox diqqətli, ehtiyatlı olmaq lazımdır. Cürbəcür məqsədlər üçün bu təxribatlar hazırlanır. Bunlardan birinin Avropa Birliyi ilə bağlanan müqavilənin imzalanmasını dayandırmaq, ya da sıradan çıxarmaq olduğunu iddia edirlər. Bu məsələdə ermənilərin də işləməsi, ölkədə xaosun olmasında onların da marağının olması aydındır”. Sabiq baş nazirin fikrincə, konkret hadisələrə görə konkret şəxslərin haqqında inzibati və cinayət hüququ əsasında tədbirlər görülməlidir: “Gözümüzün qabağında bəzi ölkələrdə baş verənləri xatırlatmaq istəyirəm. Onlarda da heç bir şey gözlənilmirdi. Amma iqtidarların devrilməsini müşahidə edirik. O baxımdan, pereventiv tədbirlər kimi, hesab edirəm ki, ölkədə real islahat, real dəyişim, real, demokratik seçki tətbiq olunmalıdır. Allah eləməsin ki, bu cür hadisələr xoşagəlməz nəticələrə səbəb olsun”. P.Hüseynin ilginc iddiaları ilə bağlı sabiq MTN polkovniki İlham İsmayılın mövqeyini aldıq. Təhlükəsizlik məsələləri üzrə ekspert iddialardakı həqiqətlərdən söz açdı: “Pənah bəy uzaqgörən adamdır. O bilir ki, Azərbaycanın Avropaya yaxınlaşması həm daxildən, həm də xaricdən təxribatlarla müşahidə olunub. Daxildən şimala və cənuba bağlı bir sıra şəxslər var. O şəxslər adi deyil, səlahiyyətli şəxslərdir. Həmin şəxslərin müəyyən dərəcədə təxribatları olub. Çalışırlar ki, Azərbaycan Avropaya yaxınlaşmasın. Ona görə də çalışırlar ki, insan haqları və hüquqları ilə bağlı, yəni Avropa ittifaqının əsas tələblərinə qarşı müəyyən addımlar atsınlar, sərt tədbirlər görsünlər, həbslər aparsınlar. Bu nöqteyi-nəzərdən daxildən belə təxribatlar mümkündür. Şimal-cənub qonşularımız isə bizim üçün hər zaman təhlükə olduğuna, hər zaman Avropa yaxınlaşmağımıza maneə olduğu üçün kifayət qədər belə məsələlər mümkündür. Çünki zamanında biz bunları görmüşük. Burada vəzifələrimizdən, görəcəyimiz işlərdən biri bu işin qarşısını xüsusi xidmət orqanlarımızın almasıdır. Əsas odur ki, hakimiyyətin özü bu məsələdə qərarlı olsun. Saziş təbii ki, Azərbaycanın maraqlarına uyğun imzalanmalıdır. Bu olarsa, dövlətin xüsusi xidmət orqanı qarşısında tələbləri, göstərişləri olacaq. Hər cür təxribatların qarşısını almaq üçün işlər görüləcək. Əgər bəhanə edilib saziş imzalanmayacaqsa, mümkündür ki, o zaman da təxribatlar baş versin. Əsas odur ki, hakimiyyət bu məsələdə birmənalı qərarlı olsun. İstənilən halda maraqlarımız nəzərə alınmalıdır. Avropa İttifaqı hələ də Dağlıq Qarabağ münaqişəsinin həlli bəndinin müqaviləyə salınmasında tərəddüd edir. O bəndi sazişə salmaqdan çəkinirlər. Bu barədə danışıqlar gedir. Əgər o bənd ora salınmayacaqsa, bizim Ümumdünya Ticarət Mərkəzinə üzv olmağımızın, seçki qanunlarını dəyişməyimizin, insan haqları ilə bağlı müəyyən işlər görməyimizin, siyasi məhbusları azad etməyimizin heç bir mənası qalmayacaq. Çünki bu məsələlər Dağlıq Qarabağ probleminin yanında ikinci dərəcəlidir. Biz ciddi bir dövr ərəfəsindəyik. Azərbaycanın bu savaşda ağ bayrağı yoxdur və olmayacaq da. Bu təxribatların qarşısını almaq ilk növbədə xüsusi xidmət orqanının üzərinə düşür. Amma bu işdə bir daha deyirəm ki, hakimiyyətin xüsusi qərarlığı olmalıdır. O olmasa, hər bir bəhanə ola bilər. Heç bir bəhanəyə biz imkan verməməliyik. Təbii ki, Azərbaycanın maraqları öndə tutulmaqla”. İ.İsmayıl hansı istiqamətlərdə təxribatların ola biləcəyi barədə ehtimallarını da bölüşdü: “Avropa İttifaqını nələr qıcıqlandıra bilərsə, o istiqamətdə təxribat cəhdləri mümkündür. Burada hər hansı bir terror törədilərsə, Avropa terrora məruz qalan ölkə kimi sadəcə bizi tanıyacaq. Amma burada hər hansı bir avropalıya, Avropa strukturlarının nümayəndələrinə, o cümlədən, İsrail nümayəndəsinə hər hansı bir təxribat olarsa, bu sazişə ciddi mane yarada bilər. Zamanında cənubda belə bir terrora cəhd olmuşdu. Yəhudi müəllimi öldürmək planı qurulmuşdu. Təxminən o istiqamətdə cəhdlər olarsa, təbii ki pis qarşılanacaq, bizə qarşı münasibət pis olacaq. Cəbhə xəttində ermənilər təxribatlar edəcəklər, bizimkilər əks cavab verəcəklər və onlar da deyəcəklər ki, demokratik cəmiyyət formalaşdırmaq istəyən Ermənistana qarşı bu cür tədbirlər görülür, sülh tədbirlərindən yayınır, biz bunu qəbul etmirik. Avropa dəyərlərinə düzgün yanaşmalıyıq. Daxildə insan haqlarını pozan addımlar atılarsa, bu da təxribat kimi qəbul olunmalıdır. Çünki bunlar dünya mətbuatında geniş işıqlandırılacaq. Onun üçün də bu günlərdə Avropa dəyərlərinə zidd olan heç bir siyasət yürütməməliyik”. “Yeni Müsavat” Geri qayıt |