Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycan demokratik dünyaya nə qədər yaxınlaşsa, bir o qədər yaxşıdır”

“Azərbaycan demokratik dünyaya nə qədər yaxınlaşsa, bir o qədər yaxşıdır”


18-04-2019, 08:57
 “Azərbaycan demokratik dünyaya nə qədər yaxınlaşsa, bir o qədər yaxşıdır”
Azərbaycanla Avropa Birliyi (AB) arasında bağlanacaq saziş ətrafında gedən müzakirələr böyüyür. Xüsusilə sənədin detallarının açıqlanmaması müəmmalı bir vəziyyət yaradıb. Ərazi bütövlüyümüz məsələsinin bir bənd kimi müqaviləyə salınıb-salınmayacağı yönündə səslənən fikirlər müzakirələrin əsasını təşkil edir.

Detalları məlum olmasa da, saziş cəmiyyətin əksər təbəqələri tərəfindən dəstəklənir. Avropaya sürətli inteqrasiyanın viza və digər məsələlərin həllində mühüm rol oynayacağı vurğulanır.

AĞ Partiya başqanı Tural Abbaslı sazişin Azərbaycanın maraqlarına uyğun olduğunu söylədi: “Əslində bu saziş ətrafında konkret nəsə demək çox çətindir. Çünki hələ də onun mətni ictimailəşdirilməyib. Demək olar ki, sazişin nədən ibarət olduğunu bilən kimsə yoxdur. Bu da öz növbəsində narahatlıq yaradan səbəblərdəndir. Əgər bu müqavilə AB ilə Azərbaycan arasında imzalanırsa və bu razılaşma bu və ya digər formada Azərbaycan xalqının taleyinə, yaşamına təsir edəcəksə, bu barədə ictimaiyyət tam məlumatlı olmalıdır. Biz siyasilər və siyasi partiyalar bu haqda danışanda ancaq indiyə qədərki digər dövlətlərlə olan sazişlərə istinad edirik. Sonra da məlum olur ki, sən demə, Azərbaycanla imzalanacaq müqavilə digər dövlətlər Ukrayna, Gürcüstan, Moldova və sairləri ilə bağlanılan müqavilələrdən fərqlidir. Fərqin nədən ibarət olması ilə bağlı da əsas səslənən nüanslar Azərbaycanın ərazi bütövlüyü və insan haqları sahəsində olduğu deyilir. Təbii ki, bu məlumatlar qeyri-rəsmi xarakterlidir.

Durumun bu vəziyyətdə olmasının səbəbi də hakimiyyətin müqavilə mətnini xalqdan gizlətməsidir. Təbii ki, mən də düşünürəm ki, bu sazişin imzalanması Azərbaycanın maraqlarına uyğundur. Azərbaycanın da inkişaf etmiş ölkələrin yolu ilə gedərək, öz qanunlarını, iqtisadi yanaşmalarını, təhsilimizi, səhiyyəmizi, insan haqları sahəsindəki sənədlərini bu ölkələrinkinə uyğunlaşdırması bizim də inkişafımıza və güclənməmizə səbəb ola bilər. Odur ki, mən də bu sazişin imzalanmasının tərəfdarıyam. Ancaq biz AĞ Partiya olaraq nəyin bahasına olursa-olsun, bu sazişin imzalanmasının tərəfdarı da deyilik. Bu məsələdə bizim üçün, yəni AĞ Partiya üçün ”qırmızı xətt"lər mövcuddur. Bu “qırmızı xətt”lərin başında Qarabağ məsələsi və milli-mənəvi dəyərlərimizə təhdidlər gəlir. Bu məsələdə biz heç bir halda, heç bir şərtlə, heç kimin qarşısında güzəştə gedilməsinin tərəfdarı deyilik. Azərbaycanın imzalayacağı bütün saziş və razılaşmaların bir xətti olmalıdır, o xətt də Azərbaycanın dövlət maraqlarıdır".

Ümid Partiyasının sədri İqbal Ağazadə: “Azərbaycan demokratik dünyaya nə qədər yaxınlaşsa, münasibətləri isti getsə, ölkə cəmiyyətinin inkişafının perspektivləri o qədər çoxdur. Çünki dünyanın normal idarəetmə, seçki, insan haqlarına hörmət, iqtisadi və siyasi azadlıqlar məsələsində örnək ola biləcək dövlətləri Avropa Birliyi ölkələri, Amerika və Kanada kimi ölkələrdir. Azərbaycanın bunların yanında olması, bu ölkələrlə ittifaqa, sazişə girməsi bizim üçün önəmlidir. İkinci bir tərəfdən, Azərbaycan elə ölkələrlə əhatə olunub ki, bu dövlətlər qonşularına obyektiv münasibətləri ilə seçilməklə yanaşı, həm də demokratikləşməni əngəlləyən ölkələr kateqoriyalarına aiddir. Buraya Rusiya və İran kimi ölkələr daxildir. Azərbaycan bu ölkələrin yanında dursa, demokratik dəyərləri hakim dəyərlər kimi qəbul edən dövlətlərdən uzaqlaşsa, bu ölkələrin idarəetmə, yaşam və düşüncə tərzindən, hüquq sistemindən ayrıla bilməyəcək. Ona görə də Avropaya inteqrasiya vacibdir. Prioritetlər nə olacaq və yaxud nə olmalıdır? Azərbaycanın BMT-nin tanıdığı sərhədləri çərçivəsində ərazi bütövlüyü tanınmalıdır. Qeyd edim ki, Avropa Şurası da, Avropa Birliyi də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğunu fakt kimi təsdiqləyib. Müqavilədə insan haqları, o cümlədən iqtisadi və siyasi azadlıqlar məsələsi ön plana çəkiləcək. Sazişin uzadılmasına səbəb Azərbaycanla Avropa Birliyi arasında gedən danışıqlardır. Bu danışıqlar açıq olmadığı üçün cəmiyyət məlumatsızdır. Əgər mətbuata məlumat verilsə, bizlər də danışıqların uzadılmasının səbəbini bilərik”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev: “Cəmiyyət daxilindən sazişə yönəlik bəzi etirazlar başa düşülməyəndir. Çünki Avropa yüksək həyat standartlarıdır. Türkiyə nümunəsinə baxmaq lazımdır. 60 ildən artıqdır qardaş dövlət Avropa Birliyinə üzv olmağa can atır. Bu məsələnin üzərində geniş dayanmaq istəmirəm. Hesab edirəm ki, Avropa İttifaqı ilə yaxınlaşma Azərbaycanın mədəni dünya ilə yaxınlaşması, yeni texnologiya, yüksək təhsil və səhiyyə standartları, ədalətli məhkəmə sistemi, demokratiya və insan haqları sahəsində irəliləyiş və yüzlərlə həyat seqmentlərində müsbət dəyişikliklər deməkdir. Təəssüf ki, hələlik aparılan danışıqların detallarını gizli saxlayırlar. Müşahidələrimə görə, demokratiya və insan hüquqlarını ehtiva edən blokla bağlı danışıqlar ağır irəliləyir. İqtidar fərqindədir ki, bu sahədə yumşalma hakimiyyətin yaxın gələcəkdə itirilməsi deməkdir. Hakimiyyət siyasi rəqabətə hazır olmadığının fərqindədir. Amma bu sazişin imzalanmasının da alternativini görmürəm. Alternativ Rusiyaya sığınmaqdır ki, bu da yenidən rəsmən müstəmləkəyə çevrilməkdir. Müstəmləkə vassalına çevrilmək də real və mütləq hakimiyyətin itirilməsidir. Bunu hakimiyyət hesablamalıdır. Həm də köhnə metropoliyaya sığınmaq Qərbin təzyiqlərinin başlanması və bu təhdidlərə tab gətirməni nəzərdə tutur. Azərbaycan AB ilə sazişi imzalamalıdır. Təbii ki, Azərbaycanın maraqları nəzərə alınmalıdır. Azərbaycanın maraqları ilə hakim komandanın maraqlarını da ayırmağı bacarmaq lazımdır. Azərbaycanın maraqları insan qrupunun istəklərinə qurban verilə bilməz. Saziş maraqlarımız nəzərə alınmaqla mütləq imzalanmalıdır”.
“Yeni Müsavat”

Geri qayıt