Əsas Səhifə > Partiya, Güney Press > ABŞ-ın yeni səfiri müxalifətlə niyə görüşmür

ABŞ-ın yeni səfiri müxalifətlə niyə görüşmür


24-04-2019, 08:28
ABŞ-ın yeni səfiri müxalifətlə niyə görüşmür
ABŞ-ın Azərbaycandakı yeni səfiri Örl Litzenberqer martın 7-dən Bakıda fəaliyyətə başladıqdan indiyə qədər prezident İlham Əliyev və hakimiyyətin müxtəlif qollarının təmsilçiləri ilə görüşlər keçirib. Görüşlər hələ də davam edir. Səfir artıq hətta AZAL prezidenti, univeristet rektorları ilə belə görüşür. Lakin müxalifət partiyalarının sədrləri ilə görüşməyib.

Əvvəllər ABŞ səfirləri fəaliyyətə başladıqdan az sonra müxalifət liderləri ilə görüşürdü. Bu dəfə belə bir görüşün olmaması maraq doğurur. Görəsən, müxalifət düşərgəsindəki xoşagəlməz durumun ABŞ səfirinin mövqeyinə təsiri mümkünmü? Eyni zamanda hazırda ABŞ-Azərbaycan münasibətlərinin normal olmasının, Vaşinqtonun bu münasibətləri korlamaq istəməməsinin səfirin müxalifətlə görüşməməsində təsiri ola bilərmi?

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, ABŞ səfirinin proqramında müxalifət liderləri ilə görüşə yer verilməməsi müxtəlif səbəblərlə bağlı ola bilər: “Əsas səbəblər onunla əlaqədar ola bilər ki, hazırda müxalifət düşərgəsində çalxalanma, siyasi partiyalar və onların liderləri arasında nüfuz savaşı, keçmişə görə ədavət, qarşılıqlı ittihamlar, haqq-hesab çürütmə prosesi xeyli güclənib. Eyni zamanda parlament seçkilərində mandat uğrunda mübarizə ittihamı ilə bəzi siyasi qüvvələr arasında arasıkəsilməz müharibə gedir və savaş səngimir. Bu qüvvələr bir-birini, eləcə də iqtidar onları xaricdən maliyyələşməkdə, habelə xarici anti-Azərbaycan dairələrdən təlimat alıb ölkədə iğtişaş yaratmaqda ittiham edir. Bu zaman ilk növbədə ABŞ-ın adı hallandırılır. Belə bir zamanda ABŞ səfirinin müxalifət qüvvələri ilə görüşməsi vəziyyəti daha da gərginləşdirə, bütün şübhələri fövqəldövlətin üzərinə yönəldə bilər. Ona görə də yeni səfir hələ ki gözləmə mövqeyi tutub.

Digər səbəblərdən biri odur ki, İlham Əliyev islahatlar həyata keçirildiyini bəyan edib, bununla bağlı müvafiq fərmanlar imzalayıb. ABŞ-ın ölkəmizdəki baş diplomatı yəqin ki, belə bir məqamda müxalifətlə görüşmək istəmir və hakimiyyətin islahatlarının gedişatını müşahidə etməyə, nə ilə nəticələnəcəyini gözləməyə üstünlük verir.

Başqa yandan, Azərbaycan Avropa İttifaqı ilə may ayında saziş imzalamaq ərəfəsindədir. Bu məsələyə, bildiyimiz kimi, müxalifət qüvvələrinin də öz fərqli yanaşması var. Məsələn, Əli Kərimli tərəfdarları sazişdə bir sıra müddəalar öz əksini tapmadan onun bağlanmasını məqsədəuyğun hesab etmir, REAL isə əksini düşünür. Belə bir ziddiyyətli dövrdə ola bilsin ki, ABŞ səfiri onlarla görüşməkdən imtina etməklə Azərbaycanın Avropa İttifaqı ilə saziş bağlamasına müdaxilə etmək istəmədiyini göstərir".

Politoloqun ehtimalına görə, Vaşinqton daha mühüm maraqlar səbəbindən Bakı ilə münasibətləri soyuqlaşdırmaq istəmir: “Azərbaycanda BP-nin timsalında İngiltərənin, habelə Rusiyanın, İranın, ”Bir kəmər bir yol" meqalayihəsini həyata keçirən Çinin, Türkiyənin geosiyasi, iqtisadi, ticarət maraqlarının olması sirr deyil. İngiltərə istisna olmaqla, bütün bu ölkələrlə ABŞ-ın gərgin münasibətləri var. Vaşinqton Ermənistan və Ukraynada faktiki üz-üzə dayandığı Rusiya ilə, NATO müttəfiqi kimi ondan üz çevirən Türkiyə ilə, ticarət savaşı apardığı Çinlə, embarqo tətbiq etdiyi İranla Azərbaycanda qarşılaşmaq istəmir və Əliyev iqtidarı ilə yaxşı münasibəti saxlamaqla, müxalifətdən uzaq məsafədə dayanmaqla burada marağı olan böyük dövlətlərin qarşısında öz marağını təsbit etməyə çalışır. O anlayır ki, indiki həssas dövrdə iqtidarla deyil, müxalifətlə işləsə, Vaşinqtonun nəinki Azərbaycandakı, habelə Azərbaycan üzərindən nüfuz dairəsinə daxil etmək istədiyi Cənubi Qafqaz, İran, Xəzər hövzəsi, Mərkəzi Asiya regionundakı mövqeləri xeyli zəifləyə bilər. Hər zaman bir iqtidarın verə biləcəyi daha çox şey var, nəinki müxalifətin. Vaşinqtondakı bəzi dairələrin planlarına əsasən, müxalifəti iqtidara gətirmək indiki məqamda yalnız “rəngli inqilab” yolu ilə mümkündür ki, Azərbaycanda bunun üçün zəmin yoxdur. Odur ki, ABŞ indiki iqtidarla işləməyə, müxalifətlə görüşüb onu qıcıqlandırmamağa çalışır".

N.Məmmədova hazırkı bəzi radikal müxalifət qüvvələrinə ABŞ-ın əvvəlki kimi etimad bəsləmədiyi faktorunu da fikirlərinə əlavə etdi: “Milli Şuranın Rüstəm İbrahimbəyovu prezidentliyə namizəd və özünün fəxri sədri göstərməsindən sonra oradakı qüvvələrin Rusiya ilə əlaqələri, yeri gəldikdə Rusiya ilə sövdələşməyə gedə biləcəyi ehtimalı Amerikaya onlara inanmağa imkan vermir. Həmçinin REAL-çıların Avropa İttifaqı ilə yaxınlaşmağa çalışması, bir dövr İran səfirliyi ilə təmaslarına görə prokurorluğa çağırılmaları ABŞ səfirini bu yeni özünü müxalifət adlandıran qüvvəyə də artıq şübhə ilə yanaşmağa vadar edə bilər”.

Onu da qeyd edək ki, ABŞ-ın yeni səfiri iki aya yaxındır Azərbaycanda olsa da demokratiya və insan haqları mövzusunda demək olar ki, danışmaması ilə də diqqət çəkir. İki gün öncə isə “Turan” agentliyinin Azərbaycan hakimiyyətinin geniş islahatlar aparılması barədə bəyanatlarını şərh etmək xahişinə cavabında səfir qeyd edib ki, islahatların aparılması səylərindən məmnundur: “Azərbaycan bu sahədə böyük nailiyyət əldə edib, amma Azərbaycan gənc dövlətdir və bu istiqamətdə hələ böyük işlər görülməlidir. Biz ölkədə islahatlar aparılmasını dəstəkləyirik”.

Azərbaycanda söz azadlığı və insan hüquqları sahəsində vəziyyət haqqında suala cavabda səfir qeyd edib ki, bu dəyərlər ABŞ siyasətində çox əhəmiyyətlidir və o, Amerikanın səfiri olaraq Azərbaycanda bu məqsədlərin dəstəklənməsi üçün əlindən gələni edəcək.

Geri qayıt