Əsas Səhifə > Partiya, Güney Press > “Siz doğrudan da konstruktiv müxalifətsinizsə, ümummilli məsələlərdə xalqın, dövlətin yanındasınızsa...”

“Siz doğrudan da konstruktiv müxalifətsinizsə, ümummilli məsələlərdə xalqın, dövlətin yanındasınızsa...”


26-04-2019, 08:45
“Siz doğrudan da konstruktiv müxalifətsinizsə, ümummilli məsələlərdə xalqın, dövlətin yanındasınızsa...”
Müxalifət Azərbaycanla Avropa İttifaqı arasında imzalanacağına hazırlıq gedən tərəfdaşlıq sazişi ilə bağlı şərtlərini açıqlayıb. “Turan” xəbər verir ki, ölkənin aparıcı müxalif qüvvələrinin iştirakı ilə keçirilmiş “Azərbaycanla Avropa İttifaqı arasında gözlənilən sazişə dair” ictimai dinləmənin aprelin 24-də yayılan qətnaməsində deyilir ki, Avropa İttıfaqı və Azərbaycan arasında saziş imzalanmamışdan əvvəl Azərbaycanda siyasi məhbusların hamısı azad olunmalı, insan hüquq və azadlıqları tam şəkildə təmin edilməli, vətəndaş cəmiyyəti institutlarının sərbəst fəaliyyəti və digər demokratik islahatların həyata keçirilməsi üçün imkanlar bərpa olunmalıdır.

Söz, mətbuat, sərbəst toplaşma və birləşmə azadlığı daxil olmaqla, fundamental insan hüquq və azadlıqlarının bütün formaları tam təmin edilməli, dinc mitinqlərin keçirilməsinə qoyulan əsassız baryerlər aradan qaldırılmalıdır.

Ölkədə azad və ədalətli seçkilərin keçirilməsini təmin edəcək seçki islahatlarının aparılması və müvafiq seçki sisteminin yaradılması üçün siyasi iradə nümayiş etdirilməli, sazişdə seçki qanununun Avropa Şurası Venesiya Komissiyası və ATƏT-DTİHB-in tövsiyələri əsasında dəyişdirilməsi, bütün səviyyəli seçki komissiyalarının siyasi partiyaların bərabər iştirakı əsasında formalaşması, proporsional seçki sisteminin bərpası və seçki hüququnun pozulması üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra edilməsi əks olunmalıdır.

Avropa İttifaqı ilə ticarət və investisiya əməkdaşlığının gücləndirilməsi üçün Rəqabət Məcəlləsi qəbul olunmalı, rəqabətin qorunmasına və istehlakçıların müdafiəsinə məsul olan dövlət institutunun müstəqilliyi artırılmalı, Azərbaycanın Dünya Ticarət Təşkilatı ilə danışıqlar prosesi sürətləndirilməli və üzvlük məsələsi yaxın 1 ildə yekunlaşdırılmalıdır.

Hakim Yeni Azərbaycan Partiyasının deputatı Elman Nəsirov müxalifətin irəli sürdüyü şərtlərə münasibət açıqlayıb. “Yeni Müsavat”a açıqlamasında Elman Nəsirov bildirdi ki, əvvəla, müxalifətin radikal hissəsinin Avropa İttifaqı ilə imzalanacaq sənədin mətni ilə bəribaşdan tanış olmağı tələb etməsi yanlışdır.

Beynəlxalq protokol qaydaları var və həmin qaydalara əsasən belə müqavilələr paraflanmamış onun ictimaiyyətə təqdim edilməsi qanunsuz sayılır: “Bunu hətta müxalifətin bu ayın 18-də keçirilən toplantısında AXCP sədri Əli Kərimli də çıxışında deyib. Bu fikrin əleyhinə orada fərqli bir fikrin olduğunu mən görmədim. Müxalifətin digər təmsilçiləri dərk etməlidir ki, bu cür sənədlər paraflanmamış onun ictimaiyyətin müzakirəsinə verilməsi praktikası beynəlxalq aləmdə yoxdur. O baxımdan indi müxalifətin şərtlər irəli sürülən bəyanatında irəli sürülən tələb əslində müxalifətin öz mövqeyi ilə ziddiyyət təşkil edir və qeyri-qanunidir.

Müxalifətin digər tələblərinə gəlincə, əvvəlcə iqtisadi-sosial sfera ilə bağlı tələblərinə toxunmaq istərdim. Azərbaycan prezidenti cənab İlham Əliyev bu sferada çox ciddi addımlar atıb və atır. Hətta xatırlatmaq istəyirəm ki, 2003-cü il oktyabr ayının 15-də prezident seçildikdən sonra cənab prezidentin ilk fərmanı həmin ilin noyabrın 24-də Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı oldu. Orada sosial blokdan olan tədbirlər, sənaye blokundan olan, sahibkarlığın inkişaf, ölkənin maliyyə sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər əksini tapırdı. Diqqət edirsinizsə, hələ 2003-cü ildə cənab prezident sosial-iqtisadi sferanın bütün sahələrini əhatə edən ciddi addımlar atıb. Keçən ilin aprel ayına olan məlumata görə, cənab prezidentin imzası ilə 201 proqram əhəmiyyətli sənəd qəbul edilib. Bunlardan 12-si konsepsiyadır, 12-si milli strategiyadır, 12-si strateji yol xəritəsidir, 94-ü dövlət proqramıdır, 10-u milli fəaliyyət proqramıdır və sair. Xüsusilə də keçən il 11 aprel prezident seçkilərindən sonra ölkədə çox geniş sferanı əhatə edən islahatlar paketi həyata keçirilməyə başlanıb. Bu islahatlar hazırda da davam edir. Bütün sosial təbəqələrin həyat şəraitinin yaxşılaşdırılmasına yönələn addımlar atılır. Cənab prezident son çıxışlarında bəyan etdi ki, bu istiqamətdə işlərimizi daha da genişləndirəcəyik. İndi müxalifətin “Amerika kəşf etməsi”nə ehtiyac yoxdur. Cənab prezident ölkədə sosial-iqtisadi sferanı əhatə edən çox mühüm islahatlar həyata keçirir. Bu addımlar heç də müxalifətin düşündüyü kimi onların tələbi və təzyiqi əsasında atılmır. Bu addımlar cənab prezidentin yeritdiyi siyasətin fəlsəfəsini təşkil edir".

Müxalifətin siyasi məsələləri əhatə edən şərtlərinə gəlincə, E.Nəsirov qeyd etdi ki, dövlət başçısı həm siyasi, həm də məhkəmə sistemində çox ciddi islahatların aparılacağının həm anonsunu verib, həm də artıq konkret qərarlar da imzalanıb. Siyasi islahatlar sosial-iqtisadi islahatların məntiqi davamı kimi həyata keçiriləcək. Müxalifət də bunun şahidi olacaq: “O ki qaldı siyasi məhbus məsələsi ilə bağlı tələbə, bunu hər zaman söyləmişik, bir daha söyləyirik ki, Azərbaycanda siyasi məhbus olmayıb və yoxdur. Çünki Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Azərbaycanda bu gün 55 siyasi partiya var, əhalinin 80 faizi sosial şəbəkələrdən istifadə edir, ən ucqar kəndlərə belə internet çəkilib, ölkədə çoxsaylı qəzetlər, saytlar fəaliyyət göstərir, demokratik seçkilər keçirilir, bu seçkilərdə bütün siyasi təşkilatların iştirakına şərait yaradılır. Üzümü müxalifətə tutub demək istəyirəm ki, siz doğrudan da konstruktiv müxalifətsinizsə, ümummilli məsələlərdə xalqın, dövlətin yanındasınızsa, buna iradəniz çatırsa, bu günlərdə Ermənistan BMT-nin İnsan Hüquqları Şurasının saytına qondarma Dağlıq Qarabağ rejiminin də adını salıb, bununla bağlı BMT-yə etirazınızı bildirin. İmkandır, sınaq məqamıdır ki, müxalifət iqtidarın, dövlətin yanında olsun”.

Geri qayıt