Əsas Səhifə > Partiya, Güney Press > “Heç kəs Avropa Birliyi ilə münasibətlərimizin qarşısını ala bilməz”

“Heç kəs Avropa Birliyi ilə münasibətlərimizin qarşısını ala bilməz”


30-04-2019, 08:52
“Heç kəs Avropa Birliyi ilə münasibətlərimizin qarşısını ala bilməz”
Azərbaycan və Avropa Birliyi arasında imzalanacaq saziş üzərində işlər davam edir. Xatırladaq ki, bu ayın əvvəlində xarici işlər naziri Elmar Məmmədyarov Brüssel şəhərində Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxışı zamanı demişdi ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin 90 faizi razılaşdırılıb.

Bu arada Azərbaycanın önəmi ilə bağlı Avropa ailəsinə üzv ölkələrin təmsilçiləri tərəfindən müsbət mesajlar eşidilməkdədir. “Azərbaycan həm Latviya, həm də Avropa İttifaqı (Aİ) üçün mühüm tərəfdaşdır. Aİ ilə Azərbaycan arasındakı münasibətlər həm iqtisadi inteqrasiyanı, həm də siyasi əməkdaşlığı ehtiva edir”. Bunu Latviya parlamentinin üzvü Boris Tsileviç bildirib.

“Azərbaycanla siyasət və enerji baxımından ortaq mövqedən çıxış edirik. Bu gün Bakıda biznes forum oldu. Yaxın gələcəkdə Zaqrebdə də biznes forum keçiriləcək. İqtisadi məsələlərlə bağlı hökumətlərarası komissiyanın ilk iclası bu ilin sonu və ya gələn ilin əvvəlində keçiriləcək. Bu, bir sıra məsələlərin müzakirəsi baxımından imkanlar açacaq”.

ONA-nın məlumatına görə, bu sözləri Xorvatiya baş nazirinin müavini, Xarici İşlər və Avropa məsələləri naziri, xanım Mariya Peyçinoviç Buriç Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Hamı Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında imzalanacaq sazişi gözləyir və bu, yaxşı haldır”.

“Report” xəbər verir ki, bunu da jurnalistlərə açıqlamasında Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib. “Keçən həftə ticarət üzrə danışıqlar həyata keçirildi. Azərbaycan hökuməti 3 gün ərzində zəhmət çəkdi. Müzakirə predmeti olan məsələlərlə bağlı 5 videokonfrans gözlənilir. Mən sizə tam əminliklə deyə bilərəm ki, hər iki tərəfdə bu sazişin imzalanması üçün qətiyyət var. Hər iki tərəf onun mümkün qədər tez imzalanması üçün çalışır və kifayət qədər iddialı sazişdir. Dövlət satınalmaları ilə bağlı məsələ çox ciddi müzakirə predmetidir. Bu, sazişin bir hissəsi olacaq və hamıya təsir edəcək. İşlərin yekunlaşdırılması üçün fürsətlərdən biri məhz Brüsseldə keçiriləcək tədbirdir. Bu tədbir 13-14 may tarixlərində keçiriləcək. 6 dövlət başçısı, məhz ”Şərq Tərəfdaşlığı" dövlətlərinin rəhbərləri və Azərbaycan prezidenti bu konfransda iştirak edəcəklər", - deyə K. Yankauskas əlavə edib.

Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı arasında sazişin məhz bu ilin may ayının 13-də imzalanması nəzərdə tutulduğu deyilsə də, sonradan XİN-in mətbuat katibi Leyla Abdullayeva bunu təkzib etdi. “Çünki ölkəmizlə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək saziş üzrə danışıqlar hələ ki davam etdirilir”, - XİN rəsmisi deyib.

Milli Məclisin son plenar iclasında parlamentin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov qeyd edib ki, ölkə daxilində də sənədin imzalanmasına əngəl olan qüvvələr var. Parlamentin sədri Oqtay Əsədov isə qeyd edib ki, sazişin imzalanmasına maneə törədən qüvvələr ermənilərdir: “Saziş layihəsində Dağlıq Qarabağ ərazisi Azərbaycanın ərazisi kimi qeyd olunub, biz buna nail olmuşuq. Texniki məsələlər qalıb ki, onlar da həll edilir”. Sədr deyib ki, bu saziş Azərbaycan xalqının xeyrinə olacaq.

ADİP sədri, deputat Asim Mollazadə də gələn ay sazişin imzalanmayacağını bildirdi: “Azərbaycan hələ bu işləri davam etdirir. Mənə elə gəlir ki, bu məsələ ilə bağlı yanlış məlumat verilmişdi. Danışıqlar aparılır, işlər gedir. Ümidvaram ki, sonda bir nəticə olacaq. Amma hazırda hansısa imzalanma proseduru gözlənilmir. Xarici İşlər Nazirliyi də bu məsələ ilə bağlı məlumat yayıb. Çünki danışıqlar prosesini məhz XİN aparır. Ümid edirəm ki, sonda bu, müsbət nəticələnəcək. Amma hazırda sənəd üzərində iş gedir”. A.Mollazadə qeyd etdi ki, əsas müzakirə mövzusu olan məsələlər iqtisadiyyatla bağlıdır: “Xirda məsələlər qalıb. Mən əminəm ki, sonda razılıq olacaq”. Deputatın fikrincə, Avropa Birliyi Azərbaycanın önəmini çox gözəl anlayır: “Cənubi Qafqaz bölgəsində Avropa Birliyinin iqtisadiyyat, enerji məsələləri ilə bağlı ən önəmli tərəfdaşı Azərbaycandır. Mən əminəm ki, bu saziş, nəhayət, imzalanacaq, bizim əməkdaşlığımız daha da güclənəcək. Çoxşaxəli əməkdaşlıq üçün böyük bir potensial var. Azərbaycanın Avropa Birliyi ilə tərəfdaşlıq sazişi var. Bu gün bizim Avropa Birliyi ilə əməkdaşlığımızın çoxşaxəli olmasını özündə ehtiva edən sənədin üzərində iş gedir. Azərbaycan əməkdaşlığa hazırdır və bunun üçün çox böyük işlər görməliyik”. A.Mollazadə hansısa pis sürprizlərlə üzləşəcəyimizi güman etmir: “Heç kəs Avropa Birliyi ilə münasibətlərimizin qarşısını ala bilməz”.
“Yeni Müsavat”

Geri qayıt