Əsas Səhifə > Partiya, Güney Press > “Erkən parlament seçkiləri gündəmdən çıxmayıb”

“Erkən parlament seçkiləri gündəmdən çıxmayıb”


2-05-2019, 08:46
“Erkən parlament seçkiləri gündəmdən çıxmayıb”
Keçən ilin sonlarından aprel ayında növbədənkənar parlament seçkilərinin olacağı proqnozları verilirdi. Aprel bitdi, lakin seçki qərarı verilmədi.

İlin ilk aylarından ölkədə ciddi sosial islahatların başlanması və bu prosesin hazırda hökuməti daha çox məşğul etməsi, həmçinin ölkə daxilində və regionda müşahidə olunan siyasi proseslər, hərəkətlilik apreldə növbədənkənar seçkiyə gedilməsi məsələsini bir müddət üçün arxa plana keçirib. Bu barədə “Yeni Müsavat”a daxil olan məlumatda deyilir. Xəbərdə qeyd edilir ki, ötən ilin sonlarında yuxarı dairələrdə yazda növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi barədə demək olar ki, yekdil mövqe formalaşmışdı. Rəsmi qərarın fevralın sonlarında veriləcəyinə qədər məsələ dəqiq olub. Yuxarıda sadalanan səbəblər üzündən növbədənkənar seçki məsələsində hələlik bir qədər gözləmək məqsədəuyğun sayılıb.

Məlumata görə, bu ilin sonunda-dekabrın 27-də bələdiyyə seçkilərinin keçiriləcəyi faktoru da növbədənkənar parlament seçkiləri məsələsində tərəddüdlər yaradıb. Bununla belə, mənbə bildirir ki, növbədənkənar seçki məsələsi hələ gündəmdən tam olaraq da çıxmayıb. Sadəcə, bir müddət üçün gözləmə mövqeyi seçilib.

VİP sədri Əli Əliyev də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, erkən parlament seçkiləri məsələsi gündəmdən çıxmış sayılmamalıdır: “Mənim müşahidələrimə görə, bu il növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu fikir ulduzların düzülüşündən gəlinən qənaət deyil. Məlumat da deyil. Çünki son prezident seçkilərinin vaxtını heç prezidentin yaxın ətrafı da bilmirdi. Qərar qəfil verildi. Deməli, yenə də belə fikir olacaqsa, haqqında xəbərin sızma ehtimalı çox azdır.

Hesab edirəm ki, parlament seçkilərini bir sıra daxili və xarici amillər şərtləndirir. Dünya Azərbaycana yönəlik münasibətini dəyişir. Əlamətləri də var: İran və Rusiya siyasi rəhbərliyinin yanvar-mart aylarında münasibəti, Azərbaycan nümayəndə heyətinin Fransa səfəri və görüşlərin ranqı, prezidentin Çin səfəri və imzalanan sənədlər, Avropa İttifaqı və Azərbaycan arasında hazırlanan saziş və sair. Bunlar kifayət qədər ciddi kənar faktorlardır. Daxildə də baş verənləri küçümsəmək olmaz. Nəsil dəyişikliyi, oliqarxiyanın çökdürülməsi və sair. Hər iki faktor çuğlaşanda, vəziyyət əyani şəkildə görünür.

Belə şəraitdə keçmiş oliqarxiyanın nəzarətində olan parlament təhlükə mahiyyəti kəsb edir. Çünki müstəqillik dövründə hakimiyyət dəyişiklikləri parlament üzərindən olub. Bütün seqmentləri dəyişən heyətin parlamenti saxlaması məntiqsiz görünür. Ona görə də hesab edirəm ki, seçkilər qaçılmazdır".

Erkən seçkilərin nə vaxt olacağı ehtimalına gəlincə, partiya sədri hesab edir ki, seçki bu ilin iyul-avqust aylarında ola bilər: “Bunun isə səbəbləri var. Bu aylar siyasi baxımdan ”ölü dövr" hesab edilir, siyasi baxımdan ən passiv aylardır. Təbii ki, bu analizdir. Lakin qüsurlu da ola bilər. Çünki hakim təbəqə seçkilərdə təhlükə duysa, addım atmaya da bilər. Amma az ehtimal edirəm bu gedişatı".

27 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq isə davam edir. Seçki Məcəlləsinin tələbinə əsasən 2019-cu il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə seçici siyahısının dəqiqləşdirilməsi həyata keçirilir. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, siyahıların yüksək səviyyədə dəqiqləşdirilməsi üçün bu genişmiqyaslı işə respublikadakı bütün aşağı seçki komissiyalarının otuz mindən artıq üzvü cəlb olunub və dəqiqləşdirmə prosesində həm Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin müvafiq orqanları, həm də yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq edilir. Qanunvericiliyə uyğun olaraq, vahid seçici siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılıb. Məntəqə seçki komissiyalarının üzvləri yerli icra orqanları və bələdiyyə qurumları tərəfindən təqdim edilən məlumatlar əsasında öz məntəqələrinin seçici siyahısını dəqiqləşdirərək, məntəqələr üzrə tərtib olunan seçici siyahılarını müvafiq dairə seçki komissiyalarına təqdim ediblər.

Mərkəzi Seçki Komissiyası da öz növbəsində vahid seçici siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcək. Bu prosesə ən geci may ayının sonuna qədər yekun vurulması və ölkə üzrə yenidən tərtib olunan vahid seçici siyahısının Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdirilməsi nəzərdə tutulur.

27 dekabra-bələdiyyə seçkilərinə hələ xeyli vaxt qaldığını nəzərə alsaq, seçici siyahılarının indidən hazırlanması növbədənkənar parlament seçkilərinin nə zaman keçiriləcəyi barədə son zamanlar yayılan xəbərləri yada salır. Seçici siyahılarının hazırlanması prosesinə isə ən geci may ayının sonuna qədər yekun vurulacağı bildirilir. Bu məqama diqqət çəkən siyasi ekspertlər hesab edir ki, seçici siyahılarının indidən tərtib olunması və prosesin ən geci may ayında yekunlaşmasının nəzərdə tutulması növbədənkənar parlament seçkilərinin yayda keçiriləcəyi ehtimalını da yaradır.

Geri qayıt