Əsas Səhifə > Partiya, Güney Press > “Emin Millinin üzrünü alqışlayıram, vətənə gəlmək istəyirsə, buyursun”

“Emin Millinin üzrünü alqışlayıram, vətənə gəlmək istəyirsə, buyursun”


14-05-2019, 08:44
“Emin Millinin üzrünü alqışlayıram, vətənə gəlmək istəyirsə, buyursun”
“Meydan TV”nin keçmiş rəhbəri Emin Milli çoxlarını təəccübləndirir. Onun ardıcıl olaraq səsləndirdiyi fikirlər, sərgilədiyi mövqe bir anlaşılmazlıq yaradıb. Axı bununla Emin Milli nə demək istəyir?

Görəsən, onun yazdıqları imitasiyadır, yoxsa səmimiyyətdən irəli gəlir? Bu sürətlə siyasi iqtidara münasibətini dəyişməyin səbəbi nədir, nə baş verir?

Suallar çoxdur, Emin Milli isə mövqeyindəki dəyişikliyin arxasında gizlənən səbəblərə aydınlıq gətirmir.

Sitat: “İlham Əliyevdən də, Əli Kərimlidən də, hökumətdə, müxalifətdə olan müxtəlif insanlardan da həyatımın müxtəlif anlarında nifrət ifadə etdiyimə görə üzr istəyirəm” .

Emin yazır ki, tənqidin içində nifrət olanda bu, qurucu yox, dağıdıcı rol oynayır: “Ədalət naminə nifrət belə çox təhlükəli ola bilər. Ölkəmizdə o qədər nifrət var, o qədər etibarsızlıq var ki, mən artıq bu nifrətin içində boğuluram. Hamımız boğuluruq, amma çıxış yolu tapa bilmirik”.

Emin Milli qeyd edib ki, hakimiyyət yalnız islahatlara getsə bizi də, özünü də xilas edə biləcək: “Müxalifət isə heç nəyə baxmayaraq nifrətə qalib gələ bilsə, bu xalqı bir neçə addım irəliyə apara biləcək. Mən inanıram ki, biz hamımız birlikdə Azərbaycanın yeni hekayəsini qura bilərik. Gəlin buna cəhd edək. Birlikdə”.

İqtidaryönlü deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycandan xaricə gedənlər olub: “Bu onların hüququdur. Amma bəziləri gedən kimi Azərbaycana müharibə elan edirlər, yalnız mənfiləri qabardırlar, qərəzli danışırlar. Sanki azərbaycanlı deyillər.

Gedənlərdən biri də Emin Milli idi və bu gün o, dərk edirsə hara getsə belə Azərbaycan onun vətənidir, bunun özü gözəl hadisədir".

Deputat hesab edir ki, nöqsanları demək olar: “Hakimiyyət həmişə müxalifətə fəaliyyət imkanı verib. İqtidara qarşı çıxmaq da olar, ancaq dövlətə, milli maraqlara zidd hərəkət etmək olmaz. Emin Milli Vətənə gəlmək istəyirsə, buyurub gəlib yaşasın. Heç kəs müxalifətçiliyinə görə cəzalandırılmır. Kim qanunu pozursa, onun barəsində tədbir görülür. Ona görə də Emin Millinin üzrünü alqışlayıram. Kimlər Azərbaycanı qaralamağı özünə çörək ağacı seçibsə, səhvə yol verirlər. Başqaları da Emin Millinin hərəkətindən nümunə götürməlidir”.

İsveçrədə yaşayan yazıçı Əli Əkbərin fikrincə, E.Millinin bütün çıxışları yazıları kimi emosionaldır. Onun sözlərinə görə, Emin üzr istəyəcək bir iş də görməyib: “Əgər şəxsi anlamda təhqir olmayıbsa, burada üzr üçün səbəb görmürəm. Emin son dərəcə alicənabdır, kimisə təhqir edəcəyini də düşünmürəm. O baxımdan üzrü məcazi mənada başa düşmək lazımdır. Sanki onun peşmançılığının ifadəsidir...”

Ə.Əkbər hesab edir ki, E.Milli strateji və taktiki xətalara yol vermiş adamdır: “Amma səmimi olub, təmiz işləyib.

QHT mafiyasının ona nifrət etməsinin səbəbi də təmiz işləməsi, pul silməməsi, maliyyə fırıldağı etməməsidir.

“Meydan TV” açılanda da qaragüruhlar ona hücum edirdi, Eminin gördüyü işə istehza, təhqir, ələsalma varıydı. Ancaq belələrinin bəxti də var, Emin həmin adamlarla işləməyə başladı. Təəssüf ki, onunla birgə olmaq istəyən, Eminə gülməyən bizi rədd elədi.

Nəticədə Eminin “Meydan TV”si bir qaragüruh mediası oldu. Nəticədə bu gün peşmandır. Axı plan elə deyildi. Orada 1-2 publisistin yazısı xaric, ümumi xətt barışmaz, qaragüruh müxalifətdir. “Meydan TV”də başqa nə var ki?" Ə.Əkbər deyir ki, onu başa salmağın da artıq yeri yoxdur: “Emin sanki deyir - icazə verin bataqlığa gedim. O, bir sürü səhvlərlə dolu adamdır. Ümid edirəm ki, bir gün ağıllanar. Təkcə axmaqlar və ölülərin fikirləri dəyişmir. Onun fikirlərinin dəyişməsində faciə yoxdur.

Sadəcə, Emin o deyil, proqnozlaşdırılmayan adamdır. Biz onu çox istəyirik. Sabah fərqli mövqedən yaza bilər və təəccüblənmərəm, çünki stabil adam deyil. Bundan başqa, təkəbbürlüdür, ambisiyaları var. Liderlik ambisiyalarının olması gözəldir, normaldır. Amma Emindəki patolojidir, bu da bizim onunla işləməyimizi qeyri-mümkün edir. Və bütün bunlara baxmayaraq, son günlər onun sərgilədiyi mövqeni mən və dostları dəstəkləyirik".

“Emin Millinin üzr istəməsini müsbət qiymətləndirmək lazımdır. Əgər o, hadisələrə adekvat qiymət verərək, dövlətçilik mövqeyindən çıxış edərək prezident İlham Əliyevdən üzr istəyirsə, bu, çox yaxşı haldır, düzgün addımdır”.

Bunu isə report-a deputat Nəsib Məhəməliyev deyib. O qeyd edib ki, Azərbaycanda milli birliyin olması çox vacibdir: “Söyüş ritorikasından, qarşıdurmadan əl çəkmək lazımdır. Bu, kiməsə xeyir gətirə bilməz, cəmiyyət böhtandan, şərdən bezib. Arzu edərdik ki, hər kəs konstitusiyaya uyğun olaraq, sivil mübarizə metodlarından istifadə etsin. Emin Milli vəziyyəti düzgün qiymətləndirərək belə bir addım atıb, səhvlərini başa düşüb, etiraf edib. Arzu edərdik, digərləri də səhvlərini başa düşsünlər, Azərbaycanı dünyada biabır etməsinlər, müsbət işləri təbliğ etsinlər. Bu cür addımları xalq, dövlət qarşısında müsbət qiymətləndirirlər.

İnanıram ki, Emin Millinin bu addımı gələcəkdə digərləri üçün də president olacaq. Vaxtilə radikal mövqedə olan insanlar olub, onlar artıq düzgün olaraq konstruktiv mövqe sərgiləyirlər. Yəni bu, ilk belə hal deyil".
“Yeni Müsavat”

Geri qayıt