Əsas Səhifə > Partiya, Güney Press > “Final oyunu ərəfəsində Azərbaycana ləkə atmaq istəyən qüvvələr var, şou düzəldirlər”
“Final oyunu ərəfəsində Azərbaycana ləkə atmaq istəyən qüvvələr var, şou düzəldirlər”23-05-2019, 08:40 |
“Ümumiyyətlə, nə Fəvvarələr meydanı, nə İstiqlal abidəsinin ətrafı, bütövlükdə şəhərin mərkəzinin bağlanmasından, vətəndaşların sərbəst hərəkətinin məhdudlaşdırılmasından söhbət gedə bilməz. Biz bir daha bildiririk ki, bu haqda heç bir qərar yoxdur. Axı necə ola bilər ki, Bakı sakini öz ailəsi ilə gəzməyə çıxır, sən onu ”Torqovı"ya girməyə qoymayasan? Sadəcə, bu məlumatlar sosial şəbəkələrin təxribatıdır, inanmayın". Bu sözləri “Yeni Müsavat”a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov mayın 25-dən 31-dək Bakının “Torqovı” adlanan mərkəzi meydanının, yəni Nizami küçəsinin Avroliqa finalı ilə əlaqədar vətəndaşların üzünə bağlanacağı barədə yayılan məlumatlara münasibət bildirərkən dedi. BŞİH sözçüsü qeyd etdi ki, mayın 28-i və 29-u günlərində bayram əhval-ruhiyyəsi olacaq: “Həm Respublika Günü, həm idman yarışı ilə əlaqədar şəhərdə fərqli bayram ovqatı yaşanacaq. Hətta şəhərə gələcək ingilis qonaqlara onların nağıl qəhrəmanları Şerlok Holms və s. barədə maraqlı sərgilər nümayiş etdiriləcək, parklarda, meydanlarda bayram tədbirləri keçiriləcək. Biz respublikamızın qonaqpərvərliyini, ölkəmizdəki əmin-amanlığını turistlərə göstərməliyik. Qoy gəlsinlər, ölkəmizi görsünlər. Bakıda ilk dəfə yarışlar keçirilmir, hər zaman mötəbər tədbirlər paytaxtımızda yüksək səviyyədə təşkil olunub. Eyni zamanda kim özünü Azərbaycan vətəndaşı hesab edirsə, o da gələn xaricilərə qonaqpərvərliyimizi nümayiş etdirməlidir. Ona görə də heç bir qadağa, şəhərin mərkəzinin bağlanması söhbəti ola bilməz". Deputat Aqil Abbas da bildirdi ki, bu, insanları əsəbiləşdirmək üçün ortaya atılıb: “Daxili İşlər Nazirliyi təkzib edib ki, belə söhbət yoxdur. Bunu haradan çıxarıblar? Necə mərkəzə getmək olmaz? Hasar çəkəcəklər, qapı qoyacaqlar, yoxsa pasportlarını yoxlayıb buraxacaqlar? Bir hoqqa atırlar ortaya, şou düzəldirlər”. Deputatın sözlərinə görə, final oyunu ərəfəsində Azərbaycana ləkə atmaq istəyən qüvvələr var: “Mxitaryana kim qadağa qoymuşdu? Özündən bir şou düzəltdi. Məqsəd Azərbaycana təzyiq etməkdir. Bu, ingilis həyasızlığıdır. Azərbaycan tolerant ölkə kimi tanınır. Bundan əvvəl də İslam oyunları, Avropa Oyunları, ”Eurovision" ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyaları aparılıb". Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov qeyd edib ki, bu barədə hər hansı açıqlama yaymayıblar: “Biz belə bir məzmunda açıqlama yaymamışıq, bunu bizdən niyə soruşursunuz ki? Nə məhdudiyyət? Belə məlumat yaymamışıq”. Jurnalist Eynulla Fətullayev də müəllif yazısında məsələyə toxunub və qeyd edib ki, hansı özünə hörmət edən hakimiyyət belə addım atar: “Bu cür boş yalana diqqət yetirməyə dəyərdimi? Ələlxüsus da prezident vəzifəsini tutmağa iddialı olan siyasətçiyə?! Lakin yeni xalq başçısı obrazında İlqar Məmmədov dərhal hakimiyyətin qərarını pisləyir və qəzəblə UEFA-ya hücuma keçir. Sən demə, özünün daha çox futbolu xatırladan REAL adlı marginal təşkilatı ilə İlqar Məmmədov yalan xəbərin yayılmasına bir gün qalmış Birinci respublikanın qurucularının memorialına doğru narazıların yürüşünün təşkili barədə tarixi qərar qəbul edibmiş. Tarixlər belə düşüb ki, oyuna bir gün qalmış Birinci respublikanın elan olunmasının 101 ili tamam olacaq. Və budur, Bakı Realı öz oyununu oynamaq qərarına gəlib. Sanki hakimiyyət bir ovuc marginalın yürüşündən ehtiyat edərək, mərkəzi prospekti bağlamaq qərarı verib”. E.Fətullayev ardınca yazır: “İlqar Məmmədov nə edir?! O da Mxitaryan və onun tərəfdarları kimi bütün Bakının və Azərbaycanın bayramını pozmağa, Kiçik Qafqaz ölkəsi üçün bu cür əhəmiyyətli hadisəni korlamağa cəhd edir və öz hakimiyyətini əsassız günahlandırır. Halbuki hakimiyyət siyasəti idmana qatmırsa da, Avropa Oyunları və digər nüfuzlu beynəlxalq hadisələr ərəfəsində müxalifət ən kiçik imkandan və hətta səhvdən yararlanmağa çalışır ki, təki aranı qarışdırsın və murdarlıq etsin”. Xatırladaq ki, final oyununa tamaşa etmək üçün xarici dövlətlərdən paytaxta gələcək çoxsaylı qonaqların, azarkeşlərin və rəsmi şəxslərin nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təşkil olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi əlaqəli qurumlarla birlikdə zəruri tədbirlər həyata keçirir. Bu barədə qurumun mətbuat xidmətindən bildirilib. Nəqliyyatın sıxlığının azaldılması, habelə avtomobillərin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlarımıza mayın 27-dən 30-dək olan müddətdə ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslardan istifadə etməyi tövsiyə edirik. Sumqayıt sakinləri isə avtobuslarla yanaşı, Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə edə bilərlər. Şəhərin giriş hissələrində lazımi şəraitlə təchiz olunmuş və mühafizə olunan ödənişsiz duracaqlar fəaliyyət göstərir. Bundan əlavə, final oyunu ilə əlaqədar azarkeşlərin bir çoxunun Gürcüstana səfər edərək oradan Bakıya gəlməsi ehtimalının böyük olduğunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Tiflisdən Bakıya və əks istiqamətdə gedən müntəzəm marşrut xətləri üzrə avtobusların artırılmasına dair müvafiq daşıyıcılara tapşırıq verib. Məlumata görə, həmin azarkeşlərə yüksək səviyyədə xidmət göstərilməsi məqsədilə 27-31 may tarixlərində mövcud Bakı-Tiflis-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxılacaq. 27-31 may tarixlərində regionlarımızdan Bakıya gələcək və ölkənin turistik məkanlarına istirahət üçün üz tutacaq azarkeşlərin Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax şəhərlərinə rahat gediş-gəlişi üçün ümumilikdə əlavə olaraq 100 avtobus xəttə buraxılacaq. Mayın 29-da keçiriləcək “Arsenal” - “Çelsi” finalı saat 23:00-da baş tutacaq. “Yeni Müsavat” Geri qayıt |