Əsas Səhifə > Partiya, Güney Press > "Onun fəaliyyəti anti-Azərbaycan mövqeyini birmənalı şəkildə özündə ifadə edir"

"Onun fəaliyyəti anti-Azərbaycan mövqeyini birmənalı şəkildə özündə ifadə edir"


25-05-2019, 08:57
"Onun fəaliyyəti anti-Azərbaycan mövqeyini birmənalı şəkildə özündə ifadə edir"
Araşdırmaçı jurnalist Xədicə İsmayılın polkovnik-leytenant Ramil Səfərov barədə paylaşdığı status hiddət doğurub. O, 2004-cü ildə Macarıstanda Azərbaycan bayrağını təhqir etdiyi üçün erməni zabiti Qurqen Markaryanı öldürən Ramil Səfərovun biabırçı cinayət törətdiyini bildirib.

X.İsmayıl sərt şəkildə tənqid olunur, qınanır. Sosial şəbəkələrdə saysız-hesabsız statuslar paylaşılır. Hətta X.İsmayıla etiraz edərək, onu dostluqlarından çıxaran istifadəçilərə də rast gəlirik. Statusa diqqət edəndə jurnalistin ermənilərdən fərqlənməyən mövqeyinin şahidi oluruq. Burada əsas diqqətləri isə “xədicəşünaslar” çəkir. Belə ki, aylar öncə Milli Qəhrəman Mübariz İbrahimov haqqında yazdığı statusa görə haqlı olaraq linç edilən Nərmin Şahmarzadə haqqında mövqe bildirənlərin bəziləri indi susurlar.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında sərt mövqe sərgilədi: “Xədicə İsmayılovanın mövqeyi hər kəsə bəllidir. Onun fəaliyyəti anti-Azərbaycan mövqeyini birmənalı şəkildə özündə ifadə edir. Azərbaycan dövlətinin, xalqının, maraqlarının üzərinə getmək onun fəaliyyətinin başlıca prinsipidir. Bu fəaliyyət prinsipinə görə anti-Azərbaycan qüvvələrin içərisində yer alıb. Bunlar Ermənistanın xüsusi xidmət orqanları tərəfindən ələ alınan, erməni diasporasının maliyyəsi hesabına həyatlarını yüksək səviyyədə quran şarlatanlardır. Bu cür adamlar insan deyillər, onlar iblisdirlər. Necə ola bilər ki, Azərbaycanın 20% torpağını işğal edən, Xocalı soyqırımı kimi dəhşətli faciəni törədən ermənilərin yanında yer alaraq, Ramil Səfərovun üzərinə gedəsən?

Fəzail Ağamalı: “Bu cür adamlar, bir sözlə, insan deyillər”

Ramil Səfərov o insandır ki, Cəbrayıldandır, onun nəslindən onlarla insan qırılıb, gözünün qarşısında bu faciələr baş verib, onun bu hadisələr qan yaddaşına yazılıb, uşaq vaxtından psixoloji travma alıb. Əgər biri Azərbaycanın dəyərlərini təhqir edirsə, onun bayrağına həqarətlə yanaşırsa, xalqımızı təhqir edib, onu min cür şərəfsiz sözlərlə aşağılamağa çalışırsa, orada Ramil Səfərov deyil, damarından azərbaycanlı qanı axan istənilən vətənpərvər adam özünü başqa cür apara bilməzdi. Ramil Səfərovu nə üçün bu həddə çatdırıblar? Səbəbləri bilmədən nəticələr üzərində bu cür yaramaz, şərəfsiz sözlər işlətmək faktiki olaraq Xədicə İsmayılovanın mahiyyətini, onun dünyagörüşünü, iç dünyasını nümayiş etdirir. O, psixoloji cəhətdən erməniləşmiş bir insandır. Onun Azərbaycana heç bir bağlılığı yoxdur. O, yaxşı olardı ki, Xədicə adını saxlayıb, familyasını Akopyan etsin. O, Azərbaycan cəmiyyətinin ciddi qınağına məruz qalmalıdır. Xədicə İsmayılova səviyyəsinə uyğun olan sözlərlə hədəfə alınmalıdır”.

Deputat prezident İlham Əliyevin Ramil Səfərovu əfv etməsindən də söz açdı: “Ölkə prezidenti hər zaman olduğu kimi, Ramil Səfərovun məsələsində də öz vətəndaşına sahib çıxmaq kimi yüksək keyfiyyətlərini nümayiş etdirdi. Onun Macarıstandan Azərbaycana gətirilməsini və prezidentimizin fərmanı ilə əfv olunmasını hər kəs yaxşı xatırlayır ki, Ermənistanda çox dərin və psixoloji böhran yaratmışdı. Onlara bu baxımdan çox ciddi zərbə vuruldu. Ermənilər sarsıntı içərisində nə edəcəklərini bilmədilər. Bu, İlham Əliyevin vətəndaşına, hərbçilərimizə vermiş olduğu dəyər idi. Bunu Xədicə İsmayılova kimilər başa düşmək gücündə və imkanında deyil”.

Əlövsət Allahverdiyev: “Hadisəni biabırçı cinayət kimi qələmə verməyin özü bir rüsvayçılıqdır”

Hüquqşünas Əlövsət Allahverdiyev: “Aydın məsələ idi ki, Ramil Səfərov cinayət törətmişdi. Onun hərəkətinin cinayət olmadığını heç zaman Azərbaycan tərəfdə kimsə inkar etməyib. Amma burada söhbət tamam başqa məsələdən gedir. Ramil Səfərovu heç bir halda qınamaq olmaz. Onun yaşadığı acıları kim yaşasa, bəlkə də ondan sərt addımlar atardı. Ramil Səfərov erməni vəhşiliyini yaşamış bir adamdır. Digər tərəfdən, burada psixoloji məqamlar var. Məsələ bundadır ki, Ramil Səfərovu o cinayəti törətməyə təhrik ediblər. Azərbaycanın atributlarını təhqir etməklə, ölkəmizə qarşı aqressiv formada fikirlər bildirməklə Ramil Səfərovu belə hadisə törətməyə məcbur ediblər. Psixoloji durumu pozularaq o hadisəni törətmişdi. İndiki məqamda biz tərəfdən hadisəni biabırçı cinayət kimi qələmə verməyin özü bir rüsvayçılıqdır. Bu, düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Erməni sənin körpəni öldürür, insanlarına işgəncə verir, sən isə erməni hərbçisinin öldürülməsini biabırçılıq sanırsan. Bu fikirləri səsləndirəni şiddətlə qınayıram. Belə yollarla düşmənlərin əllərinə imkan veririk ki, məsələni yenidən gündəmə gətirsinlər. Ramil Səfərova verilən ömürlük cəza cinayətin xarakteri ilə uyğunluq təşkil etmirdi. Onun ölkəmizə gətirilib azad edilməsi ciddi uğur idi. Ən azından erməni vəhşiliyinin qurbanı olanların qəlbləri bir az sakitləşdi”.

Elxan Şahinoğlu: “Kimin dəyirmanına su tökürük?”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da sosial şəbəkədə məsələyə münasibət bildirib: “Ramil Səfərovun müzakirəsinin yeridir? Kimin dəyirmanına su tökürük? Ermənilərə elə bu lazımdır ki, biz Ramil Səfərovun keçmiş əməlini müzakirə edək. Ramil Səfərov olaya adekvat reaksiya verərək bayrağımızı və dövlətimizi aşağıladığına görə erməni zabiti cəzalandırıb və etdiyi əmələ görə uzun müddət həbsdə yatıb. O, öz həyatını yaşayır və vətənə xidmətini davam etdirir. Sakit buraxın zabitimizi”.
“Yeni Müsavat”

Geri qayıt