Əsas Səhifə > Partiya, Güney Press > AXH-də İsgəndər Həmidovun yerinə başqa şəxs dönəm sədri seçildi

AXH-də İsgəndər Həmidovun yerinə başqa şəxs dönəm sədri seçildi


30-05-2019, 09:34
AXH-də İsgəndər Həmidovun yerinə başqa şəxs dönəm sədri seçildi
Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin üzvü, sabiq daxili işlər naziri İsgəndər Həmidov mayın 26-da İstanbulda ürəyindən əməliyyat olunub. Sabiq nazirin qardaş ölkəyə gedişindən 10 gün keçir. Gedişindən indiyə qədər onunla əlaqə saxlamaq mümkün olmayıb. Maraqlıdır ki, İsgəndər Həmidovun konkret hansı klinikada müalicə və əməliyyat olunduğu barədə də heç bir informasiya verilmir. İsgəndər Həmidovun əməliyyat olunması onun ölkəni AXH üzvlərinə qarşı başlayan həbslərə görə tərk etdiyi barədə yayılan fikirlərin isə əsaslı olmadığını təsdiqləmiş oldu.

AXH-nin yeni dönəm sədri Ağasif Şakiroğlu “Yeni Müsavat”a bildirdi ki, İ.Həmidovun müalicəni bitirib vətənə dönüş tarixini müəyyən etmək mümkün deyil: “Bu nə bizim, nə də özünün istəyi ilə bağlı məsələ deyil. Bu məsələdə həkimlərdən çox şey asılıdır. Nə zaman həkimlər artıq müayinə və müalicənin bitdiyini desələr, o zaman da geri dönəcək. Həkimlərlə etdiyim telefon söhbətlərindən mən belə başa düşdüm ki, müayinə və müalicə əməliyyatdan sonra mütləqdir və minimum daha 40-45 gün həkim nəzarətində qalmalıdır. Mütəmadi olaraq İsgəndər bəylə maraqlanıram. O, hazırda Türkiyənin İstanbul şəhərindədir. Müayinə olunaraq mayın 26-da əməliyyat olunub. Səhhəti qənaətbəxşdir. Həkimlər sağlığı üçün artıq təhlükə olmadığını bildirirlər. Türkiyəyə ilk getdiyi gün və ondan sonra da danışığımız olub. AXH-yə qarşı başlanan təzyiqlərdən sarsıntı keçirmişdi. Müalicəsini yarımçıq qoyub geri dönmək istəyirdi. Qarşısını zorla ala bildik. Proseslər barədə narahatlığını ifadə etdi. Əməliyyata hazırlaşdığı vaxt bu ona çox pis təsir etmişdi”.

A.Şakiroğlu onu da məlumat verdi ki, AXH-nin dönəm sədri dəyişib: “25 mayda Fuad Əliyevin ABŞ-a səfərə getməsi səbəbindən onun dönəm sədrliyinə 5 gün tez son verildi və yaranmış mürəkkəb şəraitlə bağlı İdarə Heyəti ümumi razılaşma ilə yeni dönəm sədri seçdi. Yeni dönəm sədri 25 may-1 iyul aralığı üçün müəyyən edildi və bəndəniz dönəm sədri olaraq fəaliyyətə başladı. Əslində əlifba sırası ilə dönəm sədri olmaq növbəsi İsgəndər Həmidovda idi. Lakin onun ölkədə olmaması, səhhətindəki problemlər dönəm sədri olaraq fəaliyyətinə imkan vermirdi. Bu səbəbdən onun özünün də etimadı və razılığı ilə, İdarə Heyətinin digər üzvlərinə verdiyi tövsiyə əsasında yeni dönəm sədri olaraq fəaliyyətə başladım. AXH fəaliyyətini davam etdirir. İclaslar mütəmadi olaraq keçirilir. Hətta ötən həftə AXH rəhbərliyinin 2 toplantısı oldu. Biri ənənəvi İdarə Heyətinin toplantısı, digəri isə AXH İdarə Heyətinin növbədənkənar toplantısı idi. Hər həftənin ilk günü AXH İdarə Heyətinin toplantıları olur”.

A.Şakiroğlu qeyd etdi ki, AXH-nin İdarə Heyətinin üzvü, keçmiş dönəm sədri Fuad Əliyev ABŞ Dövlət Departamentinin dəvəti ilə ABŞ-a rəsmi səfərə gedib və iyun ayında geri dönəcək: “Səfər çərçivəsində bir sıra beynəlxalq görüşlər keçirməsi nəzərdə tutulub və döndükdən sonra mediaya özü bu səfərin detalları ilə bağlı açıqlama verəcək”.

Digər müxalifət partiyalarının sədrləri isə “keçmiş olsun” demək üçün İsgəndər Həmidovla şəxsən əlaqə saxlaya bilməyiblər.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, İsgəndər Həmidovun şəxsən özü ilə əlaqə saxlaya bilməyib. Amma yaxınları ilə əlaqə saxlayıb onunla maraqlanıb: “Mənim məlumatıma görə, hazırda İsgəndər Həmidov Türkiyədə müalicə alır”.

VİP sədri Əli Əliyev bildirdi ki, İsgəndər Həmidov xaricə getdiyi üçün onunla əlaqə saxlamaq haqqında düşünməyib: “Sizin qəzetiniz vasitəsilə keçmiş olsun deyirəm, şəfa diləyirəm. Yastığı yüngül olsun”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, artıq xeyli müddətdir İsgəndər Həmidovla əlaqəsi yoxdur: “Müalicəyə getdiyi deyildiyi zamandan bu yana isə ümumiyyətlə, əlaqə saxlamaq mümkün deyil. İsgəndər bəy barədə səhih və operativ məlumat almaq imkanlarım məhduddur.

Ancaq istənilən halda buradan sizin vasitənizlə keçmiş olsun deyir, uca Allahdan şəfa diləyirəm. Ümid edirəm ki, İsgəndər Həmidov müalicəsini tezliklə bitirib, vətəninə, ailəsinə qovuşar. Mən hər zaman bəyan etmişəm və bir daha bəyan edirəm ki, biz siyasi münasibətlərin şəxsi, insani münasibətlərə sirayət etməsinin tərəfdarı deyilik. Siyasi rəqabət bizləri bir-birimizə rəqib etməkdir, düşmən yox. Siyasi ritorikanı və münasibətləri sivilləşdirmək lazımdır".

Geri qayıt