Əsas Səhifə > Partiya, Güney Press > "Təşəbbüsü süni şəkildə ələ almaq cəhdləri cəmiyyətdə yavaş-yavaş başlanan aktivləşməni həmişə öldürür"
"Təşəbbüsü süni şəkildə ələ almaq cəhdləri cəmiyyətdə yavaş-yavaş başlanan aktivləşməni həmişə öldürür"5-06-2019, 09:41 |
Azərbaycan müxalifətinin ötən ilin son ayından başlanan və bu ilin ilk aylarında yüksələn aktivliyi son bir-iki aydır müşahidə olunmur. Hazırda müşahidə olunan müxalifət düşərgəsinin 5-6 aylıq fəaliyyəti sıfırlayıb yenidən formatlanma etməsi zərurətinin meydana çıxmasıdır. Söhbət etdiyimiz müxalif partiya sədrlərinin dediklərindən də bu qənaətə gəldik ki, müxalifətin yenidən formatlanması gözlənilir və buna ehtiyac yaranıb. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn öncə bildirdi ki, AMİP, Böyük Azərbaycan Partiyası və AXP-nin rəhbərliyinin son təşəbbüsünün hansısa blok yaratmaq, yaxud yeni müxalifət formatı kimi təqdim olunması doğru deyil: “Çünki belə bir məqsəd yoxdur. Bu, sadəcə olaraq, Azərbaycan siyasi proseslərinin əsas subyekti olan siyasi partiyalar formatında ölkədə hazırda müzakirə olunan siyasi islahatlar məsələsinin müzakirəsinə nail olmaq və əgər mümkün olarsa, müəyyən təkliflərlə cəmiyyət qarşısında, hakimiyyət qarşısında təkliflərlə çıxış eləmək məqsədi güdür. Hələlik ortada konkret seçki məsələsi ilə bağlı ciddi hərəkətlənmə görünmür. Bunun da səbəbi aydındır. Çünki ümumiyyətlə, indiki siyasi şəraitdə seçkilərdə iştirak məsələsi bir müzakirə predmetidir. Müxalifətdə, onun elektoral bazası içərisində belə bir diskussiyalar gedir. O fikir də var ki, indiki seçki şəraiti, onun siyasi aspektləri dəyişməsə, seçkilərdə iştirak eləməyin özü mümkünsüzdür. Mən tərəfdarıyam ki, seçkilərdə konkret halda, konkret müddətdə iştirak haqqında qərar verilib-verilməməsindən asılı olmayaraq, daim seçkilərə hazırlanmaq lazımdır. Əvvəla, bu siyasi fəallıqdır, siyasi fəallıq da proseslərin getməsi üçün həlledici şərtdir. İkincisi, ”seytnot" vəziyyətində qalmaq olmaz. Nəzərə alaq ki, əgər növbədənkənar parlament seçkiləri olmayacaqsa, seçkiyə təxminən bir il vaxt qalır. Ona görə də seçkilərə hazırlaşmağa başlamaq lazımdır. Əslində bu məsələ artıq gecikir. Müəyyən ideyalar, fikirlər var. Partiya rəhbərləri arasında görüşlər gedir. Dünən Fazil Mustafa ilə görüş olub. Fərəc Quliyevlə, Qüdrət Həsənquliyevlə görüşümüz planlaşdırılıb, YAP-ın rəhbərliyi ilə təmaslar olub. Amma hələlik bu istiqamətdə hansısa qərarlardan, razılaşmalardan danışmaq olmaz. Siyasi islahatlar mövzusunun birgə müzakirəsinin keçirilməsi üçün birgə tədbirin hazırlanması ilə bağlı danışıqlar aparılır. Siyasi partiyaların rəyləri dinlənilir, deyilir ki, əgər təkliflər varsa, ortalığa qoyulsun, əgər tədbir olacaqsa, gəlib öz mövqelərini ifadə eləsinlər. Yəni aparılan görüşlər məsləhətləşmə xarakterlidir. Aparılan bu cür görüşlər hansısa yeni formatlanma kimi başa düşülməməlidir". Bununla belə, Pənah Hüseyn qeyd elədi ki, yenidən formatlanma istiqamətində yaxın vaxtlarda addımlar atılacaq: “Məsələn, Xalq Partiyasının Siyasi Şurasında ”Xalq" seçki bloku yaradılması haqqında müzakirələr gedib. Təkcə müxalifət daxilində deyil, ölkə rəhbərliyi səviyyəsində siyasi islahatların anonsu verilib. Bunun reallaşıb-reallaşmaması məsələsi yaxın dövrlərdən etibarən görünəcək. Bütövlükdə ölkədə ictimai-siyasi proseslərin səviyyəsinin yüksəlməsini müşahidə edirik. Hesab edirəm ki, bunun daxili səbəbləri, həm də regional, qlobal xarakterli səbəbləri var. Bir qanunauyğunluq şəklində proseslər gedir və özünün məntiqi nəticəsini tapacaq". ADP sədri Sərdar Cəlaloğlu da bildirdi ki, müşahidə olunan indiki proseslər müxalifətin yenidən formatlanması hesab edilməməlidir, lakin formatlanmaya ehtiyac var: “Beş-altı ay öncə ölkədə müxalifətin özündən asılı olmayaraq bir siyasi aktivlik meydana gəldi. Sonra müxalifət aktivləşdi və müxalifətin aktivləşməsi uğursuzluğa gətirib çıxardı. Yəni müxalifətin 5-6 aylıq fəaliyyəti sonda sıfırla nəticələndi. Bunun da səbəbi odur ki, bəzi siyasi qüvvələr ictimai-siyasi hadisələrin təbii qanunauyğunluqlarına fikir vermirlər. Təşkilatlanma mərhələsi çatmamış təşkilatlanmağa cəhd edirlər, mitinq mərhələsi gəlməmiş mitinq keçirirlər. Bu cür yanlışlıqlar sonda uğursuzluğa gətirib çıxarır. Cəmiyyətin özündə alt layda qızışma gedir, amma bəzi müxalif qüvvələr fürsətcillik edib prosesləri vaxtından əvvəl qızışdırmağa çalışırlar. Bu isə prosesə zərbə vurur. Təşəbbüsü süni şəkildə ələ almaq cəhdləri cəmiyyətdə yavaş-yavaş başlanan aktivləşməni həmişə öldürür. Yeni blokların yaranması məsələsinə gəldikdə, yeni birlik və blokların yaranması təbiidir. Bunu yenidən formatlanma saymıram. Siyasi situasiya dəyişdikcə, müxalifət də yenidən formatlanmalıdır. Başqa cür ola da bilməz. Hər dövrün şərtlərinin özünün diktə etdiyi tələblər var. Bu tələblərə cavab verilməlidir. Yeni şərtlərə uyğun gələn bloklaşma olmalıdır”. “Yeni Müsavat” Geri qayıt |