Əsas Səhifə > Partiya, Güney Press > "Həm Milli Məclisdə, həm də meydanda ağır günlərdə bir yerdə olmuşuq"

"Həm Milli Məclisdə, həm də meydanda ağır günlərdə bir yerdə olmuşuq"


6-06-2019, 09:34
"Həm Milli Məclisdə, həm də meydanda ağır günlərdə bir yerdə olmuşuq"
Dünən Xalq şairi Vaqif Səmədoğlunun doğum günü idi. V.Səmədoğlu 1939-cu il iyunun 5-də Xalq şairi Səməd Vurğunun ailəsində dünyaya gəlib. Çox təəssüflər olsun ki, o, 2015-ci il yanvarın 28-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bu münasibətlə V.Səmədoğlunun qələm dostlarının onun haqqında fikirlərini öyrənməyə çalışdıq.

Xalq şairi Sabir Rüstəmxanlı Moderator.az-a açıqlamasında yaxın dostu və həmkarı olan Vaqif Səmədoğlu haqda öz xoş xatirələrini bölüşüb:

“Vaqif ilk gənclik illərimizdən insan və dost kimi tanıdığım qələm sahiblərindən biridir. Mən hələ tələbə olanda onun ilk şeirləri çap olunmuşdu və universitetdə geniş müzakirə olunurdu. Şeirlərini bəyənənlər də, bəyənməyənlər də var idi, amma bəyənənlər daha çox idi. Gənclər arasında onun şeirlərinə çox ciddi bir maraq var idi. Mən dördüncü kursda oxuyanda “Azərbaycan ədəbiyyatında sərbəst şeir” adlı bir mövzu götürmüşdüm. Burda daha çox Vaqifin şeirlərini təhlil edirdim. O vaxt ədəbi rəydə tənqid olunan şeirlərinin poetik mənada nə qədər dəyərli əsərlər olduğunu müdafiə etmişdim. Bununla yanaşı, tələbə elmi konfransında da çıxış etmişdim.

Demək istəyirəm ki, Vaqifin ilk şeirlərindən onun yaradıcılığını izləmişəm. O, Azərbaycanın böyük şairlərindən biridir, Xalq şairidir. Səməd Vurğun ailəsində böyüsə də, ona ruhən bağlı olsa da, poetik yolu və üslubu ilə atasını təkrarlamayan, özü yolunu tapan bir şairdir. Biz uzun müddət “Yazıçı” nəşriyyatında incəsənət şöbəsində bir yerdə işləmişik. Sonra Milli Məclisdə bir yerdə millət vəkili olmuşuq, bir çox məsələlərin müzakirəsində bir mövqedən çıxış etmişik. Meydan hərəkatında başqa ziyalılardan və ziyalı övladlarından fərqli olaraq o, həmişə xalqın arasında olub. Bir sözlə o, uzun bir yol keçib. İndi haqq dünyasındadır və Vaqifi həmişə ən xoş duyğularla xatırlayıram. Maraqlıdır ki, eyni dərəcədə onun böyük qardaşı Yusif Səmədoğluyla yaxın münasibətlərimiz olub. Y.Səmədoğluyla da həm Milli Məclisdə, həm də meydanda ağır günlərdə bir yerdə olmuşuq. İkisi də son dərəcə dəyərli övladlardır və Səməd Vurğunun adına layiq insanlardır. Vaqif Səmədoğlu on səkkizinci əsrdə Qarabağda bir məktəb başladan M.P.Vaqifin davamçısı deyil, amma ona ruhən bağlı olan ikinci bir Vaqifdir”

Yazıçı Seyran Səxavət isə saytımıza açıqlamasında bildirdi ki, Vaqif Səmədoğlu elə bir şairdir ki, o, yazılarıyla özü haqqında nə varsa, hamısını deyib:

“Vaqif bizim elə sənətkarlarımızdandır ki, o, özü haqqında yazılarıyla nə varsa, hamısını deyib qurtarıb. Bununla bağlı nə tənqidçiyə, nə qələm yoldaşına, nə jurnalistə bir əl yeri qoymayıb ki, onun haqqında nəsə deyəsən. V.Səmədoğlunun bir misrası var deyir ki, “Sən qonduğun budaqda, saat neçədi, qumru?!” Bundan artıq biz nə deyə bilərik. Sadəcə biz onu yadımıza salırıq, xatırlayırıq, ruhu şad olsun deyirik”.

S.Səxavət bildirib ki, bir müddət sonra Vaqif Səmədoğlunun qardaşı Yusif Səmədoğlunun xatirəsinə həsr olunan kitabı çapdan çıxacaq:

““Kenquru” hekayəmi oxumusunuz və o mənim Yusif Səmədoğlu ilə qəbirüstü söhbətimdir. Bir müddət sonra Y.Səmədoğlunun xatirəsinə hörmət əlaməti olaraq həmin o “Kenquru” hekayəsi və “Qaçaqaç” romanımın içində Y.Səmədoğluyla bağlı böyük bir povest var. Həmin povest, “Kenquru” hekayəsi və bundan başqa özümün üç dənə əlavə yazım bir həftəyə “Kenquru” adlı kitabda çapdan çıxacaq. Bunu Y.Səmədoğluna həsr etmişəm və ona hədiyyəmdir. Yaşadığı vaxtda ona heç nə edə bilmədim, amma indi edirəm və bu da alınır”.

Geri qayıt