Əsas Səhifə > Partiya, Güney Press > "Onunla birbaşa əlaqəm yoxdur"
"Onunla birbaşa əlaqəm yoxdur"19-06-2019, 09:38 |
“İsgəndər Həmidov müalicəsi məqsədi ilə istirahət edir. Özünü əməliyyata hazırlayır. Onunla birbaşa əlaqəm yoxdur. Lakin bizim mətbuat xidmətinin rəhbəri Aslan Həmidli onunla danışa bilir. Aslan bəydən aldığım xəbərə görə, müalicə və əməliyyatdan sonra aktiv siyasi həyata qayıtmağa hazırlaşır”. Bu sözləri “Yeni Müsavat”a Azərbaycan Xalq Hərəkatının (AXH) dönəm sədri, Gələcək Azərbaycan Partiyasının (GAP) rəhbəri Ağasif Şakiroğlu sabiq daxili işlər naziri İsgəndər Həmidov barədə danışarkən bildirdi. Onun sözlərinə görə, İ.Həmidovun yoxluğu AXH-nin fəaliyyətinə heç bir problem yaratmayıb: “Hərəkatın İdarə Heyətinin 26 üzvü varıydı, onlardan 5-i uzaqlaşıb, biri isə İsgəndər bəydir. İyunun 17-də keçirilən toplantımıza 20 nəfər idarə heyəti üzvündən 18-i qatılmışdı. Yəni bu onu göstərir ki, hərəkat bir şəxsin üzərində fokuslanmayıb. Burada müxtəliflik var, rəngarənglikdir, fərqli qütblər toplaşıb. Mübarizə şəxslər yox, ideya ətrafında aparılmalıdır. Ona görə Ağasif Şakiroğlunun və ya başqasının yoxluğu inanmıram ki, AXH-ni sarsıda bilsin”. A.Şakiroğlu AXH-də təşkilatlanma getdiyini qeyd etdi: “Qərargah problemi də artıq həll olunub. Növbəti həftə yeni qərargaha köçəcəyik. Biz mövsümi siyasətçi də deyilik ki, yayda fəaliyyətimizdə zəifləmə olsun. Qızmar yay aylarında da fəaliyyət göstərəcəyik. Bizim mitinq müraciətlərimiz davam edəcək. İyulun 20-nə artıq yeni mitinq təyin olunub. Mayın 25-də etdiyimiz müraciətə rədd cavabı verilmişdi. Biz də məhkəməyə üz tutduq. Hakimiyyətin nazı ilə oynamaq vaxtı deyil. İqtidar qarşıdurma istəmirsə razılıq verməlidir". İ.Həmidovun əlaqə nömrələrinə zəng etsək də, heç birinə zəng çatmadı. Bir neçə gün əvvəl sabiq nazirin qardaşı oğlu Şəhriyar Məcidzadə qəzetimizə demişdi ki, Həmidov bir müddət Şamaxıda olacaq. Onun sözlərinə görə, immunitetinin güclənməsi üçün kənd həyatında bir müddət yaşaması lazımdır: “Həkimlər bunu məsləhət görüblər. Ona qətiyyən yük düşməməlidir. Aktiv siyasi fəaliyyətlə də məşğul olmamalıdır”. Geri qayıt |