Əsas Səhifə > Partiya, Güney Press > “Vaşinqtonun Dağlıq Qarabağ məsələsində Ermənistanın geri çəkilməsi üçün təzyiq göstərəcəyi inandırıcı deyil”
“Vaşinqtonun Dağlıq Qarabağ məsələsində Ermənistanın geri çəkilməsi üçün təzyiq göstərəcəyi inandırıcı deyil”20-06-2019, 08:49 |
ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazir Zohrab Mnasakanyanla görüş keçirəcək. Bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri twitter səhifəsində yazıb. Xatırladaq ki, 2018-ci ilin oktyabrında Con Bolton regiona səfər edib. O, səfər zamanı Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşlər keçirib. ABŞ da daxil olmaqla ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə Qarabağ məsələsində hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb. Azərbaycanla Ermənistan arasında sonuncu dəfə danışıqlar Rusiyanın təşəbbüsü ilə keçirilib. Lakin həmin danışıqlarda da müsbət nəticə əldə edilməyib. Bu dəfə isə nazirlər ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda görüşəcək. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda kifayət qədər yüksək statuslu Con Boltonun iştirakı ilə görüşməsi, ABŞ-ın təşəbbüsü Qarabağ danışıqlarında ciddi dönüşə, irəliləyişə gətirə bilər? Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, xarici işlər nazirlərinin Moskva görüşündən sonra ABŞ rəhbərliyinin növbəti görüşün Vaşinqtonda olacağı ilə bağlı dərhal anons verməsi və görüşün vaxtını belə qısa zamanda müəyyən etmələri bu məsələdə iki böyük dövlət arasında sanki yarış getdiyi mənzərəsini yaradır: “ABŞ və Rusiya arasında Dağlıq Qarabağ məsələsi ilə bağlı dartışmanın bir qədər fəallaşması hiss olunur. Bir az 2000-2001-ci illərdəki vəziyyəti xatırladan canlanma var. Amma burada məqsədin heç də münaqişəni nizama salmaq olduğu qənaətinə gələ bilmirik. Daha çox təşəbbüs davasına, mövqe yarışına bənzəyir. Bir müddət əvvəl ”Bolton planı" deyilən məsələ ortaya çıxmışdı, hətta həmin plana görə məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin nəzərdə tutulduğu deyilirdi. ABŞ-ın, xüsusilə də prezident Donald Trampın müsəlman dünyasına qarşı sərgilədiyi aqressiv münasibətin, Qüdslə bağlı mövqeyinin fonunda deyilənlərin həqiqətə uyğunluğu inandırıcı deyil. Ermənistanın az da olsa, ABŞ-a tərəf hərəkət etməsi müşahidə olunur. Ona görə də ABŞ-ın bu təşəbbüslərinin, o cümlədən nəzərdə tutulan görüşün Ermənistanı qərbyönümlü siyasətə həvəsləndirmək məqsədi güddüyü şübhə doğurmamalıdır. ABŞ münaqişəni həll etmək yox, Ermənistanı daha tez ələ keçirmək barədə düşünür. Addımları da bu məqsədə xidmət edir. Bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurası katibinin Vaşinqtona səfəri də təsadüfi deyildi. Görünür, bəzi məsələlərə dair ilkin razılaşmalar artıq var. Belə bir prosesin getdiyi vaxtda Vaşinqtonun Dağlıq Qarabağ məsələsində Ermənistanın geri çəkilməsi üçün təzyiq göstərəcəyi inandırıcı deyil. Hətta hesab edirəm ki, bu görüşdə ermənilərə sərf edən təkliflərin irəli sürüləcəyi mümkündür. Odur ki, Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın Vaşinqton görüşündən də müsbət irəliləyiş gözləməyə dəyməz". “Yeni Müsavat” Geri qayıt |