Əsas Səhifə > Partiya, Güney Press > “Əfv məsələsinə gələn il baxıla bilər”
“Əfv məsələsinə gələn il baxıla bilər”25-06-2019, 08:36 |
İyunun 15-də Qurtuluş Günündə də əfv sərəncamı imzalanmadı. Bu da sərəncamın nə zaman verilə biləcəyi ilə bağlı müzakirələr yaradıb. İlin sonuna qədər sərəncamın imzalanıb-imzalanmayacağı yönündə müxtəlif mülahizələr səslənir. Əksər fikirlər Yeni ildən yanadır. Məlumat üçün bildirək ki, iyunun 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası başlayıb. Sessiyada Azərbaycanla bağlı bir sıra məsələlərin, o cümlədən siyasi məhbusların müzakirəyə çıxarılacağı bildirilir. Gedən müzakirələrin fonunda rəsmi Bakının Avropa İttifaqı ilə yaxın aylarda imzalayacağı tərəfdaşlıq sazişi də gündəmə gəlib. Bu saziş imzalanana qədər siyasi məhbus probleminin həll ediləcəyi qeyd olunur. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı əfv məsələsinə gələn il baxılacağını düşünür: “2019-cu ilin sonuna qədər əfv olmayacağını düşünürəm. Ölkədə siyasi məhbusun olmadığını deyirlər, amma var. Həmin məhbuslar məhkəmələr vasitəsilə, eləcə də qəbul edilən bəzi qanunlar əsasında azadlığa buraxıla bilərlər. Hesab edirəm ki, əfv məsələsinə gələn il baxıla bilər. Çox arzu edirəm ki, mənim fikrim səhv olsun, özünü doğrultmasın. Avropa İttifaqı ilə bu il saziş bağlanacaq ki? Düşünmürəm ki, sazişdə əsas diqqət yetirilən məsələ siyasi məhbuslarla bağlı olacaq. Çünki orada bir çox məsələlər müzakirə edilir. Açığı, bu il Avropa İttifaqı ilə sazişin imzalanacağını düşünmürəm”. Hüquq müdafiəçisi AŞ PA-nın yay sessiyasına da toxundu: “Həmişə olduğu kimi, Azərbaycanla bağlı bəzi məsələlər müzakirə ediləcək. Siyasi məhbuslarla bağlı məsələyə baxıla bilər. Bu zaman narahatlıq ifadə ediləcək, diqqətə çatdırılacaq və bununla da məsələ bitəcək”. “Yeni Müsavat” Geri qayıt |