Əsas Səhifə > Partiya, Güney Press > "Bu şəxslər uğurlu generallardır, öz sahələrinin peşəkarlarıdır"

"Bu şəxslər uğurlu generallardır, öz sahələrinin peşəkarlarıdır"


2-07-2019, 08:38
"Bu şəxslər uğurlu generallardır, öz sahələrinin peşəkarlarıdır"
İyunun 20-də dövlət başçısının sərəncamı ilə daxili işlər naziri Ramil Usubov bu vəzifədən azad edilərək, Prezident yanında Təhlükəsizlik Şurasının katibi, onun birinci müavini Vilayət Eyvazov isə daxili işlər naziri təyin edildi.

Digər sərəncamla Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev müdafiə sənayesi naziri postuna gətirildi. DTX rəisi postuna Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev təyin olundu.

Bu dəyişikliklərin üzərindən artıq 10 gün ötür.

Artıq yeni kadrlar bəzi qərarlar qəbul etməyə başlayıblar. Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Üzeyir İsmayılov vəzifəsindən azad olunub.

Bununla bağlı müdafiə sənayesi naziri Mədət Quliyev müvafiq əmr imzalayıb.

Digər əmrlə Şahin Əliyev Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri təyin edilib. O, əvvəllər başqa dövlət qurumunda işləyib.

Bundan əlavə, prezident İlham Əliyev V.Eyvazovla bağlı sərəncam imzalayıb. Sərəncamla yeni DİN rəhbərinə general-polkovnik ali hərbi rütbəsi verilib. Ölkə başçısının digər sərəncamı Ə.Nağıyevlə bağlıdır. Ona general-leytenant ali hərbi rütbəsi verilib.

10 gün əvvəlki təyinatlarla bağlı fikir və müşahidələrini bölüşən YAP-çı deputat Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında tezliklə yeni vəzifə sahiblərinin ciddi qərarlar qəbul edəcəklərini söylədi: “Cənab prezident İlham Əliyev ölkədə islahatların dərinləşdirilməsi kursuna sadiqdir. Bu istiqamətdə çox ciddi addımlar atılır. Bunlar sosial, siyasi və idarəçilik sistemini əhatə edən addımlardır. İdarəetmə sahəsində ölkə rəhbəri hər zaman önəmli qərarlar verib. Bu proses daha da intensivləşib. Daxili işlər naziri, general-polkovnik, çox hörmətli Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi təyin edilməsi, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, general Mədət Quliyevin müdafiə sənayesi rəhbəri olması, bundan savayı Daxili İşlər Nazirliyinə Vilayət Eyvazovun rəhbər gətirilməsi, DTX-yə Əli Nağıyevin rəis təyin olunması çox müsbət qərarlar oldu. Adını çəkdiyimiz bu şəxslər uğurlu generallardır, öz sahələrinin peşəkarlarıdır. Bu birmənalıdır. 4 ismin də adı gələndə hər kəs bilir ki, bunlar peşəkar kadrlardır. Onlar böyük məktəb keçiblər. Bu yerdəyişmələr nəticə etibarı ilə onların təyin olunduqları sahələrə yeni nəfəs verəcək. Həmin sahələrdə çox ciddi nəticələr əldə olunacaq. Çünki burada söhbət peşəkarlardan gedir. Bu peşəkarlar həm dövlətə sədaqətləri ilə özlərini sübut ediblər, həm də onlar yaradıcı insanlardır. Artıq təyinatlardan 10 gün ötüb. Onlar hazırda tapşırılmış yeni vəzifələri ilə bağlı müvafiq addımlarını atırlar. Hesab edirəm ki, diqqət çəkəcək addımları atmaq üçün müəyyən zaman lazımdır. İndiki pauza sıradan deyil, strateji pauzadır. Yəni onlar artıq yeni tapşırılan sahədə məsuliyyətlərindən və səlahiyyətlərindən irəli gələrək proseslərə tam müdaxilə edirlər. Yəqin ki, bir müddətdən sonra bu sahələrdə ciddi dəyişikliklərin şahidi olacağıq. Çünki bu kadrların elmi bilikləri, peşəkarlıqları və digər xüsusiyyətləri buna tam imkan verir. Hesab edirəm ki, bu sahələr üzrə tələm-tələsik nələrisə gözləmək düzgün deyil. Yalnız bir müddətdən onların hər biri sahələri üzrə hər kəsin diqqətini çəkəcək addımlar atacaqlar. Bu addımlar isə nəticə etibarı ilə Azərbaycanın həm müdafiə sənayesinin, həm milli təhlükəsizlik sisteminin, həm də ictimai asayişin möhkəmləndirilməsinə xidmət edəcək. Buna qətiyyən şübhəm yoxdur. Xüsusilə general-polkovnik Ramil Usubovun böyük idarəçilik təcrübəsinin olduğunu deməliyəm. Bu nöqteyi-nəzərdən o, Təhlükəsizlik Şurasının katibi kimi vəzifəsində bilik və bacarığından məharətlə istifadə edəcək. Onun üzərinə düşən vəzifələri yerinə yetirməsi üçün şəxsi keyfiyyətləri mühüm rol oynayır. Bütövlükdə bu təyinatlar cəmiyyətdə də müsbət qarşılanıb. Hər kəsdə bir əminlik var ki, hüquq-mühafizə sistemində, milli təhlükəsizlik sahəsində, milli müdafiə sənayesində yeni bir mərhələnin şahidi olacağıq”.

Geri qayıt