Əsas Səhifə > Partiya, Güney Press > “Hər kəs əxlaqına uyğun hərəkət edir”

“Hər kəs əxlaqına uyğun hərəkət edir”


5-07-2019, 09:18
“Hər kəs əxlaqına uyğun hərəkət edir”
Azərbaycan Milli İstiqlal Partiyasının sabiq sədri, hazırda VİP rəhbəri olan Əli Əliyevin keçmiş partiyası və onun lideri Etibar Məmmədovla savaşı davam edir. Onun ReaksiyaTV internet televiziyasına verdiyi müsahibədə AMİP lideri ilə 2005-ci ildə yaşadığı ixtilafları bir daha gündəmə gətirməsindən sonra başlayan qarşıdurma getdikcə güclənir.

Ə.Əliyev həmin müsahibədə E.Məmmədovun ünvanına sərt ittihamlar səsləndirərək, onu nə bu dünyada, nə də o dünyada bağışlamayacağını bəyan edib. Müsahibənin ardınca əks tərəfin VİP sədrinin keçmiş həyat yoldaşı Samirə Mirzəyevanın 14 il öncə (2005-ci ildə) E.Məmmədova yazdığı məktubu mətbuata ötürmələri vəziyyəti daha da gərginləşdirib. Adından istifadə olunmasına etiraz edən S.Mirzəyeva ReaksiyaTV-yə iyulun 3-də imzalı məktub ünvanlayaraq, E.Məmmədovu ağır formada ittiham edib.

Həmin məktubu təqdim edirik: “Mən, Mirzəyeva Samirə Kərim qızı yazaraq bildirirəm ki, 2005-ci ildə yazdığım məktubun 14 ildən sonra siyasi məqsədlər üçün istifadə edilməsini şiddətlə pisləyir, qınayıram. AMİP liderinin bu hərəkətini əxlaqa və adət-ənənələrimizə zidd hesab edirəm. Yazdığım məktubun üzərindən 14 il keçib. Bu müddət ərzində mənim və ailəmin Əli Əliyevə qarşı nə mənəvi, nə də hüquqi iddiası mövcud deyil. Bu illər ərzində bizim problemlərimiz onun tərəfindən həll edilib. Etibar Məmmədov, kim sizə haqq verib ki, mənim və ailəmin adıyla siyasi alver edəsiniz? Bəlkə Əli Əliyevin siyasi nüfuzuna, intellektinə, apardığı mübarizəyə qısqanclıq edirsiniz? Özünüzü bu iqtidara təslim etdikdən sonra iqtidara qarşı mübarizə apara bilmirsiniz? Belə səviyyəsiz mübarizə aparılmaz. Siyasi narazılığınız varsa, çağırın onu debata, siyasi arqumentlər qoyun ortaya, cəmiyyət də aranızdakı fərqə qiymət versin. Əminəm ki, debatlarda Əli Əliyevin opponentlərinin düşdüyü vəziyyətdən siz də qorxursunuz. Belə olmasa idi, belə müxənnətlik etməzdiniz. Mübarizəni şərəflə apararlar, daha sizin kimi yox. Cürətiniz varsa, onun qarşısına siyasətçi kimi çıxın. Sizi mənim və ailəm adından bir daha sui-istifadə etməməyə dəvət edirəm. Əks halda, sizin davranışınız məhkəmə predmeti olacaq və qarşınızda məni görəcəksiniz. Görünür, elə siz Əli Əliyevə deyil, mənə cavab vermək səviyyəsindəsiniz. Mən əvvəl yazdığım bütün fikirlərimdən imtina edirəm. Əli Əliyev yüksək mənəviyyatı və milli maraqlara sadiqliyi ilə seçilən bir insan və siyasətçidir. Biz hamımız Əli Əliyevlə fəxr edir, onun qətiyyəti, cəsarəti, savadı və ağlı ilə qürur duyuruq. Ona siyasi mübarizəsində vətəndaş olaraq dəstək verir, daima arxasında varıq. O, çox gözəl atadır, hamıya qismət olsun. Sonda isə sizə müraciət edirəm, Etibar Məmmədov! Bilməyiniz üçün yazıram ki, 14 il əvvəl yazdığım məktubdan mənim fikrimi öyrənmədən sui-istifadəniz ən azından tərbiyədən uzaq hərəkətdir! Bir də mənim, ailəmin adından danışıb, tərbiyəsizlik etsəniz, cavabınızı ən sərt şəkildə özüm verəcəyəm.

Hörmətli həmvətənlər! Belə adamlar və əməllərdir uzun illərdir Azərbaycanı inkişafdan saxlayır. Belə xəbis və dar düşüncəli şəxslər bu millətin yolunu kəsirlər. Etibar Məmmədov Əli Əliyev kompleksi yaşayır. Onun Əli Əliyev haqda təşkil etdikləri şantajdan başqa iş deyil. Mən tam məsuliyyətimlə deyirəm ki, Əli Əliyevin apardığı mübarizə saf, təmiz və ülvi hisslərlə müşayiət olunur. O, inanılası şəxsiyyət və çirkablardan yuxarıda duran bir Azərbaycan kişisidir. Ona bütün işlərində müvəffəqiyyət arzu edirəm".

Ə.Əliyev “Yeni Müsavat”a açıqlamasında keçmiş həyat yoldaşının məktubundan danışıb: “Söz təkrarlayan adam deyiləm. Bir dəfə demişəm, yenə deyirəm, o, siyasətə gələrsə, cavabını verəcəm. Hələ ki kölgədə oturub, siyasi palitrada mövqeyi bəlli deyil. Nə iqtidar kimi iqtidar, nə də müxalifət kimi müxalifətdir. Bu barədə geniş danışmayacam, danışmaq niyyətim də yoxdur. Sonuncu məktub əks tərəfin iddialarına cavabdır. Hesab edirəm ki, bu kifayət edir. Azərbaycan xalqının adət-ənənəsi var. İstənilən Azərbaycan vətəndaşının qadın və kişi olmasından asılı olmayaraq, belə məsələlərin gündəmə gətirilməsinə birmənalı cavabı var. Əgər bu cavabın nə olduğunu bilmək istəyənlər varsa, məktub altında yazılan rəylərə baxsınlar. Düşünürəm ki, bu, Azərbaycan xalqının bu məsələdə ictimai rəyidir”.

Ə.Əliyev keçmiş həyat yoldaşının 14 il öncə E.Məmmədova yazdığı məktubdan xəbərdar olduğunu da söylədi: “Təxminən bilirdim ki, belə bir məktub var. İstənilən halda bu məktubu üzə çıxarmaq etik baxımdan düzgün deyil. Kiminsə adından məktub yayanda ən azından həmin şəxsin rəyini öyrənmək lazımdır. Bu rəyi də sonuncu məktubu ilə keçmiş həyat yoldaşım yayıb. Bundan artıq nəsə deməyə ehtiyac yoxdur”.

VİP sədri son məktubu S.Mirzəyevanın istəyi olmadan ona yazdırdığı yöndə səslənən fikirlərə də aydınlıq gətirdi: “Hər kəs əxlaqına uyğun hərəkət edir. Mən heç kəsə məktub yazdırmamışam. Yazdırmaq niyyətim də yoxdur. Sadəcə olaraq, 14 il öncə yazılan bir məktubu yayan adamların hərəkətləri hiddət doğurur. Həmin xanım da öz mövqeyini doğru şəkildə ifadə edib. Məktubdan sui-istifadə edən şəxsin bu yolla qiymətini verib. Necə olmasından asılı olmayaraq, mövqe ortadadır. Bu məktubun yazılmasında heç bir təsirim olmayıb”.

Geri qayıt