Əsas Səhifə > Partiya, Güney Press > "Bu çıxış siyasi konyukturaya hesablanıb, Abxaziya türk imperiyalarının olub"
"Bu çıxış siyasi konyukturaya hesablanıb, Abxaziya türk imperiyalarının olub"12-07-2019, 09:12 |
Rusiya lideri Vladimir Putin bu günlərdə jurnalistlərin suallarını cavablandırarkən tarixə ekskursiya edib və gürcüləri işğalçı adlandırıb. Kreml başçısı Abxaziya və Cənubi Osetiyanın hələ 18-ci əsrdə ayrıca müstəqil ölkələr olduğunu söyləyib. Onun sözlərinə görə, SSRİ qurulandan sonra Stalin bu əraziləri Gürcüstanın tərkibinə daxil edib. Putin hesab edir ki, Sovet İttifaqının çöküşündən hər iki respublika yenidən müstəqilliyini bərpa edib, sadəcə, gürcülər “işğalçı” siyasət yürüdərək bu ərazilərə sahibləniblər. Dünya ictimaiyyəti isə Abxaziya və C.Osetiyanın Rusiya tərəfindən işğal edildiyini bildirir, bu ölkələrin müstəqilliyini tanımır. Yalnız Rusiya, Venesuela və Nikaraqua onların müstəqilliyini tanıyır. 2018-ci ildə isə Suriya onların sırasına qoşulub və Gürcüstandan ayrılan separatçı respublikaların müstəqilliyini dəstəkləyib. Maraqlıdır ki, Putinin Abxaziya və C.Osetiya tarixi ilə bağlı düşüncələri Qarabağa da şamildirmi? Görəsən, Putin Qarabağ haqda, Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqları haqda nə düşünür? Tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli “Yeni Müsavat”a bildirdi ki, Putinin çıxışı siyasi konyukturaya hesablanıb. Onun fikrincə, Rusiya prezidenti yanlışlığa yol verir: “Abxaziyanın müstəqilliyindən danışmaq yersizdir. Çünki bu ərazilər imperiyaların tərkib hissəsi olub. Bu imperiyalar isə türk imperiyalarıdır. Osmanlı, Səfəvi, Nadir şah imperiyaları olub və bu torpaqlar onların nəzarətində olub”. D.Əzimli Putindən Qarabağla bağlı oxşar açıqlamanı gözləmir: “Qarabağ Rusiya üçün ölüm-dirim məsələsidir. Azərbaycan, Qafqaz Kreml üçün həyati məsələdir. Əgər Rusiya Qafqazdan çıxarsa, bütün rıçaqlarını itirə bilər. Hətta Şərqi Avropanı tutsa belə, əvvəlki gücü, nüfuzu olmaz. Sadəcə, bu gün Rusiyanın iqtisadi vəziyyəti ağırdır və belə vaxtda Putin imperialist çıxışlarından əl çəkmir. O, bir yandan Gürcüstana iqtisadi blokada tətbiq olunmayacağını bəyan edir, bir tərəfdən isə onları belə sözlərlə cəzalandırır”. Tarixçi bildirir ki, Abxaziya və Cənubi Osetiya özü Gürcüstana yaxınlaşacaq: “Dünya demokratiyaya doğru gedir. İnsanların yaşayış tərzi demokratik əsaslarla gedir. Gürcüstan inkişaf etmiş demokratiyaya gedir. İnstitutlar işləyir, əhalinin azad yaşaması imkan verir ki, sərbəst iqtisadi siyasət yürüdülsün. Bu gedişat Abxaziya və Osetiyanı məcbur edəcək ki, Gürcüstana doğru getsinlər. Ona görə də münaqişə Gürcüstanın xeyrinə həll olunacaq. Eynilə Ukraynada da bu proses gedir". Qeyd edək ki, Gürcüstanın şimal-qərbində yerləşən separatçı respublika 1992-ci ildən etibarən gürcü-abxaz münaqişəsi nəticəsində Gürcüstanın nəzarətindən çıxıb. Abxaziyanın və Cənubi Osetiyanın ərazilərinə Gürcüstan hökuməti tərəfindən nəzarət edilmir və onlar tərəfindən, həmçinin ABŞ prezidentinin administrasiyası və Avropa Komissiyası tərəfindən Rusiya tərəfindən işğal edilmiş Gürcüstanın əraziləri kimi qiymətləndirilir. Şimalda Rusiya ilə (Krasnodar vilayəti və Qaraçay-Çərkəz respublikası ilə) cənub-şərqdə və cənubda Gürcüstanın regionları olan Sameqrelo və Zemo-Svaneti ilə həmsərhəddir. “Yeni Müsavat” Geri qayıt |