Əsas Səhifə > Partiya, Güney Press > “Əsas məqsəd Qarabağ məsələsində vahid milli birliyin ortalığa qoyulmasına nail olmaqdır, polislə qarşıdurma yaratmaq deyil”
“Əsas məqsəd Qarabağ məsələsində vahid milli birliyin ortalığa qoyulmasına nail olmaqdır, polislə qarşıdurma yaratmaq deyil”25-07-2019, 08:28 |
Qarabağ Komitəsinin 23 iyula təyin etdiyi Qarabağ mitinqinin aksiyaya bir neçə saat qalmış təxirə salınması bəzi iddialara və suallara yol açıb. İddialarda deyilir ki, Qarabağ Komitəsinin iyulun 23-də mitinq keçirilməsi ilə bağlı təşəbbüs qrupunun üzvləri Pənah Hüseyn və Tural Abbaslının günün birinci yarısı Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunublar. Onlara Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısının polis tərəfindən qətiyyətlə alınacağına dair xəbərdarlıq edilməsi Qarabağ Komitəsini geri çəkilməyə vadar edib. Ona görə də sözügedən xəbərdarlıqdan bir neçə saat sonra Qarabağ Komitəsi növbədənkənar toplantı keçirərək mitinqi təxirə salmaq qərarı verib. Başqa bir iddiada isə deyilir ki, Qarabağ Komitəsi mitinq məsələsində hakimiyyətlə anlaşmaya gedib. Deyilənlərlə bağlı Qarabağ Komitəsinin üzvü, AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, mitinqlə bağlı toplantı qapalı olub və mitinqin keçirilməsi, həmçinin təxirə salınması ilə bağlı müxtəlif arqumentlər səslənib: “Çıxış eləyənlərin bəziləri polislə qarşıdurmaya gedilməsinin məqsədəuyğun olmadığını, bəziləri Bakıda beynəlxalq səviyyəli idman tədbiri keçirildiyini əsas göstərərək mitinqin təxirə salınmasının məqbul olduğunu bildirdilər. Amma prinsipial məsələ odur ki, Qarabağ Komitəsi Qarabağ mövzusunda, Qarabağ şüarları xüsusi bir zərurət halı olmadan (məsələn, Qarabağın təslim edilməsi, Azərbaycanın zərərinə olan sənədə imza atılması, təslimçi sülhə hazırlıq istiqamətində praktik addımlar kimi məsələlər) Qarabağ məsələsi ilə hansısa bir qarşıdurmaya getməyi doğru saymır. Əsas məqsəd Qarabağ məsələsində Azərbaycan cəmiyyətinin vahid milli birliyinin ortalığa qoyulmasına nail olmaqdır, polislə qarşıdurma yaratmaq deyil. Mitinqin təxirə salınması barədə qərar qəbul edilərkən əsas rəhbər tutulan məsələ bu olub. Biz bütün bunları ölçüb-biçərək qərara aldıq ki, bu dəfə hüquq müstəvisində işimizi davam etdirək. Bakı Şəhər Baş Polis İdarəsinin 23 iyula təyin edilmiş mitinqlə bağlı hərəkətlərini bizim hüquqlarımızın pozulması kimi dəyərləndirərək və səlahiyyət həddini aşması hesab edərək məhkəməyə vermək barədə qərar qəbul olunub”. Pənah Hüseyn onu da vurğuladı ki, 23 iyula təyin edilmiş mitinqin təxirə salınmasında guya hakimiyyət orqanları ilə hansısa anlaşmaya gedilməsi barədə sosial şəbəkədə irəli sürülən bəzi iddialar əsassızdır: “Bu cür iddialar sosial şəbəkə iştirakçılarının subyektiv rəyləridir. Biz insanlara qadağa qoya bilmərik, insanlar istədiklərini yazırlar. Amma qeyd olunan iddialar tamamilə yanlışdır”. Geri qayıt |