Əsas Səhifə > Partiya, Güney Press > "Bizimlə birlikdə mübarizə aparmağı bir tərəfə, belə məsələlərdə quruca bəyanata nə söz?"
"Bizimlə birlikdə mübarizə aparmağı bir tərəfə, belə məsələlərdə quruca bəyanata nə söz?"13-08-2019, 09:05 |
Məlum olduğu kimi Rusiya prezidenti Vladimir Putin iki gün əvvəl “Gecə canavarları” motoklubunun dəvətilə Krıma səfər edib və bayker-şouda iştirak edib. Bir neçə saat əvvəl Rusiya KİV-ləri Ukraynadakı ABŞ səfirliyinin Putinin gəlişinə münasibəti haqqında məlumat yayıb. Amerika diplomatik missiyası rəsmi Kiyevin mövqeyini dəstəkləyib və Rusiya prezidentinin səfərini “Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəbulolunmayan pozuntu” adlandırıb. Səfirliyin Tvitter səhifəsindəki qeyddə isə ”Biz Ukrayna xalqı ilə birlikdə Rusiyanın təcavüzünə qarşı çıxış edirik”- fikirləri yer alıb. Kiyevin də, ABŞ-ın da mövqeyi doğrudur. Bu xəbəri oxuyan Azərbaycan vətəndaşı həmin an fikirləşir ki, görəsən Bakıdakı ABŞ səfirliyi Ermənistanın baş naziri Paşinyanın Qarabağa səfərlərinə niyə münasibət bildirmir? Axı, ABŞ da Azərbaycanın ərazi bütövlüyünü hansısa ildə dəstəklədiyini bildirib, indi niyə danışmır? Paşinyan da Azərbaycana qanunsuz səfərlər edir. Bizimlə birlikdə mübarizə aparmağı bir tərəfə, belə məsələlərdə quruca bəyanata nə söz? Təcavüzkarın balacası (Ermənistan), yekəsi (Rusiya) olmur, təcavüzkarın adı üstündədir. Həm də Vaşinqton yaxşı bilir ki, balacanın arxasında da, qabağında da elə yekə dayanıb. Cənablar, ABŞ-ı söyməyə tələsməyin. Günahı özümüzdə axtaraq. Amerika səfirliyindən və ümumiyyətlə Bakıdakı səfirliklərdən bunu tələb edən olubmu? Onlarla bu istiqamətdə iş aparılıbmı? Bu bizim apardığımız xarici siyasətin nəticəsidir. Biz xarici ölkələrlə işimizi Qarabağ siyasəti üstündə qura bilməmişik, daha doğrusu Azərbaycan vətəndaşı olaraq bu siyasəti bizim diplomatiyadan görməmişik, belə çıxır ki, ölkənin bir nömrəli problemi diplomatiyanın hədəfi deyil. Bəs, nədir hədəfi? Açığı, Azərbaycanın Qarabağ siyasətində heç bir şəffaflıq olmadığı üçün bunu söyləmək çətindir. Məşədi İbadın sözü olmasın, oturub ha fikirləşirsən ki, ayə, bu işdə şəffaf olan nədir, məlum olur ki, bu işdə şəffaf olan bir şey varsa, o da şəffafsızlıqdır, bir də, işğal altındakı Qarabağ. Baş sındırmağa ehtiyac qalmadı ki? İlham İsmayıl //moderator.az// Geri qayıt |