Əsas Səhifə > Partiya, Güney Press > Müxalifət indi də Rusiyadan ruhlanır

Müxalifət indi də Rusiyadan ruhlanır


16-08-2019, 09:03
Müxalifət indi də Rusiyadan ruhlanır
Rusiyada son günlərdə artan etiraz aksiyalarından Azərbaycan müxalifəti ruhlanmağa başlayıb. Bunu müxalif liderlərin və onların tərəfdarlarının virtual məkanda şimal qonşumuzdakı mitinqlərlə əlaqədar sərgilədikləri mövqelərdə görürük.

Görünən odur ki, ölkə müxalifətinin gözü daxildən daha çox xaricə dikilib. Bunun zaman-zaman şahidi oluruq. Hansı ölkədə inqilabi proseslər başlayırsa, yaxud etiraz aksiyaları keçirilirsə, Azərbaycan müxalifəti dərhal ümidlənir. Hətta aylar öncə uzaq Venesuelada belə mitinqlər keçiriləndə demokratik düşərgə onun kölgəsinin Azərbaycana da düşəcəyini dilə gətirirdi. 2011-ci ildəki “ərəb baharı”nı da xatırlada bilərik. Ərəb ölkələrindəki aksiyaları müxalifət Bakıya daşımaq üçün dəridən-qabıqdan çıxırdı. Müxalifətin ən çox diqqətçəkən maraqlı tərəfi odur ki, özləri hadisə ya yaratmırlar, ya da yarada bilmirlər, amma xaricdəki bu tipli proseslərə daha çox diqqət ayırırlar. Rusiyada müxalifət dirənişi sayəsində Moskvanın göbəyində mitinq üçün icazə almağa nail olur, amma bir ildən çoxdur ki, mitinq icazəsi (19 yanvar mitinqi istisna olmaqla) ala bilməyən ölkə müxalifəti, sadəcə, aidiyyəti orqana mitinq icazəsi üçün məktubları ard-arda göndərməklə işini bitmiş hesab edir...

AĞ Partiya başqanı Tural Abbaslı xaricdəki hər hansı bir hadisədən ruhlanmağın tərəfdarı deyil: “Əslində bu gün qloballaşma o səviyyədə inkişaf edib ki, artıq dünyanın hər hansı bir nöqtəsində baş verən hadisə tam fərqli və uzaq məsafələrdə də öz təsirini göstərir. Yəni dünyanın hər hansı bir ölkəsində baş verən iqtisadi, sosial və siyasi proseslər domino effekti ilə digərlərinə də təsir göstərir. Buna dünyada kifayət qədər misal göstərmək olar. Amerikada baş vermiş iqtisadi böhranın bütün dünya iqtisadiyyatına təsirini və ya ”Narıncı inqilabların", “Ərəb baharı” nın öz regionlarına və dünyanın digər dövlətlərinə təsirini ən bariz nümunələr kimi göstərmək olar. Odur ki, qonşu dövlətlərdə baş verən siyasi hadisələrin Azərbaycan müxalifətini ruhlandırmasında qeyri-adi nəsə görmürəm. Ancaq, təbii ki, bütün ümidləri də belə hadisələrə bağlayaraq nələrisə gözləmək də doğru deyil. Müxalifət çalışmalıdır ki, özü siyasi proseslər yaratsın və inkişaf etdirsin. Mən şəxsən heç zaman kənardan ruhlanıb daxildə nələrisə dəyişməyin tərəfdarı olmamışam. Biz öz dövlətimizin taleyini özümüz öz fəaliyyətimizlə həll etməyi bacarmalıyıq. Əks təqdirdə, sözün həqiqi mənasında, güclü və müstəqil dövlət olmağı bacarmayacağıq. Məncə, bu məsələ yalnız müxalifətə aid edilməməlidir, Azərbaycan iqtidarı da dövlət idarəçiliyində kənardan metodlar axtarmamalı, öz xalqımıza və dəyərlərimizə uyğun idarəçilik sistemi qurmalıdır. Yoxsa, hər dövlətdən bir nümunə götürərək dövləti idarə etmək heç bir uğur gətirməz".

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli məsələyə bu cür şərh verdi: “Azərbaycanda müxalifətin fəaliyyət dairəsi xeyli zəifdir. Bir tərəfdən hakimiyyətin qanunla qoyduğu məhdudiyyətlər, digər tərəfdən qoyulan qanunsuz məhdudiyyətlər faktiki olaraq müxalifətin fəaliyyətini xeyli zəiflədib. O cümlədən müxalifət daxilində gedən didişmələr birliklərin son nəticədə parçalanmasına gətirib çıxarır. Son dövrlərdə müxalifət daha çox virtual məkanda fəaliyyət göstərir. Bu ildəki 19 yanvar mitinqini istisna etsək, müxalifətin faktiki fəaliyyət dairəsi virtual məkandadır. Sosial şəbəkələrdə daha çox aktivlik göstərilir. Müxalifətin fəaliyyətini genişləndirmək istəyindən doğan amildir ki, xaricdə baş verən hadisələrlə daha çox maraqlanılır. Düzdür, Azərbaycanın qonşu ölkələrində, o cümlədən Rusiyada baş verən hadisələrin istər-istəməz ölkəmizə müəyyən təsirləri olur. Bu təsirlər həm iqtidara, həm də müxalifətə olur. Müxalif camiə çalışır ki, xaricdə baş verən hadisələrdən yararlansın. Bunun üçün də müəyyən cəhdlər edir. Bunları təbii qəbul etmək lazımdır. Hesab edilir ki, Rusiyadakı demokratik hərəkat, mitinqlər güclənirsə, bu, Azərbaycana da təsir göstərməli, aksiyalar yenidən başlanmalıdır. Hakimiyyətə qarşı müəyyən hadisələr baş verən kimi müxalifət düşünür ki, bundan yararlanmaq lazımdır. Bu istəkdən dolayı xaricdə gedən proseslərə yaxından diqqət ayrılır”.
“Yeni Müsavat”

Geri qayıt