Əsas Səhifə > Partiya, Güney Press > “Müsavat rəhbərliyinin konkret iştirakı sübut edilərsə...”

“Müsavat rəhbərliyinin konkret iştirakı sübut edilərsə...”


19-11-2019, 08:42
“Müsavat rəhbərliyinin konkret iştirakı sübut edilərsə...”
Müsavat Partiyasının başı mühacir qalmaqalından açılmır. Son olaraq, Almaniyada bir neçə mühacir müsavatçının miqrant alveri ittihamı ilə həbs olunması partiya başqanı Arif Hacılını çətin duruma salıb. Ona yönəlik istefa çağırışları artır. Son olaraq, araşdırmaçı jurnalist Xədicə İsmayıl belə bir tələb irəli sürüb. ABŞ-da yaşayan müsavatçı Ramiz Yunus da A.Hacılını istefa mədəniyyəti nümayiş etdirməyə çağırıb.

Həmkarlarının Müsavat başqanına yönəlik istefa tələbləri ilə bağlı mövqelərini aldıq.

AĞ Partiya başqanı Tural Abbaslı öncə dedi ki, hazırda bu məsələ ətrafında informasiya kirliliyi yaşanmaqdadır: “Düşünürəm ki, bu məsələlərin bir az daha aydınlaşmasına ehtiyac var. Ortada dəqiq məlumatlardan daha çox müxtəlif söz-söhbətlər var. Bizim indidən belə söhbətlərə istinad edib fikir bildirməyimiz yersiz olar. Əgər zamanla deyilənlər öz təsdiqini taparsa və bu barədə inkaredilməz faktlar ortaya çıxarsa və ya Almaniya hökumətinin rəsmi dairələrinin qərarları olarsa, o zaman konkret fikir bildirmək olar.

Tural Abbaslı: “Müsavat rəhbərliyinin konkret iştirakı sübut edilərsə...”

Əgər belə olarsa, bu, tək bir Müsavat üçün deyil, bütün Azərbaycan üçün biabırçı bir hadisə sayılmalıdır. Çünki hansısa dövlətin rəsmi partiyasının adının insan alverində, çirkli pulların yuyulmasında və casus məsələlərində hallanması böyük rüsvayçılıqdır. Bu zaman artıq ilk növbədə Arif Hacılıdan onun partiyadaşları istefa tələb etməlidir və belə olacağı təqdirdə cəmiyyət nümayəndələri də bu tələbi edə bilərlər. Digər hüquqi məsələləri isə aidiyyəti orqanlar həll etməli olacaq”.

Sərdar Cəlaloğlu: “Onu çox zərərli bir siyasətçi kimi tanıyıram, amma...”

ADP sədri Sərdar Cəlaloğlu da məsələnin araşdırılmasına ciddi ehtiyacın olduğunu düşünür: “Almaniyada belə bir hadisə olmuşdu. Bu ölkə birləşəndən sonra Almaniya Sosial Demokrat Partiyasının sədri prezidentliyə namizədliyini vermişdi. Onun haqqında bildirildi ki, bu şəxs rus kəşfiyyatı ilə əməkdaşlıq edib. O şəxs bildirdi ki, partiyamın nüfuzunu qorumaq üçün istefa verirəm. İstefa da verdi və yerinə başqa şəxs gəldi. Yəni belə bir nümunə də var. Amma Azərbaycanda bu şəxs istefa versə, deyəcəklər ki, cinayətkar, oğru, yaxud narkomandır. Bizim cəmiyyət alman cəmiyyəti deyil. O cəmiyyətlərdə belədir, bir günahsız insan bəzən özünü qurban verər ki, başqalarını zərbə altında saxlamasın. Azərbaycan cəmiyyəti belə düşünür, aha, Sərdar Cəlaloğlu bu addımı atırsa, demək, günahkardır, oğru, dələduz olduğu üçün belə edib. Arif Hacılının indiki düşdüyü vəziyyət belədir. Bir məsələ də var. Kim bilir, bəlkə YAP-çılar gedib Almaniyada bunu təşkil edib? Bizdə məlumat var ki, YAP üzvləri, icra başçılarının övladları müxalifətçi adı ilə Avropaya gedib biznes qururlar. Çünki başqa cür status ala bilmirlər. Çox şey hələ ki aydın deyil. Bir məsələ də var ki, Almaniyanın mühacirətə gedən insanları geri qaytarmağa ixtiyarı yoxdur. Çünki donor ölkədir. Orada yazılmayıb ki, mütləq siyasi məhbus olsun. Sadəcə olaraq, mən istəyirəm ki, ölkəmdən kənarda yaşayım. Donor ölkəsisənsə, canın çıxsın, məni qəbul etməlisən. Bu şəxsləri ona görə geri qaytarırlar ki, cinayət ediblər. Cinayətkar kimi onları geri qaytaracaqlar, mühacir kimi deyil. İndi deyirlər ki, qaytarmayaq, məhkəmə olsun, ondan sonra qaytararıq. Məhkəmə qərar versə ki, bu rüşvət verib, yaxud alıb, o zaman Almaniya qanunlarında bu, cinayət sayıldığı üçün bəlkə heç onları qaytarmadılar, orada mühakimə etdilər. Arif Hacılının istefasını tələb edən əleyhdarlarına gəlincə, bunlar başa düşmürlər ki, o sədrdir, əgər sən doğrudan da iddia edirsən ki, o, cinayət edib, bu, Müsavat Partiyasının reytinqini aşağı salır. Bu, iqtidarın əlinə müxalifətə qarşı böyük hücum hazırlamağa şərait yaradır. Arif Hacılını heç vaxt bəyənməmişəm. Onu çox zərərli bir siyasətçi kimi tanıyıram. Amma bununla belə, ona qarşı bu cür hücumları zərərli hesab edirəm. Səhəri gün doğru insanlara qarşı belə hücumlar təşkil olunanda qarşısını ala bilməyəcəyik. Burada Arif Hacılının fərdi məsuliyyəti məsələsi də var. Bəlkə heç Arifin bu məsələdən xəbəri yoxdur? Əgər fakt sübut olunsa, Arif Hacılı istefa verib, gedib türmədə oturmalıdır. Amma indi ortada konkret sübut yoxdur”.

Əli Əliyev: “Əgər deyilənlər həqiqətdirsə...”

VİP sədri Əli Əliyev məsələyə şərh verməkdə çox çətinlik çəkdi: “Məsələnin detallarını bilmədiyim üçün bu barədə nəsə bir söz deyə bilmərəm. Arif bəy Müsavatın sədri yeni seçilib. Təbii ki, ittihamların ciddi əsası varsa, bu tipli məsələlərdə şəffaflığın olması üçün biz də hökumətə müraciət edir, bu cür tələblərlə çıxış edirik. Detalları bilmədiyimdən, sadəcə, bu məsələdə bir söz deməyə çətinlik çəkirəm. Əgər deyilənlər həqiqətdirsə, o çağırışlar eşidilməlidir. Hazırda məsələ ətrafında araşdırmalar gedir. Müsavatın Almaniyadakı nümayəndəsi həbs olunmayıb. İlham Həsəni deyirəm. Onun da açıqlamasını dinlədim. Ona qarşı ittiham yoxdur. Araşdırmaların detallarından Müsavat rəhbərliyinin xəbəri varsa, onlar müvafiq qərar verməlidirlər”.
“Yeni Müsavat”


Geri qayıt