Əsas Səhifə > Partiya, Güney Press > Müxalifətin növbədənkənar seçki qərarı:

Müxalifətin növbədənkənar seçki qərarı:


29-11-2019, 08:49
Müxalifətin növbədənkənar seçki qərarı:
Xəbər verdiyimiz kimi, Milli Məclisin buraxılması gözlənilir.

Bununla bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının bugünkü iclasında müzakirə aparılıb.

Qərarın isə bu gün, 29 noyabrda Milli Məclisdə müzakirə olunacağı gözlənilir.

Maraqlıdır, siyasi partiyalar növbədənkənar parlament seçkisini necə dəyərləndirir? Əgər gözlənti reallaşarsa, seçkilərdə iştirak edəcəklərmi?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Cebhe.info-ya açıqlamasında növbədənkənar seçkilərə müsbət yanaşdığını bildirib:

“Növbədənkənar parlament seçkiləri hələ bir qədər də gecikdirilib. Çünki Azərbaycanda konstitutsion dəyişikliklər baş verdikdən sonra növbədənkənar parlament seçkiləri keçirilməli idi. Amma prezident seçkiləri keçirildi. Görünür ki, ovaxtkı şərtlər buna imkan vermədi. Baxmayaraq ki, bu haqda dəfələrlə ayrı-ayrı deputatlar, partiya liderləri münasibət bildirdilər. Görünən odur ki, indiki şərtlər əlverişlidir. Tamamilə Konstitutsiyaya uyğun addımdır, mütləq keçirilməlidir. Çünki son referendumdan sonra parlamentin fəaliyyəti Konstitutsiyaya uyğun deyildi. Seçkilərdə iştirakla bağlı ilə partiyanın İdarə Heyətinin qərarı olmalıdır. Partiyanın İdarə Heyətinin növbədənkənar iclasını çağırmışıq. Bəzi yoldaşlarımız Bakıda deyil, ona görə şənbə günü iclas baş tutacaq. Parlamentlə bağlı yekun qərara adekvat olaraq biz də qərarımızı verəcəyik”.

AĞ Partiyanın sədri Tural Abbaslı üçün də bu qərar gözlənilməzdir deyib:

“Bu qərar əslində gözlənilməz deyildi. Uzun müddətdir ki, hazırkı parlamentin buraxılması və şərtlərə cavab verən yeni tərkibin formalaşdırılması ilə bağlı müzakirələr gedirdi. Sadəcə olaraq, məsələ indi dəqiqləşdirildi. Təbii ki, bu qərarı ilkin olaraq müsbət qiymətləndiririk. Əgər parlament buraxılandan sonra növbəti seçkilər də əvvəlki kimi keçiriləcəksə, deputatlar təyinatla gələcəksə, heç bir mənası qalmayacaq. Gözləntimiz odur ki, parlament buraxılırsa, növbəti tərkib xalqın iradəsini özündə əks etdirməlidir. Bu seçkilərin legitimliyi xalq tərəfindən qəbul olunmalıdır. İştirakla bağlı AĞ Partiya olaraq hələlik qərarımız yoxdur. Ortada hələ konkret fakt da yoxdur. Yekun qərar verilsin, ondan sonra yəqin ki, partiya olaraq yığışıb qərar verəcəyik”.

Böyük Qurtuluş Partiyası (BQP) da 2020-ci ilin mart ayında keçiriləcək növbədənkənar seçkilərdə iştirak etmək üçün müzakirələrə başlayacaq.

Bu barədə Milli Məclisin deputatı, BQP-nın sədri Fazil Mustafa bildirib. O deyib ki, növbədənkənar parlament seçkilərinə qatılması təmsil etdiyi partiyanın qərarından asılı olacaq: “Mənim növbəti seçkilərə qatılmağım partiyanın qərarından asılı olacaq. O qərara görə də hərəkət edəcəyəm”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat katibi Vüsal Qarayev hökumətin bu qərarını müsbət dəyərləndirdiklərini deyib:

“Bu, hökumətin islahat qərarından sonra atılan addımlar içərsində islahat deyə biləcəyimiz qərar oldu. Bunu hər kəs gözləyirdi. Çünki vətəndaşların haqlı olaraq parlamentdən, deputatlardan narazılığı pik həddə çatmışdı. Zatən hakim partiya bu qərara səbəb kimi də parlamentin yeniliklərlə ayaqlaşa bilməməsini göstərib. Seçkidə iştiraka gəlincə, təbii ki, yüksək səviyyədə iştirak edəcəyik. Biz hər zaman deyirik, hər bir siyasi partiyanın bütün seçkilərdə iştirak etməsi vacibdir, gərəklidir. Ümid edirik ki, növbədənkənar seçki şəffaf olacaq, deputatlar xalq tərəfindən seçiləcək”.

Geri qayıt