Əsas Səhifə > Partiya, Güney Press > YAP-dan siyahı açıqlaması: maraqlı adlar olacaq

YAP-dan siyahı açıqlaması: maraqlı adlar olacaq


17-12-2019, 08:53
YAP-dan siyahı açıqlaması: maraqlı adlar olacaq
Siyasi partiyaların 9 fevral növbədənkənar parlament seçkilərinə hazırlığı davam edir. Namizədlər siyahılarının açıqlanması prosesi getməkdədir. Artıq bir neçə partiya ilkin namizədlər siyahısını ictimaiyyətə açıqlayıb.

16 dekabrda isə Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin adlarını açıqlayıb.

Belə ki, növbədənkənar parlament seçkilərində iştirakla bağlı keçirilən toplantıda başqan Arif Hacılı bildirib ki, partiyanın 78 dairə üzrə 81 namizədi var. O, seçki dairələri üzrə namizədlərin adlarını bir-bir təqdim edib. Beləliklə, məlum olub ki, 15 saylı Yasamal birinci seçki dairəsindən partiyanın başqanı Arif Hacılının, 19 saylı Nərimanov birinci seçki dairəsindən partiyanın sabiq başqanı, Milli Strateji Düşüncələr Mərkəzinin rəhbəri İsa Qəmbərin, 8 saylı Binəqədi birinci seçki dairəsindən sabiq millət vəkili Arzu Səmədbəylinin, 9 saylı Binəqədi ikinci seçki dairəsindən başqan müavini, vəkil Nemət Kərimlinin, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlının, 11 saylı Qaradağ seçki dairəsindən başqan müavini Səxavət Soltanlının, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Müsavat başqanının müavini Razim Əmiraslanlının namizədliyi irəli sürülüb.

Partiyanın rayon və şəhərlər üzrə 39, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 56, 57, 58, 61, 62, 67, 68, 71, 77, 80, 81, 82, 85, 86, 87, 88, 89, 91, 93, 94, 96, 97, 102, 107, 108, 111, 112, 115, 117, 119, 120, 124, 125 saylı seçki dairələrindən də namizədləri var. Onların əksəriyyəti Müsavat Partiyasının rayon təşkilatlarının sədrləridir.

Xatırladaq ki, Müsavat başqanı Arif Hacılının namizədliyi irəli sürülən 15 saylı Yasamal seçki dairəsindən 2010-cu ilin noyabrında keçirilmiş parlament seçkilərində Müsavatın ozamankı başqanı İsa Qəmbər deputatlığa namizəd olmuşdu. O zaman İsa Qəmbərin rəqibləri VİP sədri Əli Əliyev, AMİP katibi Elşən Mustafayev, MDP sədri Nemət Pənahlı, jurnalist Etibar Hüseynov və daha bir neçə şəxs idi. Seçkidə mandat isə Etibar Hüseynovun olmuşdu. Budəfəki seçkilərdə isə sözügedən dairədən ADP sədri Sərdar Cəlaloğlunun, AMİP katibi Elşən Mustafayevin də namizədliyi irəli sürülüb. YAP-ın bu dairədən namizədinin kimliyi isə hələ ki məlum deyil.

19 saylı dairədə isə İsa Qəmbərin rəqiblərinin kimlər olacağı hələ bəlli deyil.

İndi artıq nəzərlər hakim Yeni Azərbaycan Partiyasının namizədlər siyahısının açıqlanmasına yönəlib. Hakim partiyanın şöbə müdiri, deputat Aydın Mirzəzadə musavat.com-a bildirib ki, YAP-ın deputatlığa namizədlər siyahısının açıqlanması ilə bağlı iş gedir.

Onun dediyinə görə, cəmiyyətin marağına səbəb olacaq, eyni zamanda Yeni Azərbaycan Partiyasının potensialını, onun yenilik əhval-ruhiyyəsini, cəmiyyətin dəyərlərinə söykənməsini əks etdirən maraqlı bir siyahının olması gözlənilir: “Zamanı gələndə partiya siyahısını təqdim edəcək. Siyahıda tanınan simalarla yanaşı, yeni simaların da olacağı gözləniləndir. Çünki ötən 4 il ərzində cəmiyyətdə yeni simalar, yeni səslər ortaya çıxıb. Onların da təmsil olunmaq hüququ var. Prinsip etibarilə Yeni Azərbaycan Partiyası yenə də parlamentdə çoxluq qazanmaq əzmindədir. Bunun üçün bütün resurslarımızı cəlb etmişik. Yerli təşkilatlar aktiv surətdə seçkiyə hazırlaşır. Bələdiyyə seçkilərindən sonra daha böyük resurs parlament seçkilərinə yönələcək”.

Müxalif Vətəndaş və İnkişaf Partiyası isə seçkidə iştirak edib-etməmək barədə qərar vermək üçün Məclisinin iclasını keçirib. Partiyanın mətbuat xidmətindən “Yeni Müsavat”a verilən xəbərə görə, Məclisdə geniş məruzə ilə çıxış edən VİP sədri Əli Əliyev ölkədə yaranmış vəziyyəti və növbədənkənar parlament seçkilərinin təyin olunmasını şərtləndirən amilləri ətraflı dəyərləndirib. Partiyanın 9 fevral seçkilərində iştirak məsələsinə münasibət bildirən Məclis üzvlərinin bir hissəsi növbədənkənar parlament seçkilərində iştirakın zəruriliyini önə çəksə də, digər qismi ölkədə ədalətli seçkilərin keçirilməsinə zəmin olmadığını əsas götürərək, VİP-in boykot qərarı verməsini təklif edib.

Əli Əliyev təkrar çıxışında VİP-in 9 fevral seçkilərində iştirak və ya boykot qərarının mümkün nəticələrinə toxunaraq, seçkilərə münasibətdə əks variantları dəstəkləyən Məclis üzvlərinin mövqelərini uzlaşdırmağın vacibliyini bildirib. Lakin səsvermə zamanı yetrəsayın olmaması və VİP sədrinin bu tövsiyəsi nəzərə alınaraq, iclasın dekabrın 21-də davam etdirilməsi məqsədəuyğun sayılıb.
“Yeni Müsavat”

Geri qayıt