Əsas Səhifə > Partiya, Güney Press > Partiya sədrləri seçki marafonunda: Kim seçicilərin arasında, kim “Facebook”da

Partiya sədrləri seçki marafonunda: Kim seçicilərin arasında, kim “Facebook”da


28-01-2020, 09:23
Partiya sədrləri seçki marafonunda: Kim seçicilərin arasında, kim “Facebook”da
Seçki marafonu start götürəndən bir çox siyasi partiya parlamentə düşmək üçün mübarizəyə qoşuldu.

Statistik məlumata görə, 9 fevralda baş tutacaq növbədənkənar parlament seçkilərində iştirak edən siyasi partiyaların sayı ötən seçkilərdən çoxdur. Bu seçki prosesində aktivlik də digərlərindən müsbət mənada fərqlənir.

Cebhe.info xəbər verir ki, növbədənkənar parlament seçkilərində rəsmi olaraq 20 siyasi partiya iştirak edir. Seçkilərdə namizədliyi müstəqil şəkildə verən partiya mənsublarını da nəzərə alsaq, ümumilikdə 9 fevralda keçiriləcək parlament seçkilərində 30 siyasi partiya qatılacaq.

Maraqlıdır, apardığı seçki kampaniyasına görə hansı partiya sədri fərqlənir?

Müşahidələr göstərir ki, partiya sədrləri arasında aktiv kampaniya aparanlarla yanaşı, gündəlik fəaliyyətindən kənara çıxmayanlar da var.

79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizəd, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev kifayət qədər aktiv seçki kampaniyası aparır. Gündəlik keçirdiyi görüşlərə, media və sosial şəbəkələrdə apardığı kampaniyaya istinad etsək, Razi Nurullayevin parlamentə düşmək şansı kifayət qədər yüksək görünür.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, 15 saylı Yasamal Birinci Seçki Dairəsindən deputatlığa namizəd Sərdar Cəlaloğlunun isə seçki kampaniyası o qədər də aktiv getmir. Partiya sədrinin keçirdiyi görüşlər, mətbuatla iş və digər məsələlərlə bağlı fəaliyyəti hələlik məhduddur. S.Cəlaloğlunun sosial şəbəkə fəaliyyəti isə demək olar ki, yoxdur.

Eyni, yəni 15 saylı Yasamal Birinci Seçki Dairəsindən namizəd olan Müsavat başqanı Arif Hacılı isə seçki kampaniyasını daha çox sosial şəbəkə üzərindən qurub. Özünün Cebhe.info-ya açıqlamasında dediyinə görə, kampaniya müddətində buklet paylanılıb və ayrılan lövhələrə posterlər vurulub. Arif Hacılı sosial şəbəkə üzərində seçicilərə bir neçə dəfə müraciət ünvanlayıb.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, 17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən namizəd Əli Əliyev də sosial şəbəkə üzərindən seçicilərə müraciət etməyi üstün tutur. Partiya sədrinin seçicilərlə canlı görüşü ilə bağlı heç bir məlumat yoxdur.

Ümid Partiyasının sədri, 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd İqbal Ağazadə də kifayət qədər ciddi və aktiv seçki kampaniyası qurub. Seçicilərlə görüş, aparılan təşviqat və digər işlər İqbal Ağazadəni də şanslı namizədlərdən edir.

AĞ Partiyanın sədri, 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən namizəd Tural Abbaslı da seçki kampaniyasını daha çox sosial şəbəkədə aparır. T.Abbaslı sosial şəbəkə üzərindən daha çox qalmaqallı çıxışlar edir və seçiciləri seçkiyə çağırır.

Vətəndaş Həmrəyliyi partiyasının 61 saylı Neftçala Seçki Dairəsindən namizəd olan sədri Sabir Rüstəmxanlı da kifayət qədər aktiv seçki kampaniyası aparır. Seçiçilərlə görüşlərdən başqa sosial şəbəkələrdə də tərəfdarları və özü tərəfindən kampaniya qurulub.

Müsavat Partiyasının sabiq başqanı, 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən namizəd olan İsa Qəmbər də aktiv seçki kampaniyası aparmır. İsa Qəmbərin seçicilərlə görüşü və ya başqa bir fəaliyyəti ilə bağlı heç bir məlumat yoxdur.

V çağırış Milli Məclisdə təmsil olunan partiya sədrləri də seçicilərlə görüşlərini davam etdirir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, 36 saylı Xətai Dördüncü Seçki Dairəsindən namizəd Qüdrət Həsənquliyev də aktiv seçki kampaniyası aparır. Xüsusilə də son günlərdə seçicilərlə keçirdiyi görüşlərdə müşahidə olunan kütləvilik onun yolunun yenidən Milli Məclisdən keçə biləcəyini söyləməyə əsas verir.

Böyük Quruluş Partiyasının (BQP) sədri, 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən namizəd Fazil Mustafa da aktiv seçki kampanyası aparan partiya sədrlərindəndir. Seçilərlə görüşlər zamanı müşahidə olunan kütləvilik onu da şanslı namizədlərdən edir.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən namizəd Fərəc Quliyev isə aktiv seçki kampaniyası aparmağa üstünlük vermir.

Vəhdət Partiyasının sədri, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən namizəd Tahir Kərimlinin də kampaniyasını ortabab adlandırmaq olar. Hər halda seçicilərlə keçirdiyi görüşlərdə kütləvilik müşahidə olunmur.

Qeyd: Bu bizim dəyərləndirməmizdir, son sözü 9 fevralda Azərbaycan xalqı deyəcək!

Geri qayıt