Əsas Səhifə > Partiya, Güney Press > “Təkrar seçkilərin vaxtını prezident müəyyən edəcək”

“Təkrar seçkilərin vaxtını prezident müəyyən edəcək”


15-02-2020, 09:28
“Təkrar seçkilərin vaxtını prezident müəyyən edəcək”
Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilmiş dörd seçki dairəsində yenidən seçkilər keçiriləcək. Bu, Seçki Məcəlləsi ilə tənzimlənir.

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Seçki Məcəlləsinin 172-ci maddəsinə görə seçkilərin nəticələri müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, həmin dairə və ya dairələrdə əlavə seçkilər keçirilməlidir. Əlavə seçkiləri ölkə prezidenti təyin eləməlidir. Mərkəzi Seçki Komissiyasının üzərinə düşən isə əlavə seçkiləri təşkil etmək, keçirməkdir: “Hal-hazırda nəticələri ləğv edilən seçki dairələrində əlavə seçkilərin konkret nə zaman keçiriləcəyi cənab prezidentin müvafiq sərəncamından sonra bəlli olacaq. Qanunda konkret vaxt qoyulmur ki, əlavə seçkilər dairənin nəticələri ləğv ediləndən nə qədər müddət sonra keçirilməlidir. Seçkinin gününü təyin etmək prezidentin səlahiyyətində olduğu üçün prezident istədiyi zaman bu addımı ata bilər”.

MSK katibi onu da dedi ki, “nəticələri ləğv edilmiş dairədə əlavə seçkilərdə yalnız əvvəlki seçkidə namizəd olmuş şəxslərin iştirak etməsi mümkündür” kimi tələb və ya maddə qanunda yoxdur. Başqa vətəndaşlara da əlavə seçkilərdə iştirak etmək hüququ tanınır.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında parlament seçkiləri ilə əlaqədar dörd seçki dairəsinin nəticələri etibarsız sayılıb.

Belə ki, 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edilib.

MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairələrdə müvafiq olaraq Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadi Rəcəbli və Çingiz Qənizadə lider namizəd idilər.

MSK katibi onu da bildirdi ki, Seçki Məcəlləsinə tələbinə görə, Mərkəzi Seçki Komissiyası, Dairə və Məntəqə Seçki Komissiyaları da yeni Milli Məclis formalaşdıqdan sonra yenidən formalaşdırılmalıdır: “Seçki komissiyaları beş müddətinə seçilirlər. Mərkəzi Seçki Komissiyasını Milli Məclis formalaşdırır. Bundan sonra isə DSK və Məntəqə Seçki Komissiyaları formalaşdırılır. Yeni Milli Məclis nə zaman qərara gəlsə ki, komissiyalar formalaşmalıdır, o zaman da müvafiq addımlar atılacaq”.

Onu da qeyd edək, MSK sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan, 81 saylı Beyləqan, 123 saylı Kəlbəcər, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairələrindən MSK-ya ciddi iradların daxil oldğunu açıqlayıb: “Bu dairələrdən bu və ya digər mənada məlumatlar daxil olub. Çox ciddi. Biz araşdıracağıq və qanunvericiliyin tələbinə uyğun olaraq addımlar atacağıq. Özü də biz onu gecikdirmədən edəcəyik. Siz görəcəksiniz ki, günü sabahdan bizim bu istiqamətdə müəyyən addımlarımız olacaq. Bunu heç uzatmaq planımız yoxdur. Bu dairələrdən və sabah başqa dairələrdən də məlumat daxil olsa, onların hamısını gecikdirmədən araşdıracağıq. Özü də ictimaiyyəti də, kütləvi informasiya vasitələrini də cəlb edəcəyik. Ona görə də əlinizdə olan məlumatları bizə verin ki, biz onlardan istifadə edək”.

Geri qayıt