Əsas Səhifə > Partiya, Güney Press > 4 milyon manatın partiyalar arasında bölünmə qaydası
4 milyon manatın partiyalar arasında bölünmə qaydası21-02-2020, 10:11 |
4 milyon manatın partiyalar arasında bölünmə qaydası Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə görə, altıncı çağırış Milli Məclisdə dövlət qeydiyyatı olan 9 siyasi partiya təmsilçilik əldə edə bilib. Ən çox namizədi seçilən partiya hakim Yeni Azərbaycan Partiyasıdır. Bu partiyanın 74 namizədi qalib elan olunub, lakin sonradan ikisinin dairəsində seçkinin nəticələri ləğv edilib. Digər partiyaların isə qalib gələn namizədlərin sayına görə siyahı aşağıdakı kimidir: Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - 3 nəfər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - 1 nəfər Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) - 1 nəfər Ana Vətən Partiyası (AVP) - 1 nəfər Böyük Qurtuluş Partiyası (BQP) - 1 nəfər Vəhdət Partiyası (VP) - 1 nəfər Vətəndaş Birliyi Partiyası (VBP) - 1 nəfər Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) - 1 nəfər. Siyasi partiyanın ölkənin qanunverici orqanında təmsil olunması həmin partiyaya bir sıra üstünlüklər gətirir. Bu üstünlüklərdən-qazancdan biri də Milli Məclisdə təmsil olunan partiyanın dövlət büdcəsindən maliyyə almasıdır. Milli Məclisdə təmsil olunan siyasi partiyalara dövlət büdcəsindən vəsait “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən bölünür. Bu qanuna görə, siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür. Dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi isə irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünməlidir. 9 fevral seçkilərində bu hüququ qazanan partiyalar olmayıb. 2020-ci ilin dövlət büdcəsində Milli Məclisdə təmsil olunan siyasi partiyalara ümumilikdə 4 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Həmin 4 milyon manat vəsaitdən siyasi partiyalara maliyyə yardımı verilməsinə başlanıb. Belə ki, parlamentdə təmsil olunan partiyalar üçün 2 aylıq-yanvar və fevral ayları üçün vəsait ayrılıb və vəsaitlərin verilib. Adətən öncədən büdcədə siyasi partiyalar üçün nəzərdə tutulan vəsaitlər hər il rübün əvvəlində 3 aylıq olaraq ödənilirdi. Bu il növbədənkənar parlament seçkiləri ilə əlaqədar isə 3 aylıq deyil, 2 aylıq vəsait öncədən ayrılıb. Çünki növbədənkənar seçkilər olduğu üçün seçkilərdə həmin partiyaların nümayəndələrinin yenidən parlamentə seçilib-seçilməyəcəyi bilinmirdi. Fevral ayında isə V çağırış Milli Məclisin deputatlarının fəaliyyəti davam edir. Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsi yeni parlamentin tərkibini təsdiqləyənə qədər də deputatlar fəaliyyətdədir. Ona görə də Milli Məclisdə təmsil olunan partiyalar üçün yanvar və fevral ayları üçün vəsaitlər ayrılıb. Gələn aydan isə yeni Milli Məclisin tərkibində olacaq partiyalara dövlət büdcəsindən vəsait veriləcək. Seçkinin ilkin nəticələri dəyişməyəcəyi halda, qeyd etdiyimiz kimi, büdcədən maliyyələşən partiyaların sayı 9 olacaq. Dövlət qeydiyyatında olmayan REAL Partiyası və Razi Nurullayevin sədrlik etdiyi AXCP qarşıdakı müddətdə dövlət qeydiyyatına alınarsa, bu rəqəm 11-ə çata çatacaq. Yeni parlamentdə siyasi partiyaların əldə etdiyi mandatların sayına uyğun 4 milyon manat vəsait onlar arasında bölünəcək. Qaydaya görə dövlət büdcəsindən ayrılan vəsait rüblər üzrə bərabər hissələrlə siyasi partiyanın bank hesabına köçürülür. Beləliklə, 4 milyon manatın böyük hissəsi-təxminən 2 milyon manata yaxını YAP-a çatacaq. Parlamentdə üç deputatla təmsil olunacaq VHP-yə isə illik 400 min manat civarında vəsait ayrılacaq. İllik hər birinə təxminən 120 min manat olmaqla isə Milli Məclisdə 1 deputatla təmsil olunan partiyalara vəsait çatacaq. “Yeni Müsavat” Geri qayıt |