Əsas Səhifə > Partiya, Güney Press > "Onlar ”Bəlkə də qaytardılar" düşüncəsi ilə yaşayırlar"
"Onlar ”Bəlkə də qaytardılar" düşüncəsi ilə yaşayırlar"27-02-2020, 10:51 |
Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün fevralın 26-da Konstitusiya Məhkəməsinə təqdim edib. Seçki Məcəlləsinin 171.1, 171.3, 171.4-cü maddələrinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir. Konstitusiya Məhkəməsinin seçkilərin yekunlarını və nəticələrini yaxın günlərdə təsdiq edəcəyi ehtimal edilir. Böyük ehtimalla bu həftənin sonunadək məsələ həllini tapacaq. Martın 3-də isə yeni Milli Məclisin ilk iclasının keçiriləcəyi gözlənilir. Qaydaya görə, ilk iclasa sədrliyi Milli Məclisin ən yaşlı deputatı etməlidir. Yeni Milli Məclisə seçilən deputatlar sırasında ən yaşlısı Fəttah Heydərovdur. Odur ki, ilk iclasa Fəttah Heydərov sədrlik edəcək. İclasda Milli Məclisin yeni sədri və sədr müavinləri seçiləcək. Maraqlıdır ki, yeni Milli Məclis hələ fəaliyyətə başlamadan onun da vaxtından əvvəl buraxılacağı və yenidən növbədənkənar parlament seçkiləri keçiriləcəyi barədə sosial şəbəkələrdə, müxtəlif saytlarda iddialar irəli sürülür. İddialarda bu prosesin 2022-ci ildə baş verəcəyi qeyd edilir. Bu cür iddialarla əsasən bəzi deputatlığa namizəd olmuş şəxslər, müxalifətçilər çıxış edirlər. Hakim Yeni Azərbaycan Partiyasından isə bu iddiaların heç bir əsasının olmadığı bəyan edilir. YAP-çı deputat Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu cür fikirləri irəli sürən insanlar sağlam düşüncə qabiliyyətini itirmiş insanlardır: “Onlar ”Bəlkə də qaytardılar" düşüncəsi ilə yaşayırlar. Ölkədə demokratik, şəffaf seçkilər keçirilib. Nəzərə alsaq ki, bu seçkini 883 beynəlxalq müşahidəçi, 70 minə yaxın yerli müşahidəçi izləyib və onların mütləq əksəriyyəti seçkini yüksək qiymətləndirib. 58 dövlətdən, 69 beynəlxalq təşkilatdan müşahidəçilər olub. Dünyanın 132 kütləvi informasiya vasitələri seçkini işıqlandırıb. Bütövlükdə bu seçkilər Azərbaycanın seçdiyi demokratik inkişaf yolunda növbəti mühüm mərhələ oldu. Seçkilərdə namizədlərin sayı bir daha təsdiq edir ki, bu seçkilər necə azad rəqabətli olub. Təxminən bir yer uğrunda 10 namizəd mübarizə aparıb. Bütün bunlardan sonra hesab edirəm ki, məğlub tərəf bir siyasi mədəniyyət ortaya qoymalıdır, qalibi təbrik eləməlidir. Təəssüf ki, biz bunun şahidi olmadıq. MSK öz işini qanun çərçivəsində uğurla həyata keçirdi. Xeyli sayda seçki məntəqələrində qüsurlar aşkar edildi və həmin məntəqələrdə nəticələr ləğv edildi, 4 seçki dairəsində nəticələr ləğv edildi. Bütün bunların hamısı onu göstərir ki, sözün həqiqi mənasında Azərbaycanda normal demokratik seçkilər keçirilib. İndi də uduzan tərəflərdə siyasi mədəniyyət çatmır ki, qalib tərəfi təbrik etsinlər. Hər yerdən əlacları kəsildiyi üçün indi də iddialar irəli sürürlər ki, bir müddət sonra bu parlament buraxılacaq və yeni seçkilər keçiriləcək. Bu fikirləri irəli sürməklə həm də sanki özlərinə təsəlli verirlər". E.Nəsirov qeyd etdi ki, bu düşüncədə olan insanların uduzması labüd idi. Hələ fəaliyyətə başlamayan Milli Məclisin buraxılacağı və yenidən növbədənkənar seçkilərin keçiriləcəyi barədə iddialar mənasız, əsassızdır: “Parlament seçkiləri beş ildən bir həyata keçirilir. Hesab edirəm ki, yenidən növbədənkənar seçkilər keçiriləcəyi barədə bəyanatlar heç bir reallığa söykənmir. O iddiaları irəli sürənlərə sual edirəm ki, əgər bir müddət və ya bir ildən sonra növbədənkənar parlament seçkiləri keçiriləcəksə, onda niyə seçkidən sonra bu qədər canfəşanlıq edirlər, ”qələbəmiz tanınmalıdır"-deyə tələblər irəli sürürlər, qeyri-qanuni aksiyalar keçirirlər. Belə çıxır ki, o adamlar bir müddət sonra buraxılacağını düşündükləri parlamentə düşmək üçün cəhd edirlər? Davranışlarınızla bəyanatınız arasında məntiqsizliyin fərqindəsinizmi?! Bax, bu suallara cavab versinlər". Geri qayıt |