Əsas Səhifə > Partiya, Güney Press > Siyasi partiyalar: Kimi öz evində, kimi dövlət evində...

Siyasi partiyalar: Kimi öz evində, kimi dövlət evində...


29-02-2020, 10:08
Siyasi partiyalar: Kimi öz evində, kimi dövlət evində...
Ölkəmizdə qeydiyyatdan keçmiş 54 siyasi partiya fəaliyyət göstərir.

Bundan başqa bir çox partiyalar da var ki, onların dövlət qeydiyyatı olmasa da, aktiv fəaliyyət göstərirlər. Ötən gün Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin sosial şəbəkədə partiyaların qərargahla təmini üçün Prezident Aparatında görüşə dəvət alması ilə bağlı paylaşdığı məlumat məsələni yenidən gündəmə gətirib.

Maraqlıdır, hansı partiyanın ofisi var və hansı şərtlə fəaliyyət göstərir?

Cebhe.info xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyası böyük resurslara malikdir və partiyanın qərargahı ilə yanaşı demək olar bütün rayon təşkilatlarının inzibati binası var.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) şəxsi əmlakı olan ofisi yoxdur. Partiyanın mətbuat katibi Vüsal Qarayev Cebhe.info-ya açıqlamasında deyib ki, partiya “TALK TV” internet televiziyasının ofisində fəaliyyət göstərir. Qeyd edək ki, ofis “Gənclik”də yerləşir.

Qərargaha sahib olan siyasi təşkilatlardan biri də Müsavat Partiyasıdır. Müsavat Partiyası Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3097-ci məhəllədəki 4 mərtəbəli binada yerləşən qərərgahda 2003-cü ildən fəaliyyət göstərir. Müsavatın icarə olan qərargahı 4 mərtəbəli binada yerləşsə də, onun yalnız iki mərtəbəsi partiyaya məxsusdur. Partiyadan bildirilib ki, hər ay kommunal xərclərlə birgə 1000-1200 manat civarında dövlət rüsumu ödənilir.

Böyük Quruluş Partiyası (BQP) da qərargahı olan təşkilatlardandır. Qeyd edək ki, qərargah partiyaya dövlət tərəfindən icarəyə verilib.

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) da qərargahı var. Partiyanın qərargahı Əlibəy Hüsenzadə 64 ünvanında yerləşir. Qərargaha partiyaya məxsus deyil, icarədir.

Azərbaycan Demokrat Partiyasının (ADP) 1992-ci ildən Ələşrəf Əlizadə 13 ünvanında yerləşən qərargahı dövlətdən 25 illiyə icarəyə götürüb. Amma bina partiyaya deyil, "Hürriyyət" qəzetinə icarəyə verilib. Belə demək mümkündürsə, qəzet icarəyə götürdüyü binada partiyaya yer verib. Partiyadan verilən məlumata görə, aylıq ofis xərcləri təxminən 600-800 manat civarındadır.

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) da qərargahı olan partiyalardandır. Əvvəl Xətai rayonu, Xaqani Rüstəmov küçəsi, 1210-cu məhəllədə yerləşən 6 mərtəbəli binada fəaliyyət göstərən partiya sonradan ofisini dəyişib. Qeyd edək ki, Xətai rayonundan yerləşən 6 mərtəbəli binanın tikintisinin 300 min manata başa gəldiyi deyilirdi. VHP-nın hazırda fəaliyyət göstərdiyi qərargah isə Bakı şəhəri, Tbilisi pr. 506 ünvanında yerləşir.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) da ofisi var. Partiyanın ofisi Yasamal rayonu ərazisində, “Nizami” metrostansiyasının yaxınlığında yerləşir. Qərargahın özəl mülk, yoxsa icarə olduğu bildirilmir.

Ümid Partiyası da ofisi olan partiyalardandır. Bakı şəhəri, Nərimanov rayonu, İ.Xəlilov küçəsi, 1929-cu məhəllədə yerləşən qərargah partiyanın özünə məxsusdur.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) da qərargahı var və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 18 ünvanında yerləşir. Binanın mülkiyyətinin kimə məxsusluğu bildirilmir.

Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), ReAl Partiyası da qərargahı olan siyasi təşkilatlardandır. Məlumata görə, ASDP və BAXCP-nin binası icarə, ReAl-ın ofisi isə özəl mülkdür.

AĞ Partiya isə özünə yeni kirayə ofis tapıb. Yasamal rayonunda yerləşən ofis partiya tərəfindən təxminən 4 ay əvvəl icarəyə götürülüb.

Azərbaycan Xalq Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası da qərargahı olmayan partiyalardandır. Görünən odur ki, bu partiyaların Prezident Aparatına müraciəti məhz bununla bağlıdır.

Geri qayıt