Əsas Səhifə > Partiya, Güney Press > "Dedi-qodu yaratmaq, bunu ictimai rəyə yönəltmək doğru deyil"

"Dedi-qodu yaratmaq, bunu ictimai rəyə yönəltmək doğru deyil"


4-03-2020, 08:45
"Dedi-qodu yaratmaq, bunu ictimai rəyə yönəltmək doğru deyil"
Bir neçə həftə əvvəl Çinin Uhan şəhərindən koronavirus xəbərləri gələndə, ölənlərin sayının artdığını oxuyanda Azərbaycan cəmiyyəti gedişatı hələ sakit qarşılayırdı. Dünyanın çinlilərə qapılarını bağlamağa başlaması, aviareyslərin dayandırılması da bizi hürkütmürdü.

Fikirləşirdik ki, uzaq Şərqi Asiyada, 1, 5 milyard əhalisi olan ölkədə yayılmış epidemiyadan bizə nə, onsuz da çox uzağıq, bura gələnə qədər havalar istiləşəcək, viruslar məhv olacaq. Amma sən saydığını say, gör koronavirus nə saydı...

İldırım sürəti ilə sərhədlərimizə yaxınlaşan bu fəlakət ən çox gediş-gəliş, tranzit, ticarət olan qonşumuz İranı yaxaladı.

Və nəinki cənub qonşumuzda virusa yoluxanlar var, artıq ölənlərin sayı 77-yə çatıb, hətta ali dini rəhbər Əli Xameneinin müşaviri koronavirusdan dünyasını dəyişib, 23 deputat da yoluxub, ölkədə isə gərginlik, panika var.

Buna qədər İraq, Küveyt ilk addımları atmışdı, sərhədləri bağlamışdı, sonra Türkiyə və digər sərhəd ölkələr də İranla əlaqəni kəsdilər. Sosial media fəalları Azərbaycan tərəfinin də bu addımı atmasını tələb edirdi.

Nəhayət, virusun arxasındakı qlobal təhlükənin miqyasını gördükdən sonra ötən həftə İranla sərhədimiz rəsmən bağlandı.

Əslində gediş-gəliş tamamilə məhdudlaşdırılmışdı, bu sətirlərin müəllifi sərhəddə olarkən özü görmüşdü.

Sadəcə, vəziyyətin getdikcə dramatikləşməsi Azərbaycanı İranla əlaqəni rəsmən dayandırmağa vadar etdi. Amma bu da yetərli olmadı: Gürcüstan və Belarus sərhədlərində Azərbaycandan gedən vətəndaşlarda koronavirus aşkarlanması, sonra 1 Rusiya, iki Azərbaycan vətəndaşında ölkəmizin hüdudlarında koronavirus tapılması, hazırda onların xüsusi karantində saxlanmaları istər rəsmi strukturları, istərsə də cəmiyyəti silkələdi.

Ona görə də martın 2-də Nazirlər Kabinetinin cəmiyyətdən gələn sosial sifarişi qulaqardı etməməsi, bütün təhsil müəssisələrində müvəqqəti dərsləri dayandırması yerində verilmiş qərar idi.

Çünki yüksək inkişaf etmiş, öz resurslarına, tibbi potensialına, texniki imkanlarına güvənən ölkələr belə koronavirus isterikası yaşamaqdadırlar.

Hazırda Yaponiya, Cənubi Koreya kimi dövlətlər, habelə Fransa, İtaliya, Almaniya kimi nəhəng Qərb ölkələri, o cümlədən ABŞ, Rusiya və s. yerlər koronavirusla bağlı bütün qabaqlayıcı tədbirləri görməkdədirlər.

Son 24 saat ərzində Ermənistan, Çexiya, Dominikan Respublikası, Lüksemburq, İslandiya və İndoneziyada koronavirus xəstəliyinə ilk yoluxma halları qeydə alınıb.

Odur ki, cənub qonşusu İranda koronavirusdan ölənlər olan Azərbaycanın da kompleks profilaktik tədbirləri görməsi, məktəblərdə dərsləri dayandırması, dezinfeksiya işləri həyata keçirilməsi qaçılmaz idi.

Yeri gəlmişkən, Azərbaycanda son illərdə ilk dəfə təhsil ocaqlarında tədris dayandırılır. Düzdür, 2019-cu ildə güclü külək səbəbindən 1-2 günlük tətil olmuşdu, amma koronavirus bütün bağça, orta və ali məktəblərin bağlanmasına səbəb oldu.

Martın 3-də verilən xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb. Digər təhsil müəssisələrində isə dezinfeksiya işlərinin aparılması davam etdirilir.

Deputat Fazil Mustafanın “Yeni Müsavat”a bildirdiyinə görə, bütün bunlar Azərbaycanın iradəsi ilə ölçülmür. Onun sözlərinə görə, koronavirus beynəlxalq təhlükədir və biz özümüzdən yeni heç nə icad etməmişik, sadəcə, profilaktik tədbirlər görmək üçün dünya praktikasını tətbiq edirik.

“Əgər qonşuluqdakı Gürcüstanı, Türkiyəni, İranı bu epidemiya bürüyürsə, biz məcburi olaraq qabaqlayıcı addımlar atmalıyıq. Yəni burada qeyri-adi hər hansı ixtira həyata keçirmirik, dünya təcrübəsindən istifadə edirik.

Hesab edirəm ki, dedi-qodu yaratmaq, bunu ictimai rəyə yönəltmək doğru deyil. Biz dövlətin səhiyyə qurumlarına güvənməliyik.

Çünki Azərbaycan özündən virus icad etməyib, dünyanın üzləşdiyi təhlükə ilə hamı kimi mübarizə aparır.

Ona görə də TƏBİB və digər tibb orqanlarına etibar etmək lazımdır, irad və narahatlıq axtarmaq lazım deyil", -deyə deputat qeyd etdi.

F.Mustafa məktəblərin dayanmasını düzgün qərar kimi qiymətləndirir: “Ola bilsin ki, təhlükə üçün ciddi əsas yoxdur. Amma biz profilaktik tədbirlər görməsək, məktəblərdə dərsləri dayandırmasaq, deyəcəkdilər ki, vaxtında niyə addım atmadınız. O baxımdan düzgün qərar verilib. Biz cəmiyyət olaraq sistemli mübarizə aparmalıyıq, laqeyd qalmamalıyıq”.

Qüdrət Həsənquliyev: “Qorxu mühiti yaradıb insanlara gərginlik yaşatmayaq”

BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin sözlərinə görə, Fövqəladə Hallar və Səhiyyə nazirlikləri virusun geniş yayılmasının qarşısının alınması üçün lazımi addımları atır.

O bildirib ki, bəzi şəxslərin virusla bağlı atılan addımlara görə Çini nümunə göstərməsi doğru yanaşma deyil: “Virusun mənbəyi Çindir, bizdə o qədər yayılmayıb ki, o miqyasda tədbirlər də görülsün.

Bundan başqa, Çin dünyanın müasir texnologiyaya malik, güclü sənayesi olan, inkişaf etmiş super dövlətlərindən biridir. Ona görə də bəzi adamların siyasi məqsədlərlə bizi Çinlə müqayisə etməsi yanlışdır.

Ən başlıcası, şayiələr yaymaqla qorxu mühiti yaradıb insanların gərginlik yaşamasına imkan vermək olmaz. Stress immuniteti aşağı saldığı üçün insanların xəstəliklərə yoluxma ehtimalını da kəskin artırır. Ona görə də gigeyinik qaydalara ciddi əməl olunmalı, kənar şəxslərlə ehtiyac olmadığı təqdirdə təmaslardan qaçmaq, xarici səfərlərdən imtina etmək lazımdır".

Kamran Əsədov: “Məktəblilər fürsətdən istifadə edib əyləncə mərkəzlərinə getməməlidirlər”

Təhsil eksperti Kamran Əsədov isə Axar.az-a deyib ki, pedaqoji təcrübəyə görə, dərs günlərinin müddətinə 15 gündən artıq tətil əlavə edilərsə, yay tətili günlərində həmin tətil dərslərlə əvəz edilməlidir: “Ancaq burada məqam fərqlidir. Elan edilən tətil müddəti 15 gündən azdır, yəni cəmi dördgünlükdür. Yenə də maraqlıdır ki, bu 4 gün hansı günlərlə əvəz olunacaq? Apreldə heç bir tətil və bayram günü yoxdur. Bu səbəbdən itirilmiş günləri bərpa etmək məqsədilə həftəsonu məktəblərdə dərs günü elan edilə bilər. Başqa bir versiya isə dərslərin birləşdirilməsidir”.

Ekspert bildirib ki, məktəblilər fürsətdən istifadə edib əyləncə mərkəzlərinə getməməlidirlər. Qeyd edək ki, dünyada koronavirusdan 3043 nəfər ölüb.
“Yeni Müsavat”

Geri qayıt