Əsas Səhifə > Partiya, Güney Press > Müxalifət mitinq üçün ilin sonununadək gözləyə bilər
Müxalifət mitinq üçün ilin sonununadək gözləyə bilər18-03-2020, 08:45 |
Dünyanı ağuşuna alan koronavirus Azərbaycanı da hərəkətə gətirib. Artıq demək olar ki, bütün sahələr üzrə dəhşətli virusun ölkə daxilində yayılmaması üçün çox ciddi addımlar atılmaqdadır. Koronavirus Azərbaycan müxalifətinin mitinq məsələsini də gündəmə gətirib. Demokratik düşərgə yazdan etibarən kütləvi aksiyalara başlayacaqlarının anonslarını verməkdədir. Xüsusilə 9 fevraldakı növbədənkənar parlament seçkilərindən sonra bu tipli çağırışlar daha çox səslənməkdədir. Burada əsasən Əli Kərimlinin AXCP-sindən ibarət olan Milli Şura daha fəal görünür. Belə bir şəraitdə mitinq üçün müraciət olunarsa, Azərbaycan hökumətinin hansı addımları atmalı olduğu məsələsi gündəmə gəlir. Aksiyalara icazə verilməzsə, bu, haradasa “Sərbəst toplaşmaq azadlığı”nın pozulması anlamına gələ bilər ki, müxalifət də bundan rəqibinə qarşı yararlanmağa cəhd edə bilər. YAP-çı deputat Elman Nəsirov virusa qarşı hər iki düşərgənin birlikdə hərəkət etməsini vacib sayır: “Koronavirus artıq elə bir qlobal təhlükə mənbəyinə çevrilib ki, Antarktidadan başqa bütün qitələri əhatə edib. 19 il idi ki, dünya üçün ən çox təhlükə mənbəyi beynəlxalq terrorizm hesab olunurdu. Artıq son üç ayda beynəlxalq terrorizm deyil, koronavirus dünya üçün ən təhlükəli mənbəyə çevrilib. Bu, iqtidarı da, müxalifəti də hədəfə alır. Bütün dünya ölkələrində belədir. Bu məntiqlə çıxış edərək, hesab edirəm ki, ölkəmizdə çox ciddi siyasi islahatların əsası qoyulmaqdadır. Bu islahatları partiyalararası dialoqdan kənar təsəvvür etmək mümkün deyil. Cənab Prezident parlamentindəki çıxışında da məsələni məhz bu cür qoydu. Belə olan vəziyyətdə bu günləri iqtidar-müxalifət dialoqunun hesab edirəm ki, ən mühüm, ən vacib mövzusu koronavirus olmalıdır. Bu günləri müxalifət ümumbəşəri bəlaya qarşı xalqımızı bu təhlükədən qorumaq üçün öz təkliflərini irəli sürməli, çıxış yollarını göstərməlidir. Eyni zamanda bu istiqamətdə iqtidarla dialoqa getməlidir. İqtidara da müxalifətlə bu istiqamətdə danışıqlar aparmaq lazımdır. İndiki vaxtda yeganə problem ölüm-qalım məsələsidir. Ona görə də bu reallıq fonunda heç bir mitinq keçirməyin mənası yoxdur. Heç bir toplanış keçirməyə də ehtiyac duyulmamalıdır. Bu gün yeganə vacib məsələ odur ki, xalqımızı bu bəladan necə qurtaraq, necə edək ki, insanlarımızın yaşamaq hüququ təmin olunsun. Belə olan vəziyyətdə hesab edirəm ki, müxalifət hazırda yazın gəlişi ilə bağlı mitinq keçirmək haqqında düşünməkdənsə, onun üzərində düşünməlidir ki, hökumətə bu bəlanın aradan qaldırılması istiqamətində gördüyü işlərdə necə öz töhfəsini, dəstəyini versin. Düşünürəm ki, məsələ məhz bu cür qoyulmalıdır”. BAXCP sədrinin müavini Elçin Mirzəbəyli: “Koronavirus təhlükəsi tamamilə sovuşanədək bütün kütləvi tədbirlər qadağan olunmalıdır. Düşünürəm ki, ən azından bu ilin sonunadək kütləvi tədbirlərin keçirilməsinə razılıq verilməməlidir. Sərbəst toplaşmaq azadlığı, şübhəsiz ki, konstitusiya hüququdur. Amma nəzərə almaq lazımdır ki, söhbət vətəndaşların həyatlarının təhlükəsizliyindən gedir və dövlətin konstitusiyadan irəli gələn ən birinci vəzifəsi də məhz vətəndaşların həyatlarının təhlükəsizliyini təmin etməkdir. Hazırda dünyanın bir çox ölkələrində bir neçə nəfərlik iclaslar belə videokonfrans formatına keçirilib. Hətta G7 ölkələri belə öz toplantılarını videokonfrans formatında keçirdilər. Bu baxımdan, mitinqin virtual keçirilməsi də mümkündür. Əslində bu, radikal düşərgə üçün daha məqbul variantdır. Bu yolla həm təhlükəsizliklərini təmin edə, həm də prosesə trollarını cəlb etməklə virtual mitinq iştirakçılarının sayını xeyli ”artıra" bilərlər". “Yeni Müsavat” Geri qayıt |