Əsas Səhifə > Partiya, Güney Press > "Malı mala qatmamaq çox vacib əməllərdən birdir"

"Malı mala qatmamaq çox vacib əməllərdən birdir"


20-04-2020, 08:45
"Malı mala qatmamaq çox vacib əməllərdən birdir"
Səhifəmdə xeyli yorucu insanlar peyda olublar. Kimisi tipik qaraguruhçudur, beynində nə oturubsa 30 il öncə dəyşmədən, yeni bir şey əlavə etmədən eyni şeyləri təkrarlayır. Aralarında illərdir münasibətim olan insanlar da var. Biriləri də hakimiyyətdən narazıdır, öz səhifəsində bircə cümlə yazmağa qorxur, mənim səhifəmdə şirə, pələngə dönür, aradabir sətiraltı bizə də qəhrəmanlıq mühazirəsi oxuyur. Digəri bu səhifəyə sosial müdafiə nazirliyinin şöbəsi kimi baxır, ancaq yardım və dəstək istəyir. Başqa birisi həbs olunan kiminsə müdafiəsini mənim səhifəm üzərindən gerçəkləşdirməyə çalışır. O birisi kimisə müdafiə etməyimə qarışır və haqsızlığını üzə çıxaran kimi, başlayır ki, bəs fərqli fikirlərə hörmətlə yanaşmaq lazımdır. Bəzən o qədər bəsit mühakimələrlə rastlaşırsan ki, hamını təzədən silib yenidən dostluğa seçmə üsulu ilə adamlar qəbul etməyi düşünürsən. Dünən bir xanım yazıb ki, siz niyə "Böyük Vətən müharibəsi ifadəsi ilə bağlı etiraz müraciətinə qoşulmursunuz? Yazıram ki, ay xanım siz əgər mənim dostluğumdasınızsa, ən azı bilməliydiniz ki, bu məsələni ilk dəfə əsaslı arqumentlərlə Milli Məclisdə mən qaldırmışam, çıxış edənlərin də hamısı əleyhimə olub, sonra da saytlarda gedən bu informasiyanı paylaşmışam. Ardınca artıq cəmiyyədə bu məsələ müzakirə mövzusuna çevrilib. Demək mənim səhifəmdən oxumursunuz, sonradan bu ideya başqa səhifələrdə peyda olanda həyəcanlanıb məndən mövqe tələb edirsiniz? Elə dərhal mənim Milli Məclisdə qaldırdığım fikri dəstəkləyəydiniz də! Demişdik ki, bizim üçün Böyük Vətən- Azərbaycandır, Böyük Vətən müharibəsi də Qarabağ savaşıdır! Yaxud da İbn Haldunun sözlərini paylaşmışam, baxıram yazanlar hamısı elə bilirlər ki, İbn Haldun Bakıya turist səfərinə gəlmiş ərəblərdəndir, dərhal tökülüb onun fikirlərinin doğru olmadığını isbat etməyə başladılar. Halbuki ortaçağın bu böyük mütəfəkkirinin bir cümləsi ilə indiyədək tanış olmadıqları göz qabağında idi. Yalnız bizim durumumuz belə deyil e... Dostlarımızdan biri baxıram, böyük yunan şairi Seferisdən mükəmməl bir kəlam paylaşıb, tökülüb hamısı bu Nobel mükafatçısını haqsız çıxarmağa. Hiss olunur ki, bircə misrası ilə də tanış olmadan beynin dar yerində nə varsa dəxli oldu-olmadı yazmağa vərdişlidirlər. Ancaq pozitiv enerji, düşüncə dəstəyi aldığımız dostlarımız az da olsa var deyə, karantin rejimi tətbiq etməyə tərəddüdlə yanaşırsan. Çox güman ki, koronavirusdan sonrakı dövrdə hamını eyni vaxtda dostluqdan çıxarıb, fərdi qaydada dünyagörüşündən faydalanacağım insanlara özüm dostluq göndərəcəyəm. İnanın ki, minlərlə insan məndən incikliyini bildirir ki, dostluq göndərirəm, qəbul etmirsiniz. Əslində burada da ən sərt karantin rejimi olmalıdır, məhdud sayda şəxslərə səhifəyə buraxılış izni verilməlidir. Düşüncə koronavirisuna yoluxmamanın tək yolu elə fərqli dünyagörüşlərin sosial məsafəsini doğru müəyyənləşdirməkdir. Əlbəttə, bu yazılanlar seçicilərə aid deyil, onların problemlərini müzakirə etdiyimiz ayrıca səhifə yaratmışıq, adı da "Bakıxanov seçiciləri ilə təmas qrupu"dur. Sosial məslələri, vətəndaş problemlərini burada ağırlıqlı olaraq seçicilərlə müzakirə edib, lazım olan addımları atmağa çalışırıq. Yəni, loru dildə desək, malı mala qatmamaq çox vacib əməllərdən birdir. Xeyirli karantinlər!
Fazil Mustafa, Millət vəkili
//moderator.az//
Geri qayıt