Əsas Səhifə > Partiya, Güney Press > “Düşünürəm ki, bununla bağlı qərarlar olacaq”

“Düşünürəm ki, bununla bağlı qərarlar olacaq”


23-04-2020, 16:23
“Düşünürəm ki, bununla bağlı qərarlar olacaq”
Aprel ayının ölkəmizdə yadda qalan siyasi hadisələrindən biri də iki müxalifətyönlü siyasi partiyanın dövlət qeydiyyatına alınması oldu. Lakin bununla qeydiyyatını gözləyən partiyaların sayı sıfıra enmiş olmadı. Belə ki, 2015-ci ildən AXCP-nin də dövlət qeydiyyatı yoxdur və məsələ hələ də həllini tapmayıb. 2015-ci ilə qədər dövlət qeydiyyatı olmuş bu partiyanın beş ildir qeydiyyatsız qalması o dövrdə partiyanın iki hissəyə bölünməsindən sonra başlayıb. Partiyanın sədr müavini Razi Nurullayev qurultay keçirərək sədr seçilib və AXCP-nin məhz onun sədrlik etdiyi partiya olduğunu bəyan edərək qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət eləyib. Əli Kərimli isə Razi Nurullayevin və onunla birlikdə bir qrupun partiyadan ayrıldığını elan edib. Əli Kərimli AXCP-nin məhz onun sədrlik etdiyi partiya olduğunu bəyan edərək qurultay keçirib. Qurultaydan sonra partiya qeydiyyata alınmayıb.

Beləliklə, AXCP-nin qeydə alınması bu günə qədər müsbət həllini tapmır.

Razi Nurullayevin deputat seçildiyini nəzərə alsaq, onun sədrlik etdiyi AXCP qeydiyyata alınacağı halda parlament partiyası statusuna sahiblənmiş olacaq.

Bəs, Razi Nurullayev sədrlik etdiyi partiyanın AXCP olaraq və ya hansısa yenilənmiş adla dövlət qeydiyyatına alınması üçün rəsmi müraciət etməyi düşünürmü?

Deputat Razi Nurullayev Musavat.com-a öncə bildirdi ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin siyasi partiya sədrləri ilə görüşünü və bu görüşlərin ardından konkret müsbət nəticələrin olmasını yüksək dəyərləndirir: “Azərbaycanda siyasi islahatlar üçün ciddi addımlar və stimul olduğunu düşünürəm. Düşünürəm ki, mənim də təmsil etdiyim partiya ilə bağlı müəyyən məsləhətləşmələr və qərarlar olacaq. Mən bunu gözləyirəm, amma konkret olaraq özümün müraciət etməyimi yersiz görürəm. Hesab edirəm ki, əgər bir proses başlayıbsa, bu prosesin gedişində mənimlə də bağlı müəyyən məsləhətləşmələr olacaq. Yəqin ki, uyğun olan qərar da verilər. Ancaq qərar hansı şəkildə verilə, nəyin üzərində dayana bilərik məsələsi məsləhətləşmələrin və müzakirələrin əsasında ortaya çıxa bilər. Ona görə də bu gün üçün mən konkret söz deyə bilmərəm. Qeydiyyat üçün 2015-ci ildə müraciət etmişdik, ikinci, üçüncü dəfə müraciət etmək üçün heç bir hüquqi əsas olmayıb. Çünki söhbət partiyanın mənim adıma rəsmiləşdirilməsindən gedirdi. Bizdə məsələ konkret olduğu üçün bir dəfə müraciət etmişik”.

R.Nurullayev onu da dedi ki, partiyanın onun adına rəsmiləşdirilməsi, qeydiyyatı partiyanın parlament partiyası olması demək olacaq: “Partiyanın üzvü, sədri Milli Məclisin üzvüdürsə və sonra onun təmsil etdiyi partiya dövlət qeydiyyatına alınırsa, həmin partiya parlament partiyasına çevrilir”.
Musavat.com

Geri qayıt