Əsas Səhifə > Partiya, Güney Press > “Təhlillər radikal müxalif münasibətin ölkəmizə xeyir vermədiyini göstərir”
“Təhlillər radikal müxalif münasibətin ölkəmizə xeyir vermədiyini göstərir”25-04-2020, 11:10 |
Xəbər verildiyi kimi, REAL Partiyasının sədri İlqar Məmmədov və partiyanın funksioneri Rəsul Cəfərov aprelin 23-də bəraət alıblar. Onlara təzminat ödənilməsi barədə qərar da çıxarılıb. Hakimiyyətlə dialoqdan imtina edən müxalifət partiyalarının bəzi yetkililəri isə məsələyə “Hakimiyyət niyə müxalifətin bir hissəsinə bəraət və təzminat verir, başqa hissəsini düşmən elan edir” sualını qoyaraq fərqli münasibət sərgiləyir. Böyük Azərbaycan Partiyasının sədri Elshad Musayev bu barədə Musavat.com-a bildirdi ki, Sülhəddin Əkbərin sədri olduğu Azad Demokratlar Partiyasının qeydə alınmasından sonra hakimiyyətin müxalifətə yönəlik daha bir ciddi addımı məhz İlqar Məmmədovla bağlı olub: “Ali Məhkəmə ilk dəfədir ki, belə vacib qərar qəbul etməklə əvvəlki məhkəmə hökmlərinin səhv olduğunu etiraf edir. Obyektivlik naminə qeyd etmək lazımdır ki, Ali Məhkəmənin timsalında hakimiyyətin atdığı bu addım müsbət qiymətləndirilməlidir. Biz illərlə deyirik ki, məhkəmələrdə müxalifətçilərə, müstəqil media təmsilçilərinə qarşı qəbul olunmuş yanlış məhkəmə hökmləri ləğv olunub bəraətlə əvəz olunsun. İndiki halda bəraət verilib, bunun nəyi pisdir? Əgər Ali Məhkəmənin Plenumu əvvəlki məhkəmə hökmlərini qüvvədə saxlasaydı, nə olacaqdı? Bu, yaxşı presedentdir və çalışmalıyıq ki, onlar daha çox adama tətbiq olunsun. Məhkəmələr doğrudan da ədalət mühakiməsini həyata keçirsinlər, qanunsuz, ədalətsiz qərarlar, hökmlər verməsinlər. İqtidar-müxalifət mübarizəsi məhkəmə, həbsxana müstəvisində deyil, seçki müstəvisində olsun. Şəxsi münasibətlərimizdən, ideoloji mövqemizdən asılı olmayaraq istənilən şəxsə, xüsusən də müxalifət və media təmsilçilərinə yönəlik verilən bəraət hökmlərini məqbul hesab etməklə belə addımların davam etməsini arzulayıram. O ki qaldı hakimiyyətin müxalifətin fərqli hissələrinə fərqli münasibət göstərməsi məsələsinə, məncə, sual hakimiyyətin özünə verilməlidir. İndiki halda mən konkret fakta qiymət verirəm. Təhlillər radikal müxalif münasibətin ölkəmizə xeyir vermədiyini göstərir. Düşünürəm ki, hakimiyyət də, müxalifət də radikal səngərdən daha rasional mövqeyə keçməlidir. İndiki pandemiya ilə mübarizə şəraitində isə münasibətlər daha mülayim müstəviyə gətirilməlidir”. Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, ölkədə yeni siyasi konfiqurasiyanın qurulduğu, yeni siyasi yumşalmalara gedilməsi xüsusilə prezident İlham Əliyevin təşəbbüsü ilə baş verir: “Bu siyasi yumşalma cəmiyyətdə yeni müsbət dəyişikliklər, yeni siyasi perspektivlər vəd edir. Siyasi partiyalarla dialoqun başlaması, prezident administrasiyasında bununla bağlı iş şöbəsinin partiya sədrləri ilə dialoqu, mütəmadi əlaqələrin saxlanması, dialoqun davam etdirilməsi dövlətçiliyin möhkəmlənməsinə və iqtidar-müxalifət anlaşması fonunda cəmiyyətin siyasi cəhətdən inkişafına gətirir. Əslində iqtidar tərəfi heç kimə ayrı-seçkilik qoymadan ilk gündən bütün müxalifət partiyalarına dialoq çağırışı etdi, görüş dəvəti bütün partiyaların sədrlərinə oldu. Əksər müxalifət partiyası dialoqa getdi, görüşlər oldu. Cəmi bir-iki nəfər bu görüş təklifini qəbul etmədi. Yəni onları kənarda hakimiyyət yox, özlərinin davranışı qoyub. Bu dialoqa radikal kəsim getməməklə iqtidarla arasında böyük uçurum yaradır və iqtidar da onların davranışlarını ümumi dövlətçiliyə düşmənçilik kimi qiymətləndirir. Müxalifətin bəlli qisminin düşmən adlandırılmasında, görünür, iqtidarın əlində arqumentlər var ki, bu qənaət formalaşıb. Hesab edirəm ki, hazırkı pandemiya dövründə bütün partiyaların əməkdaşlığı, iqtidarla dialoqu zəruridir. İlqar Məmmədovla bağlı məsələyə gəldikdə, onların partiyası hakimiyyətlə dialoqa getdi, ümumi müsbət atmosfer formalaşdı. İlqar Məmmədova bəraətin verilməsini ədalətin bərqərarı kimi qiymətləndirirəm və onun haqqıdır. Göründüyü kimi, siyasi dialoq və birlik çağırışına cavab verən partiyalarla əməkdaşlıqda hüquqi problemlər də ortadan qalxır”. Musavat.com Geri qayıt |