Əsas Səhifə > Partiya, Güney Press > “Bunları hələlik siyasi dialoq hesab etmək olmaz, amma...”
“Bunları hələlik siyasi dialoq hesab etmək olmaz, amma...”29-04-2020, 09:12 |
Pandemiyaya görə karantin rejimində yaşasaq da ölkədə bir sıra diqqət çəkən proseslər cərəyan edir və bunlar hakimiyyətin bir müddətdir başlatdığı siyasi açılımın tərkib hissəsi kimi qiymətləndirilir. Burada xüsusilə bir müddət əvvəl son illərdə ilk dəfə baş verən iki siyasi partiyanın dövlət qeydiyyatına alınmasını və bu günədək heç baş verməyən müxalifət təmsilçilərinin məhkəmə qərarı ilə bəraət, hələ üstəlik mənəvi zərərə görə kompensasiya da almalarını misal göstərmək olar. Bütün bunlar ölkədə geniş mənada siyasi dialoqun baş tutmasına zəmin yaradacaqmı? Sualla bağlı Moderator.az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib ki, müəyyən addımlar atılsa da, hələlik siyasi dialoqdan danışmaq tezdir: “İqtidarın apardığı siyasəti hələlik dialoq kimi xarakterizə etmək doğru olmaz. Ayrı-ayrı partiyalarla keçirilən görüşləri dialoq adlandırmaq düzgün deyil. Bunlar tanışlıq xarakteri daşıyır. Hakimiyyət siyasi açılıma getmək istədiyini bəyan edib. Bundan sonra biz onların addımlarını və real gördükləri işləri müşahidə edirik. Təbii ki, biz deyilən sözlərdən daha çox əməldə olan işlərə inanırıq. Əməldə baş verənlərin içərisində son günlərdə iki partiyanın qeydə alınması və REAL partiyasının rəsmiləri haqqında onlara bəraət və kompensasiya verən məhkəmə qərarlarının olması da var. Ancaq o da var ki, məsələn, Əhməd Orucun əməliyyatına verilən dəstəyə görə onun övladından dəfələrlə müsahibə aldırılması, fikrimcə, köhnə ənənələrin davamıdır. Koronavirus karantininə görə ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan bir sıra şəxslərə fəaliyyət sərbəstliyi verildi, amma siyasi partiyaların rəhbərliyinə bu sərbəstlik verilmədi”. Partiya sədrinin sözlərinə görə, qanunvericilik bazası formalaşmadan geniş siyasi islahatlardan danışmaq tezdir: “Ancaq istərdik ki, bu istiqamətdə son dövrlərdə atılan addımlar fundamental və davamlı olsun”. Geri qayıt |