Əsas Səhifə > Partiya, Güney Press > "Onların dəyərləndirilməsi və qiymətləndirilməsi də ayrı-ayrılıqda olmalıdır"
"Onların dəyərləndirilməsi və qiymətləndirilməsi də ayrı-ayrılıqda olmalıdır"29-04-2020, 09:51 |
Rəsmi məlumatlara əsasən, indiyədək Azərbaycanda 1 717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1 221 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Azərbaycan dövləti COVID-19-la mübarizə üçün bir sıra tədbirlər həyata keçirir. “Report”un əməkdaşı koronavirusla mübarizə çərçivəsində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərə münasibətini öyrənmək üçün partiya sədrlərinə müraciət edib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli "Report"a açıqlamasında Azərbaycan dövlətinin koronavirusla mübarizə çərçivəsində gördüyü işləri müsbət qiymətləndirib: "Azərbaycan dünyada az-az dövlətlərdəndir ki, virusun yayılmasının qarşısını almaq üçün vaxtında qabaqlayıcı tədbirlər həyata keçirdi. Bu tədbirlər ölkəmizdə kronavirus bəlasının yayılmasının qarşısını aldı. Baxmayaraq ki, bizim qonşumuz olan İranda virusun yayılması geniş vüsət almışdı. Bizim vətəndaşlar tərəfindən qonşu ölkəyə çoxlu gediş-gəliş vardı. Çox böyük ehtimal var idi ki, bu bəla ölkəmizdə geniş yayıla bilər. Ölkəmizdə ilk olaraq cənab Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bundan başqa, 4 istiqamət üzrə plan hazırlandı. Əvvəlcə 1, sonra isə 2,5 milyard manat vəsait ayrıldı". Partiya sədri əlavə edib ki, koronavirus digər ölkələrin olduğu kimi Azərbaycanın da iqtisadiyyatına zərər vurub: "Buna baxmayaraq cənab Prezident qeyd etdi ki, sosial sahədə heç bir ixtisarlar olmayacaq. Həqiqətən də biz bunu görürük. Bundan əlavə, cənab Prezident insanlara 190 manatlıq birdəfəlik müavinətin verilməsi ilə bağlı sərəncam imzaladı. Daha sonra birdəfəlik müavinəti alacaq şəxslərin sayı 200 mindən 600 minə qaldırıldı. Digər sahələrdə də əhaliyə ciddi dəstək göstərilir". T.Kərimli həmçinin koronavirusla mübarizə çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqa bir neçə dəfə müraciət etdiyini xatırladıb: "Mehriban xanım Əliyeva insanları yardımlaşmaya çağırdı. Azərbaycan vətəndaşları bu kampaniyaya qoşulmağa başladı. Xalqımızın müsbət cəhətləri önə çıxdı". Partiya sədri onu da əlavə edib ki, koronavirusla mübarizə çərçivəsində Azərbaycan dövlətinin gördüyü işlər hələ davam edəcək: "Artıq ölkəmizdə yoluxma halları getdikcə azalır, sağalmalar çoxalır. Mən əminəm ki, Azərbaycan çox ciddi uğurla bu bəladan çıxacaq". Ağ Partiyanın sədri Tural Abbaslı isə "Report"a açıqlamasında bildirib ki, Azərbaycan dövlətinin koronavirus pandemiyası ilə mübarizədə gördüyü işləri bir istiqamətdə dəyərləndirmək olmaz: "Pandemiya ilə mübarizə çərçivəsində səhiyyə, sosial, iqtisadi və s sahələrdə müxtəlif istiqamətlərdə işlər görüldü. Hesab edirəm ki, onların dəyərləndirilməsi və qiymətləndirilməsi də ayrı-ayrılıqda olmalıdır". Partiya sədri Azərbaycanda koronavirusa yoluxanların, ölənlərin sayının və xəstəliyin yayılma arealının az olmasını müsbət hal kimi qiymətləndirib: "Dünya dövlətləri ilə müqayisədə Azərbaycanda koronavirusa yoluxma və ölüm halları az olub. Sağalmalar isə kifayət qədər yüksəkdir. İnsanların karantin şəraitində ilk vaxtlar problem yaransa da, sonradan bu işlər qaydasında qoyuldu. Karantinə alınan insanlar 3-4 ulduzlu otellərdə yerləşdirildi. İnsanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər görüldü. Düzdür, insanların 190 manat birdəfəlik müavinət almasında müəyyən problemlər yarandı. Birdəfəlik müavinət ehtiyacı olan hər adama çatmadı". T.Abbaslının sözlərinə görə, pandemiya ilə əsas mübarizə karantin dönəmi bitdikdən sonra başlayacaq: "İqtisadiyyatın dirçəldilməsi istiqamətində dövlət daha ciddi addımlar atmalıdır. Əhalinin yoxsul kəsiminə daha çox diqqət ayrılmalıdır. Bu istiqamətdə hələlik müəyyən çatışmazlıqlar var. Ümumilikdə isə Azərbaycan dövlətinin koronavirusla mübarizə çərçivəsində atdığı addımları pozitiv qiymətləndirmək olar". Geri qayıt |