Əsas Səhifə > Partiya, Güney Press > Müxalifətin "oxumuş adamları" niyə azalıb

Müxalifətin "oxumuş adamları" niyə azalıb


6-05-2020, 10:15
Müxalifətin "oxumuş adamları" niyə azalıb
Azərbaycan müxalifəti intellektual bazasını itirmə dövrünü yaşayır. Bu hal uzun illlərdir ki, davam edir. Əvvəllər aparıcı müxalif qurumların rəhbərliyində ölkədə kifayət qədər nüfuz sahibi olan alimlər, tanınmış ziyalılar, politoloqlar təmsil olunurdular. İndi bundan əsər-əlamət yoxdur. Bu da haqlı olaraq, çoxsaylı suallara yol açır.

Siyasi partiyaların bazalarını bu qədər itirmələrinin səbəbləri barədə ən müxtəlif versiyalar, fikirlər irəli sürülür. Demokratik düşərgənin uzun illərdir ki, uğursuzluq yaşamasının kökündə duran amillərdən biri kimi intellektual bazanın qıtlığı göstərilir. Burada günahkarların kimlər olduğu barədə isə yetkin bir fikir yoxdur.

Sabiq dövlət müşaviri Qabil Hüseynli deyilənlərlə razılaşır: “Doğrudan da müxalifət partiyalarının bir hissəsində cəmiyyətin intellektual potensialının müəyyən qismi toplanmışdı. Həqiqətən də elm adamlarının, digər bu qəbildən olan peşəkarların təmsil olunması bir növ normaya çevrilmişdi. Bu adamlar müxalifət partiyalarının cazibə qüvvəsini təşkil edirdilər. Yəni partiyaların cazibəsinin artmasında bu adamların rolu az deyildi. Doğrudur, həmin dövrlərdə həm lider, həm də ideya ətrafında toplanmaq müəyyən bir vərdişə çevrilmişdi. Partiyaların formalaşmasında bu mühüm rol oynayırdı. Amma təəssüflər olsun ki, müəyyən zamanlarda partiya liderlərinin yanlış addımları, bu intellektual potensialla həssas davranmamaları, onları bəzi dövrlərdə küsdürmələri, incik salmaları potensialın dağılmasına gətirib çıxardı. Zənnimcə, potensialı qoruyub-saxlamaq üçün partiya liderlərinin özləri ilk növbədə, nümunəyə çevrilməli idilər. Qeyri-standart qərarların verilməsində, həmin qərarların icrasında özləri nümunə göstərməli, praktiki addımlar atmağı öz üzərlərinə götürməli idilər. Amma təəssüf edirəm ki, belə olmadı. Müəyyən tarixi dönüş məqamlarında, siyasi məsuliyyətin olduğu və siyasi qərarların verilməli olduğu bir məqamda həmin liderlər ya acizlik göstərdilər, ya da düzgün qərarlar qəbul edə bilmədilər.

Bəziləri sözün həqiqi mənasında qorxaqlıq nümayiş etdirdilər. Bu səbəbdən də vaxtilə kifayət qədər populyar olan liderlər, onların əllərində rəhbər tutduqları ideyalar qısa müddətdə nüfuzdan düşməyə başladılar. Nəticədə partiyalar daxillərində intriqalar dövrünə qədəm qoydular. Bu partiyalar sürətlə potensiallarını itirməyə başladılar. Bu avtoritetlik partiyaların təkcə cazibə qüvvəsi deyil, eyni zamanda intellektual bazası idi. Onlar proqramlar hazırlayır, cəmiyyətə mesajlar verir, mətbuatda partiyanın ideyalarını təbliğ edir, nəticə etibarı ilə partiyaların populyarlığını təmin edirdilər. Amma həmin intellektual baza zəifləyəndən sonra partiyalar həm parçalanma, həm də intellektual potensialı itirmə dövrünü yaşadılar. Nəticədə bu müxalif qurumlar öz qınına qapanmağa məcbur oldular. Keyfiyyət dəyişiklikliyi ilə partiyalar əvvəlki populyarlığı, intellektuallığı təmin edə bilmədilər. Əgər bugünkü mövcud durumu böhran, partiyaların kritik məqamlardan keçmə dövrü adlandırsaq, bu gün də partiyalar həmin vəziyyəti yaşamaqda, hətta olan-qalanı da getdikcə itirməkdədirlər. Partiyaların başında duran şəxslər nə cazibə qüvvəsinə çevrilə, nə öz nüfuz və avtoritetlikləri ilə ətraflarına insanlar cəlb edə bilirlər, nə də siyasi proseslərə əvvəllər olduğu kimi təsir etmək imkanlarına malik deyillər”.
Yuxarıda qeyd etdiyimiz problemləri yaşayan AMİP-in sədr əvəzi Arzuxan Əlizadə: “Bildiyiniz kimi, AMİP müstəqil Azərbaycanın ilk rəsmi dövlət qeydiyyatından keçmiş siyasi partiyasıdır. Partiya quruculuğunda Etibar Məmmədov və ölkənin müstəqilliyinin əldə olunmasında xüsusi xidmətləri olmuş siyasilərlə yanaşı Elmlər Akademiyasının prezidentindən tutmuş digər tanınmış elm və incəsənət xadimlərinə, ziyalılara, müxtəlif səviyyəli ixtisas sahiblərinə, iş adamlarınadək bir çox şəxslər yaxından iştirak ediblər. Sonradan həmin şəxslər uzun müddət partiya rəhbərliyində təmsil olunublar. Zaman keçdikcə bu şəxslərin bir hissəsi siyasi baxışlarının dəyişməsi səbəbindən, bir hissəsi öz potensialını ölkə quruculuğunda realizə etmək məqsədilə, başqa bir hissəsi iqtidar düşərgəsində təmsil olunmağa üstünlük verdikləri səbəbindən partiyanı tərk ediblər. Belə şəxslərin sayı o qədər çoxdur ki, hətta bu mənada bəzən AMİP-i iqtidarın kadr bazası da adlandırıblar. Əlbəttə ki, hər bir siyasi təşkilat öz mütəxəssisləri və intellektual potensiala malik üzvlərinin çoxluğu ilə güclü olur. Bu anlamda müxalif düşərgənin belə potensiala sahib olması heç şübhəsiz ki, uğur qazanmağın da əsası ola bilərdi. Amma təəssüf ki, müəyyən bir dövr kəsimində təkcə müxalif düşərgədən deyil, həmçinin ölkədən beyin axını olub ki, bu da ümumilikdə ölkə üçün xoşagələn hal sayıla bilməz. Mən bu vəziyyətin yaranmasına digər amillərlə yanaşı uzun müddət ərzində normal siyasi mühitin və bərabərhüquqlu siyasi münasibətlərin formalaşmamasının da səbəb olduğu qənaətindəyəm”.
Yeni Müsavat

Geri qayıt