Əsas Səhifə > Partiya, Güney Press > "Bu təşkilatın adı “Azadlıq evi” olsa da mahiyyəti “ermənilərin evi”dir"
"Bu təşkilatın adı “Azadlıq evi” olsa da mahiyyəti “ermənilərin evi”dir"8-05-2020, 09:34 |
“Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı dünyada insan hüquqlarının vəziyyəti barədə illik hesabatı dərc edib. “Demokratiya və azadlığın genişləndirilməsi: Keçid dövrünün dövlətləri” adlı hesabat 29 ölkəni əhatə edir. Bunlardan 10-u demokratik, 10-u hibrid, 9-u avtoritar ölkələrə aid edilib. Azərbaycan 1,4 balla sonuncu kateqoriyaya aid edilib. Mərkəzi qərargahı ABŞ-da olan qurum Azərbaycanı siyahıda “avtoritar ölkələr” sırasına yazıb. Bu qrupda Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan da var. Ermənistan və Gürcüstan isə 3 və 3,25 balla hibrid rejimi olan ölkələr sırasına düşüb. Azərbaycan tərəfi “Freedom House”un hesabatını rədd edir. Hakim Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, “Freedom House” təşkilatı həmişə böhtanlarla, qara yaxmaqla Azərbaycan haqqında dünya ictimaiyyətində mənfi imic formalaşdırmağa çalışır. Çünki həmin təşkilatın heyətində kifayət qədər erməni var. Onun İdarə Heyətində bir neçə nəfər ermənilər də var. ABŞ-dakı erməni lobbisi ilə bu qurum arasında sıx əlaqələr mövcuddur. Erməni lobbisi oraya erməniləri və ermənilərə bağlı olan adamları yerləşdirib. “Freedom House” təşkilatı erməni lobbisi tərəfindən maliyyələşdirilir. Ona görə də Azərbaycan dövləti nə qədər demokratik islahatlar, sosial, iqtisadi islahatlar keçirsə belə, bu qərəzli təşkilat islahatları görməməzlikdən gəlir. Onlara milli maraqları şəxsi maraqlarına qurban verən bəzi azərbaycanlı “hüquq müdafiəçiləri”, siyasətçilər tərəfindən saxta məlumatlar da ötürülür. Bu məlumatlarda hər şey qara rəngdə göstərilir. Bu təşkilatın adı “Azadlıq evi” olsa da mahiyyəti “ermənilərin evi”dir əslində. Ermənistanı həmişə Azərbaycandan xeyli öndə göstərmələri də bundan qaynaqlanır. Ermənistanda hərbi xunta rejimi insanları, seçki saxtakarlığına etiraz edən əhalini küçədə güllə-boran edəndə belə, “Freedom house” öz hesabatında Ermənistanı avtoritar qəddar rejimli ölkələr sırasına daxil etməyib. İşğalçı, eyni zamanda öz vətəndaşlarına qarşı qəddarlıqlar törədən Ermənistanın Azərbaycandan üstün mövqedə göstərilməsi gülünc olmaqla yanaşı, bu təşkilatın mahiyyətini açıb ortaya qoyur". A.Hüseynov vurğuladı ki, bu qeyri-hökumət təşkilatının açıqladığı hesabatın heç bir əhəmiyyəti yoxdur: “Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar bu gün dünya üçün nümunədir. Bütün sahələrdə islahatlar aparılır. Əsassız iddialarla hazırlanan qərəzli hesabatlarla Azərbaycana təzyiq etmək mümkün deyil”. Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov isə bildirdi ki, son həftələr ərzində bir sıra beynəlxalq təşkilatların bu tipli qərəzli hesabatlarını təsadüfi hesab eləmək olmaz. Bu, düşünülmüş bir planın tərkib hissəsinə bənzəyir. Azərbaycan dövlətinə, iqtidara təzyiq vasitəsidir: “Azərbaycan beynəlxalq arenada mövqelərini gücləndirir, nüfuzu daha da artır, Azərbaycan aparıcı söz sahibinə çevrilməkdə olan dövlət statusunu almaqdadır. Bütün bunlar Qərbdəki bəzi dairələri, xüsusən də ermənilərə bağlı dairələri narahat edir. Ona görə də müxtəlif hesabatlarda Azərbaycanın adını mənfi sıralara yazırlar. İnsan haqlarına dair müxtəlif beynəlxalq konfranslarda mən ”Freedom House"un rəhbərliyinin Azərbaycan dövlətinə qarşı xüsusi antipatiyasının olduğunu hiss etmişəm. Hətta buna etirazımı bildirmişəm. İndi Azərbaycanın adının həmin subyektiv təsnifatda Tacikistan və Türkmənistan kimi ölkələrlə eyni sıraya qoyulması qərəzin pik nöqtəsidir. Çünki demokratiya məsələsində bu cür ölkələrlə bizim müqayisə olunmağımız absurd olmaqla yanaşı, bizə necə nifrət etdiklərinin göstəricisidir". Hüquq müdafiəçisinin sözlərinə görə, avtoritar ölkə o ölkədir ki, orada ən primitiv azadlıqlar yoxdur, internetə giriş qadağandır, siyasi partiyalar yoxdur: “Gəlin görək Azərbaycanda belədirmi? Qətiyyən deyil. Azərbaycanı avtoritar ölkə adlandırmaq obyektivlikdən tamamilə uzaqdır. Bu tipli qərəzli hesabatlar həmin qurumun özünün nüfuzuna zərbədir. Onlar öz aləmlərində Azərbaycana təzyiq etmək istəyirlər. Ancaq əbəs yerə bu cür düşünürlər”. Geri qayıt |