Əsas Səhifə > Partiya, Güney Press > “Əvvəllər xüsusi qurğular siyasi rəqiblərin sıradan çıxarılmasında istifadə edilirdi, indi isə...”

“Əvvəllər xüsusi qurğular siyasi rəqiblərin sıradan çıxarılmasında istifadə edilirdi, indi isə...”


14-05-2020, 08:56
“Əvvəllər xüsusi qurğular siyasi rəqiblərin sıradan çıxarılmasında istifadə edilirdi, indi isə...”
Son yarım il ərzində yüksək ranqlı məmurların kabinetlərində qandallanması, iş otaqlarına yerləşdirilən kameralar sayəsində rüşvətxor əməllərinin ifşa edilməsi cəmiyyətdə böyük bir səs-səda doğurub.

Cəmiyyət belə hadisələrə 2005-ci ildə şahidlik etmişdi. İki nazir həbs olunaraq, evlərindən, kabinetlərindən milyonlar çıxarılmışdı.

Uzun müddət insanlar məmurların həbsini əks etdirən, rüşvət almasını sübut edən videokadrlar görmədilər.

Əksinə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin “qılıncının dalı-qabağı kəsən” vaxtlarda hakimiyyətin siyasi opponentləri, tənqidçiləri, jurnalistləri hədəfə alınmışdı.

Onların kasetləri yayılırdı, iqtidarın siyasətini bəyənməyən bəziləri bu şəkildə “vurularaq” ictimai rəydə gözdən salınırdı. Təbii ki, bu da özlüyündə hakimiyyətə tənqidlərin dozasını artırırdı, qınağa səbəb olurdu.

İndi isə fərqli bir mənzərə ilə qarşı-qarşıyayıq: xüsusi xidmət orqanlarının gizli kameraları müxaliflərin və tənqidçi jurnalistlərin, ayrı-ayrı şəxslərin üstündən çəkilib, korrupsioner məmurların kabinetinə gedib çıxıb.

Ləğv edilmiş MTN və onun rəhbəri Eldar Mahmudovun dönəmindən fərqli olaraq, Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyəti qanunsuzluğun ifşasına, çirkaba bulaşan, dövlətin malını talan edənlərin faş olunmasına yönəlib.

AĞ Partiyanın başqanı Tural Abbaslının “Yeni Müsavat”a bildirdiyinə görə, xüsusi xidmət orqanlarının keçirdiyi son əməliyyatlar, dövlət əmlakını talan edənlərin ifşasına yönəlik addımlar xalqın maraqları naminədirsə, alqışlanmalıdır.

Partiya başqanı hesab edir ki, hazırda həyata keçirilən həbslər, korrupsionerlərin yaxalanması cəmiyyət və müxalifət tərəfdən müsbət qarşılanır: “Xüsusi xidmət orqanlarının, ümumiyyətlə, hüquq-mühafizə orqanlarının texniki qurğuları, imtiyazında olan digər vasitələr qanunu pozan şəxslərə qarşı yönəldilməlidir. Bu zaman ictimai rəy dövlətin yanında olacaq. Necə ki, hazırda həbs edilən icra başçıları, Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri, habelə Dövlət Sərhəd Xidmətində vəzifəlilər ifşa olunurlar. Əvvəllər isə çox təəssüf ki, belə deyildi. Söhbət ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin dövründən gedir.

Xüsusi xidmət orqanlarının özəl qurğuları siyasi rəqiblərin, qanunla fəaliyyəti qadağan edilməmiş şəxslərin sıradan çıxarılmasında istifadə edilirdi. Bu da narazılıq yaradırdı, dövlətin imicinə zərbə vururdu.

Əgər bir insanın evinə sırf müxalif olduğu, hakimiyyəti tənqid etdiyi üçün kamera qoyursansa, izləyirsənsə, təbii ki, müsbət qarşılanmaz.

Amma indi baxın, iqtidarına, müxalifinə, bitərəfinə baxmadan, qanunları pozan vətəndaşların hərəkətlərinin qarşısı alınırsa, cəmiyyət təqdir edəcək. Çünki cinayətkarın əqidəsi-dini olmaz. Dövlət bu prinsipi qəbul etməlidir".

T.Abbaslı güman edir ki, antikorrupsiya ilə bağlı gedişlər mövsümi xarakter daşımasın, sistemli iş aparılsın, siyasi iradə ortaya qoyulsun: “İqtidar bu istiqamətdə uzun yol getməlidir ki, müxalifətdən və cəmiyyətdən dəstək alsın. Ən əsası, dövlət quruculuğu istiqamətində addımlar atılmalıdır, idarəetmə fəlsəfəsi, yanaşma dəyişməlidir, XXI əsrin çağırışlarına cavab vermək lazımdır”.

Real Partiyasının icraçı katibi Natiq Cəfərli isə “Yeni Müsavat”a bildirdi ki, təhlükəsizlik xidməti orqanları artıq görməli olduğu işlərlə məşğul olmağa başlayıblar: “Əgər doğrudan da dövlətin təhlükəsizliyi ilə bağlı bir narahatlıq yoxdursa, müxalifətçilərin təqib olunması, izlənilməsi xüsusi xidmət orqanlarının işi olmamalıdır. Müxalif insanların fikirlərinə görə təqib edilməsi, intim videolarının ortaya çıxarılması absurd yanaşma idi.

Bundan sonrakı mərhələdə isə qanunvericilik çərçivəsində müəyyən dəyişikliklərə gedilməlidir ki, korrupsiya ilə mübarizədə sistemli iş aparılsın".

N.Cəfərlinin fikrincə, təhlükəsizlik xidməti orqanlarının digər önəmli vəzifələri də var: “Böyük həcmdə iş yükünə malikdirlər. Korrupsiya ilə mübarizə ümumi xəttə çevrilməlidir, şəffaf şəkildə iş aparılmalıdır.

Lakin korrupsiyaya qarşı mübarizə təkcə cəza mexanizmi ilə yox, qanunvericilik şəklində dəyişikliklərlə, idarəetmənin formasını yeniləməklə həyata keçirilməlidir. Bu halda effektiv nəticələr əldə etmək olar".

Geri qayıt