Əsas Səhifə > Partiya, Güney Press > Gültəkin Hacıbəylinin “videoqeybət”i...
Gültəkin Hacıbəylinin “videoqeybət”i...14-05-2020, 10:36 |
Müxalifətin radikal qanadının, xüsusilə də “Milli Şura”nın üfunət qoxuyan bir bataqlığa çevrildiyini təxmin edirdim, amma vəziyyətin nəinki təxmin, heç təsəvvür edilməyəcək qədər vahiməli olduğunu ağlıma belə gətirmirdim. Əsasən “Milli Şura” adlanan qurumun rəhbərliyində təmsil olunmuş şəxslərin keçirdiyi videokonfrans radikal müxalifətin gerçək durumunu, bu düşərgədəki mənəvi-əxlaqi deqrodasiya prosesinin ən son həddə çatdığını ən “incə” detallarına kimi, şəxsən mənim üçün gün işığına çıxardı… Əslində Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Rafiq Manafov, Vidadi Mirkamal, Qənimət Zahid və digərlərinin iştirak etdiyi videokonfrans” “videoqeybət” və yaxud Gültəkin xala və digərlərinin qeybət videokonfransı adlandırmaq daha doğru olardı… Çünki müzakirə olunan mövzular və bu mövzularla bağlı səsləndirilən fikirlərin qurşaqdan aşağı səviyyəsi radikal düşərgə təmsilçilərinin söhbətinin ən yaxşı halda “qeybət” adlandırılmasına imkan verir. Dəyərli oxucular, öncədən qeyd edim ki, təsəvvürünüzdə ənənəvi qeybət “səhnələri” ilə bağlı heç bir mənzərəni canlandırmağa cəhd göstərməyin. Bu heç mümkün də deyil! Deməli, videoqeybətin baş ittihamçısı rolunda çıxış edən Gültəkin Hacıbəyli sosial şəbəkələrdə seksual azlıqlarla apardığı “qlobal mübarizə”, virtual “fədakarlıq” nümunələrindən bəhs edir və bildirir ki, “Qərbin bir nömrəli prioriteti bu üzdəniraqların hüquqlarıdır”. Gültəkin Hacıbəyli seksual azlıqlarla virtual mübarizə mövzusunda çıxış-qeybətini, başqalarına münasibətdə, həmçinin özünə yaraşdırdığı qeyri-etik və aşağılayıcı ifadələrlə davam etdirir: “yaramaz gədə”, “ikiüzlü”, “riyakar”… Bunun davamı olaraq, onunla eyni “dəyərlər”in daşıyıcısı olan başqa birisinin seksual azlıqların təmsilçisi ilə virtual “müharibə”də göstərdiyi “qəhrəmanlıq”dan danışır və özü də bilmədən onunla eyni düşərgəni və düşüncəni bölüşən şəxslərin özünüifadə metodlarının, təfəkkürlərinin səviyyəsini açıb ortalığa qoyur: “Xədicə onun statusunun altına girib ağzına gələni yazdı ki...” Burada “Dil çaşar düzünü deyər” el məsələni xatırlatmaq, yerinə düşür. Gültəkin Hacıbəyli də ya zəlzələdən, ya vəlvələdən, illərdən bəri siyasi opponentlərinə qarşı ağıllarına gələnləri deyil, ağızlarına gələn nə varsa, ağına-bozuna baxmadan “püskürdüklərini” dolayısıyla etiraf edir. Gültəkinin bu ehtiraslı çıxışına sualıyla “qüvvət verən” “Milli Şura” üzvü Rafiq Manafov isə daha da irəli gedərək, “kişi q...dən nə gözləyirsiniz” deyir və dəstəyini daha mübaliğəli şəkildə ifadə etmək üçün bəşər tarixinin ən qaniçən cəlladlarından biri olan Adolf Hitleri nümunə gətirir: “Mən çox təəssüf eləyirəm ki, 41-45-də Hitler geyləri qırıb qurtarmadı...” Bu ifadənin kimlər üçünsə müzakirə oluna, yaxud olunmaya biləcək tərəflərini bir kənara qoyuram. Amma bu günə qədər, “Milli Şura”da təmsil olunan bir çoxları, o cümlədən Əli Kərimli və onun ətrafı Gültəkin Hacıbəylinin dediyi kimi “Qərbin bir nömrəli prioritet” saydığı, “həssas yanaşdığı” mövzularda, o cümlədən seksual azlıqların hüquqları ilə bağlı məsələlərdə tamamilə fərqli bir mövqe nümayiş etdiriblər. İndi isə “Milli Şura”nın üzvlərindən biri onları “üzdəniraq” adlandırır, digəri isə faşistlərin onların qırıb qurtarmadığına görə təəssüflənir. Bu isə sübuta yetirir ki, radikal düşərgə başbilənlərinin əhəmiyyətli hissəsi “azlıqların hüquqları”, “demokratiya” və digər bu kimi məsələlərlə bağlı danışanda da hesabat verdikləri xarici dairələrin maraqlarını təmin etmək, onlara xoş gəlmək, eyni prinsipləri paylaşdıqlarını görüntüləmək naminə danışıblar. Yəni ortalıqda heç bir prinsip olmayıb, sadəcə maraqlar olub, vəssalam! Əgər bu şəxslər hər hansı bir prinsipə söykənərək hərəkət etsəydilər, üzdə bir, arxada isə tamamilə başqa yanaşma sərgiləməzdilər. Çünki, demokratiya, insan hüquq və azadlıqları kompleks anlayışdır və bu prinsiplərin hansısa birini kontekstdən çıxarmaqla demokrat olmaq mümkün deyil. Əslində, bu düşərgədə demokratiyanın “D”-sından da əsər-ələmət yoxdur. Əks təqdirdə Gültəkin Hacıbəyli sözügedən “videoqeybət”də Müsavat Partiyasının üzvlərinə xitabən “bu yaramazlar heç bir dəstək vermirlər Tofiq bəyə” deməklə, onlarla eyni baxış bucağını bölüşməyən insanları aşağılamazdı... Və yaxud Müsavat Partiyasını təmsil edən Mustafa adlı şəxsin “sərsəm bir şey” yazdığını dilə gətirməzdi və qısa bir zaman öncə onunla eyni siyasi cərgədə dayanan insanları “mühacir alveri”ndə ittiham etməzdi, istehza ilə müsavatçıların “rüsvayçı bir vəziyyətdə olduqlarını” söyləməzdi. Cəmil Həsənli də, həmçinin yaşına-başına yaraşmayan bir şəkildə, konkret ad çəkmədən, ünvan göstərmədən və bütövlükdə Müsavat Partiyasının üzvlərini nəzərdə tutaraq, “bədbəxtlər” ifadəsini işlətməzdi... Bunların dünyagörüşünə, təfəkkürünə, rəqiblərinə münasibətinə “heyran” qalmamaq mümkün deyil. Məsələn, Gültəkin Hacıbəyli “videoqeybət” formatındakı “möhtəşəm” nitqində İlqar Məmmədovu məsxərəyə qoyur və deyir ki, “REAL rəhbərinin statusuna cəmi 3 min adam baxıb, 75 laykı var”. Bir siyasətçi kimi hesablama, təhliletmə, proqnozlaşdırma qabiliyyətləri rəqiblərinin layklarını hesablamaqdan ibarət olan bu adamların siyasətdə nə işləri var, görəsən? Gültəkin Hacıbəyli deyir ki, “İlqar Məmmədov bitib... Həm siyasətçi olaraq bitib, həm partiyası bitib”. Əgər Qənimət Zahidin “canlı yayımdayıq” deyə yarıxəbərdarlıq, yarıqorxaqlıq təsiri bağışlayan sözləri olmasaydı, çox güman ki, ifadələr daha sərt olacaq və Adolf Hitlerlə bağlı Rafiq Manafovun gətirdiyi misal REAL-çılara və müsavatçılara da şamil ediləcəkdi. Təsəvvür edin ki, fərqli fikirləri, yanaşmaları süngü ilə qarşılayan bu adamlar hakimiyyətə yiyələniblər... Heç şübhə etmirəm ki, onlarla eyni baxış bucağını bölüşməyən hər kəsi əsir düşərgələrinə, bəlkə də qaz kameralarına “yola salardılar”... Hətta “avroritarizm” sözünün özü belə “Milli Şura” başbilənlərinin aqressiya, kin, qəzəb və qəddarlığın iç-içə olduğu dünyagörüşlərinin yanında kölgədə qalır. Bu neofaşist təfəkkürüdür! Onu da qeyd edim ki, bu adamlar öz davranışları ilə həm də cəmiyyətə qarşı saymaz münasibətlərini nümayiş etdirirlər. Başqalarının ünvanına bu qədər ağır və aşağılayıcı ifadələrin, ittihamların olduqca rahat bir şəkildə, sanki belə olmalıymış kimi ifadə edilməsi də bunu sübuta yetirir. Əslində “sözün bitdiyi yer” buradır! Bütün bunlardan sonra, ilk növbədə özünə hörmət edən istənilən şəxs insanlardan üzr istəyər və siyasi arenadan sakitcə çəkilib gedərdi. Geridə hətta virtual kölgəsini də buraxmazdı... Elçin Mirzəbəyli //qafqazinfo.az// Geri qayıt |