Əsas Səhifə > Partiya, Güney Press > "Bunu çevriliş adlandırmaq olmazdı"
"Bunu çevriliş adlandırmaq olmazdı"16-05-2020, 09:46 |
1992-cü ilin 15 mayında baş verən hadisələrdən 28 il ötdü. Həmin ilin 5-6 martında Azərbaycan Ali Sovetində gedən iki günlük gərginlik müzakirələrdən sonra o zaman prezident olan Ayaz Mütəllibov istefaya getmişdi. Onun may ayında hakimiyyətə qayıdış cəhdi xalqın ciddi müqaviməti ilə qarşılanmış və nəticədə sabiq prezident ölkəni tərk etməyə məcbur olmuşdu. Hər ilin bu günləri 15 may hadisələri ətrafında yeni-yeni müzakirələr açılır. Əksəriyyət bunu xalq inqilabı kimi qəbul etsə də, həmin hadisələri hakimiyyət çevrilişi kimi qəbul edənlər də var. Mütəllibovun birdəfəlik gedişindən sonra iqtidara gələn Xalq Cəbhəsinin doğru addım atıb-atmadığı yönündə də ziddiyyətli fikirlərə rast gəlirik. Mövqelərdən biri ondan ibarətdir ki, Mütəllibov Rusiyanın adamı idi və o hakimiyyətdə qalsaydı, ərazi itkiləri ilə üzləşməzdik. Bu polemikalarda inqilab yolu ilə hakimiyyətə gəlib, çevrilişlə iqtidardan uzaqlaşdırılan AXC hökumətinin tərəfində duranlar çoxluq təşkil edirlər. 15 may hadisələrinin Azərbaycana nələr verdiyi yönündə də çoxsaylı mövqelər mövcuddur. Həmin hadisələrin canlı şahidlərindən biri, o zaman AXC Ali Məclisinin üzvü olmuş, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a 28 il öncəki hadisələrin dəyişkən məsələ olmadığını qeyd etdi: “Bu məsələ ilə bağlı kim nə fikir söyləyirsə söyləsin, bu, sabit bir məsələdir, yəni dəyişən deyil. Baş verən hadisə tarixin reallıqları idi. O dövrdə açıq şəkildə cəbhələşmə var idi. Söhbət ondan gedirdi ki, ya imperiyanın, ya da xalqın yanında durmalı idin. Ayaz Mütəllibov dinc yolla istefaya getmişdi və ona əməkdaşlıq təklif olunmuşdu. Lakin o bundan imtina etmişdi. Ciddi şəkildə imperiyanın göstərişi ilə geriyə qayıtdı. Həm də bir ultimatum ilə qayıtmışdı. O, imperiyanın ayaq səsləri kimi gəlirdi, imperiyanın istəklərini gətirirdi. Onun xətti xuntanı dəstəkləməkdən ibarət idi. Söhbət fərdə qarşı mübarizədən getmirdi. O vaxtları Əbülfəz Elçibəy hətta bildirirdi ki, Əbdürrəhman Vəzirovla belə birlikdə işləmək, əməkdaşlıq etmək lazımdır. Bütün milli qüvvələri, millətin resurslarını toplamaq lazım idi. Kimin siyasi baxışından asılı olmayaraq, buna ehtiyac var idi. O dövrdə xeyli Kommunist Partiyasının üzvləri xalqla bir yerdə oldular. Hakimiyyətdə təmsil olunanlar xalqla birlikdə həmrəylik nümayiş etdirdilər. Kim xalqla birlikdə idisə, yüksək vəzifələr tutdular. Məsəl üçün, baş nazir vəzifəsini tutan Rəhim Hüseynov Xalq Cəbhəsinin üzvü deyildi, kommunist idi. Buna baxmayaraq, Elçibəy onu baş nazir postunda saxladı. Bu siyahını uzatmaq da mümkündür. O dövrdə təkliflər səsləndirilirdi ki, hamı bir yerdə olsun. Təklifi müsbət dəyərləndirənlər kifayət qədər çox idilər. Kimsə imperiya adından bura gəlmək, revanş etmək istəyirdisə, buna yol vermək olmazdı. Gəlmişdisə, ancaq əməkdaşlıq etməli idi. Milli azadlıq hərəkatı ilə qazanılan müstəqilliyi sən gəlib imperiyaya verə bilməzdin”. F.Quliyev 15 mayı xalq inqilabı sayır: “Bunu çevriliş adlandırmaq olmazdı. Birbaşa inqilab idi. Bu proseslər təkcə Azərbaycanda deyil, bütün postsovet məkanında baş verirdi. Bundan da xeyli əvvəl Şərqi Avropada baş vermişdi. SSRİ o yerlərdə də xalqların istəklərini əzmiş, orada dəyişikliklərə imkan verməmişdi. Ondan sonra Qazaxıstanda hadisələr baş vermişdi. İmperiyadan qopma prosesləri gedirdi. Yəni bu hakimiyyət davası deyildi. Mən Xalq Cəbhəsində partiyaya çevrilənə qədər qaldım. İstəyim ölkəmizin müstəqilliyi idi. O zaman yüz minlərlə insan bu cür düşünürdü. Azərbaycan əsl bir müstəqillik savaşı aparırdı. Heç kəs vəzifə barədə düşünmürdü. Bu baxımdan 15 may hadisələrini hakimiyyət çevrilişi yox, xalq inqilabı adlandırmaq ən doğrusudur. Xalq imperiyanın yenidən geri qayıtması təhlükəsinə qarşı birləşdi. Bir mərhələ başlamışdı, onu sona çatdırmaq lazım idi”. Müsahibimiz tarixi hadisənin Azərbaycana nələr verdiyindən də söz açdı: “Burada xalqın, xalqa qarşı olanların mövqeyi aydın oldu. Bütün dünyaya o da aydın oldu ki, biz xalq olaraq müstəqil olmaq istəyirik. Başqa bir istəyin həyata keçməyəcəyi qətiləşdi. Xalqın məlum niyyətin qarşısında duracağı aydınlaşdı. Bundan sonra bütün seçimlərdə bu prioritet oldu. Doğrudur, sonrakı dövrlərdə hakimiyyət çevrilişi cəhdləri yaşandı. Xarici dövlətlər buradakı maşalarından istifadə etməyə çalışdılar. Amma müstəqilliyimiz möhkəmləndirildi”. Partiya sədri 5-6 mart hadisələrində A.Mütəllibovun istefaya göndərilməsini də doğru sayır: “15 may hadisələrindən əvvəl Ayaz Mütəllibov yola salınmışdı. Ölkədə idi, normal yaşaması mümkün idi. Ağalarının istəyi ilə revanş götürmək cəhdinin qarşısı alındı. Biz bütün milli qüvvələrimizin bir yerdə olmasında maraqlı idik. Kim yanlış yola gedirdisə, qarşısı alınmalı idi. Hər zaman bu fikrimin üzərində dayanmışam ki, milli azadlıq hərəkatı başlamışdısa, hakimiyyətə milli düşüncə gəlməli idi. Köhnə imperiya düşüncəsi hakimiyyətdə qala bilməzdi. Onun daşıyıcıları hakimiyyətdən getməli idilər”. “Yeni Müsavat” Geri qayıt |