Əsas Səhifə > Partiya, Güney Press > Əli Kərimli Heydər Əliyevə nəyə görə borcludur?
Əli Kərimli Heydər Əliyevə nəyə görə borcludur?18-05-2020, 09:05 |
Əslində sualımın cavabını mən özümçün bilirəm. Amma ictimai fikir üçün bu suallar ətrafında bəzi dəqiqləşdirmə aparmaq istəyirəm. Bəri başdan deyim ki, Əli Kərimli vaxtında şanslı adam olub. Bunu onun avtobioqrafiyasına baxarkən də görmək olar. Belə ki, o cəmi 27 yaşında olarkən Azərbaycan Respublikasının Dövlət katibi postuna yiyələnib. Bu yaşda bu postu tutanlar arasında bəlkə də Əli Kərimli dünya rekordçusudur. Baxmayar ki, o vaxtadək Əli bəy heç bir dövlət işində çalışmamışdı. Bu vəzifə də ona peşəkarlığına görə deyil, sadəcə siyasi mənsubiyyətinə görə verilmişdi. Məhz onun və ideya dostlarının bir illik qeyri-peşəkar hakimiyyətləri (hakimiyyətsizlikləri dövrü desək, daha doğru olar) dövründə Azərbaycan dövlətinə və millətinə vurduqları ziyanları təəssüf ki, 30 illik zaman fasiləsində də aradan qaldırmaq mümkün olmayıb. Hansıdır o ziyanlar, fəlakətlər? BİRİNCİSİ, Qordi düyününə çevrilmiş Qarabağ problemi. Xatırlayırsınızsa, könüllü batalyonların və yaranmaqa olan milli ordunun birgə səyi ilə erməni separatçılarının baş kəndi Xankəndinə 1992-ci ilin payızında böyük zəfər yürüşü başlamışdı. Müzəffər ordu dəstələri qısa zamanda ətraf rayonları ermənilərdən təmizləyib, Xankəndinin bir neçə kilometrliyinə qədər gedib çıxmışdı. Bax o zaman, Əli Kərimlinin də təmsil olunduğu iqtidar Azərbaycan dövlətinə tarixdən heç zaman silinməyəcək ən böyük xəyanəti etdi. Heç bir səbəb göstərilmədən ordu dəstələrinin geri çəkilməsi barədə yuxarıdan göstəriş gəldi. Və ordumuzun zəfər yürüşü məqsədli şəkildə durduruldu. Qarabağ açıq şəkildə erməni separatçılarına təslim edildi. Bu təslim aktında çoxları kimi sabiq dövlət katibi Əli Kərimlinin müstəsna payı var. Görəsən belə bir şərəfsizliyə bu gün dövlətçilikdən, vətənpərvərlikdən ağız dolusu danışan Əli bəy heç vicdan əzabı çəkirmi? İnanmıram. Çünki, “VƏTƏNPƏRVƏRLİK ƏCLAFLARIN SON SIĞINACAQ YERİDİR”. İKİNCİSİ, AXC hakimiyyətinin bir illik fəaliyyətləri dövründə milli mənəvi dəyərlərimiz kökündən sarsıldı. “Böyüyə sayğı, kiçiyə qayğı” aradan qalxdı. Vəzifələr peşəkara deyil, şəxsi tanışlara verildi. Hər gələn bəy də dedi ki, “öz komandamla işləyəcəm”. Bundan başqa, o vaxt istefa mədəniyyətinə son qoyuldu. “Vəzifəmi dondururam” kimi cəfəng bir ideya ortaya atıldı. Məhz 1993-cü ilin may-iyun aylarında Azərbaycanda baş verən vətəndaş qarşıdurması zamanı Əli Kərimli də bu praktikadan istifadə etdi. Tale yüklü bir dövrdə o Dövlət katibi vəzifəsini “dondurdu”. ÜÇÜNCÜSÜ, Əli bəyin və Milli Şura deyilən qurumun üzvlərinin təmsil olunduğu o vaxtkı hakimiyyətinin dövlətçiliyimizə vurduğu ən böyük ziyan separatizminin alovlandırılması oldu.Cənubda “Talış-Muğan Respublikası”, şimalda “sadvalçılar” baş qaldırdılar. Hələ qonşu dövlətlərin-Rusiyanın, İranın, Gürcüstanın və hətta Türkmənistanın Azərbaycana bəslədiyi düşmənçilik münasibətlərini demirəm. Təbii ki, bütün bunlarda Əli bəyin “xidmətləri” az olmayıb. Bu gün söz azadlığından bolluca yararlanıb indiki iqtidarı və Ümummilli lider Heydər Əliyev siyasi kursunu həyasızcasına “tənqid” edən Əli Kərimli və Milli Şura üzvlərinə bu yerdə bir xatırlatma etmək istəyirəm. 1993-cü ilin iyununda Surət Hüseynov silahlı dəstəsi ilə gəlib Ələtdə oturmuşdu. Ölkədə idarəetmə faktiki olaraq onun əlinə keçmişdi. Surət Hüseynov Ələtdən rəsmi Bakıya ultimatum vermişdi ki, “3 günə təslim olmasanız, gəlib hamınızı Azadlıq meydanında asajam”. O zaman Əli Kərimlini və onun həmfikirlərini Surət Hüseynovun quracağı dar ağacından ümummilli lider Heydər Əliyev qurtardı. Bu günki fiziki mövcudluqlarına görə Əli bəy və digər “müxaliflər” ən azı buna görə indiki iqtidarın ətəyindən öpməlidirlər. Lakin sən saydığını say, gör Əli Kərimli nə sayır. Cəzasız qalmış bu qədər günahlarının xəcalətini çəkməkdənsə, Əli bəy bu gün də siyasətçilik oyunu oynayır. Doğru deyirlər ki, “Yalançının yaddaşı olmur”. Əli Kərimli qaranlıq keçmişini unudub. Keçmişini unudanlarsa, yalnız manqurtlardır. O ki, qaldı onun bu günki, siyasi diletantlığına bu barədə də bir neçə kəlmə demək istəyirəm. Əli bəy deyir ki, ölkədə korrupsiya halları var. Biz də deyirik ki, var. Deyir ki, kölgə iqtisadiyyatı var. Biz də deyirik ki, var. Deyir ki, ölkədə sosial-iqtisadi problemlər var. Biz də bunu inkar etmirik. Və bütün bunları ölkə başçısı da bilir. Və belə hallara qarşı Prezident ciddi mübarizə aparır. Bu cür nöqsanların tezliklə sonlanması üçün radikal addımlar atır. Son vaxtlar 5 rayonun icra hakimiyyəti başçısının və yüksək ranqlı bir-neçə məmurun həbsi də bunun əyani təcəssümüdür. Belə bir vəziyyətdə isə Əli Kərimlinin söylədikləri “bulanıq suda balıq tutmaq” sevdasından başqa bir şey deyil. Əli Kərimlinin başqa bir iddiası seçkilərin guya demokratik keçirilməməsi barədədir. Son 20 ildə heç bir seçkiyə qatılmayan bir adamın seçkilərin obyektiv və ədalətli keçirilməməsi barədə iddiasının təbii ki, heç bir hüquqi əsası ola bilməz. Deməli, Əli Kərimov siyasi diletantdır. Son vaxtlar Əli Kərimli və Milli Şura üzvləri Azərbaycanı sevməyən beynəlxalq təşkilatlarla və dövlətlərlə həmrəylik mövqeyindən çıxış edirlər. Bu cür mövqe sərgiləyən adamları isə normal cəmiyyətdə siyasi marionetka adlandırırlar. Deməli, ƏLİ KƏRİMLİ siyasi müxalifət yox, SİYASİ DİLETANT və SİYASİ MARİONETKADIR. Surxay Atakişiyev, KONKRET.az Geri qayıt |