Əsas Səhifə > Partiya, Güney Press > "Vətəndaşlara maska pulsuz verilsə yaxşı olar"
"Vətəndaşlara maska pulsuz verilsə yaxşı olar"1-06-2020, 08:49 |
Koronavirus pandemiyası aradan qalxmadığından, bütün dünyada olduğu kimi, Azərbaycanda da önləyici tədbirlər davam etdirilir. Vətəndaşlar qarşısında qoyulan əsas tələblərdən biri sosial məsafəni qorumaq və maska taxmaqdır. Bir çox vətəndaşlar bu tələbə əməl etmirlər. Hətta tanınmış siyasilərdən bəziləri polisin vətəndaşlardan maska taxmaq xahişini tənqid edib lağa qoyurlar. Məsələn, AXCP sədri Əli Kərimli bir videosu var, polisin bu mövzuda xahişini lağa qoyur. Bəs digər müxalifətlər maska və sosial məsafə tələblərinə əməl edirmi? Belə tələblər olanda, əsəbiləşirlər, yoxsa normal qəbul edirlər? AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bildirdi ki, AMİP olaraq hələ martın 25-də Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən pandemiya ilə əlaqədar verilən qərarlara dəstək bəyanatı ilə çıxış edib: “Sonradan da tətbiq olunan qadağalar onlar və əksər müxalifət nümayəndələri tərəfindən anlayışla qarşılanaraq əməl edilib. Qadağaların tətbiqindən iki aydan da artıq bir müddət keçib. Əlbəttə ki, daim qadağalarla yaşamaq da mümkün deyil. Qadağaların insanlarımız üçün müxtəlif əlavə problemlər yaratdığının da fərqində olmalıyıq. Bəzən verilən qərarların cəmiyyətdə birmənalı qarşılanmaması da etiraf olunmalıdır. Onu da nəzərə almaq lazımdır ki, sosial məsafə saxlanılması vacib hesab olunsa da, maska taxılması ilə bağlı hətta mütəxəssislərin fikirləri də fərqlidir. Lakin bu qadağaların bütövlükdə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət etdiyini qəbul edərək istəsək də, istəməsək də, onlara əməl etmək hər birimizin borcudur”. ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, koronavirusun yayılmasının qarşısının alınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargah icrası məcburi olan qərar veribsə, o qərara əməl edilməlidir: “Əgər bu qərarlar sırasında hər kəsin maska taxması tələbi varsa, maska vətəndaşlara pulsuz verilsə yaxşı olar. Əslində belə də olmalıdır ki, nəqliyyatda, ictimai-iaşə yerlərində, ticarət mərkəzlərində hər kəs maska taxsın. Şəxsən mən maska taxıram və maska taxmadığım üçün polisdən hər hansı tövsiyə və ya tələblə rastlaşmamışam. Şəhərdə əhalinin böyük hissəsinin maska taxmadığının da şahidiyəm”. AXP sədri Pənah Hüseyn bildirdi ki, müəyyən edilmiş hansısa normalar qüsurlu ola bilər, lakin normalar qüvvədə qaldıqca onlara əməl edilməlidir: “Mən qəbul olunmuş normalara əməl edilməyin tərəfdarıyam. Maska taxmaq virusdan qorunmaq üçün lazım bilinirsə, taxılmalıdır. Bunu etməyəndə polis yaxınlaşırsa, buna da normal yanaşmaq lazımdır, əsəbiləşmək lazım deyil”. Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli dedi ki, pandemiyadan irəli gələn karantin şərtləri və infeksiya yoluxmasından qaçmaq üçün tələb olunan qoruyucu vasitələr siyasi yox, təhlükəsizlik və sağlamlıq üçündür. Buna görə də həmin tələblərə münasibətdə siyasi düşüncə fərqi əhəmiyyət kəsb etmir. Əksinə, müxalifət də bu qanunlara əməl edilməsi üçün cəmiyyətdə təbliğat aparmalıdır. Biz qəbul olunmuş qaydaları anlayışla qarşılayırıq". “Yeni Müsavat” Geri qayıt |