Əsas Səhifə > Partiya, Güney Press > Müxalifətdən 90 yaşı tamam olan Vəzirova orijinal “təbrik”

Müxalifətdən 90 yaşı tamam olan Vəzirova orijinal “təbrik”


1-06-2020, 09:48
Müxalifətdən 90 yaşı tamam olan Vəzirova orijinal “təbrik”
Azərbaycan SSR KP MK-nın 13-cü birinci katibi (1988-1990) Əbdürrəhman Vəzirovun 90 yaşı tamamlanıb. Milli-azadlıq hərəkatının başlandığı dövrdə Azərbaycana rəhbərlik etmiş Vəzirov tarixdə müsbət iz qoya bilməyən ölkə başçılarından biri kimi qəbul edilir.

Əslən Şuşadan olan, Binəqədi rayonunda dünyaya gələn Ə.Vəzirov SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) səfiri olub. 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-nədək Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub. Bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanmış, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılıb. Vəzirov bütün bunların qarşısını almaqda aciz olmuş, sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Azərbaycana daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib. Yanvar qırğınından sonra xalqın tələbi ilə vəzifəsini tərk edib və Moskvaya qaçıb. Buna görə də Azərbaycanda onun haqqında cinayət işi qaldırılıb. Hal-hazırda Əbdürrəhman Vəzirov Moskvada yaşayır.

90 yaşı mayın 26-da tamam olan Ə.Vəzirovu tanınmışlardan yalnız Rüstəm İbrahimbəyov təbrik edib. Təriflər yağdırıb. Bəs Vəzirova təbrik düşürmü? Niyə ömrünü qürbətdə başa vurur? Keçmiş hərəkatçılar onun haqda 30 il sonra nə düşünür?

Xalq hərəkatının liderlərindən biri olmuş AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, Ə.Vəzirov o dövrdə yaranmış vəziyyətdə Azərbaycana rəhbərik etməyə adekvat olan xadim olmadı: “Həm strateji baxımdan hadisələri düzgün dəyərləndirmədiyi aşkara çıxdı, həm də Qarabağdakı terrorla, separatizmlə bağlı yaranmış situasiyada Vəzirov düzgün mövqe tutmadı. Bir sıra hallarda Azərbaycan xalqının milli maraqlarının əksinə olan addımlar atdı. Xüsusən 1990-cı ilin 20 yanvarı ərəfəsindəki onun fəaliyyəti də daha çox keçmiş SSRİ imperiyasının maraqlarına cavab verirdi. Onun mövqesizliyi də nəzərə alınmalıdır. Hesab eləmirəm ki, bunlara bəraət var. Amma eyni zamanda, bilirsiniz ki, Vəzirova qarşı Xalq Cəbhəsi hakimiyyəti dövründə cinayət işi qaldırılmadı. Onun respublikaya gəlib-getməsinə təminat verilmişdi. Bu da onunla əlaqədar idi ki, Vəzirov Moskvaya gedəndən sonra artıq mərkəzin Azərbaycana qarşı siyasi planlarında yer almadı. Lakin əlbəttə ki, tarixin mühakiməsi davam edir. Mən Əbdürrəhman Vəzirovun verdiyi son açıqlamalarla tanışam. Hətta indi də istər Vəzirov, istər Vaqif Hüseynov, istər Ayaz Mütəllibovun Azərbaycanın maraqlarına uyğun olan məsələlərdə ya susmaları, ya da yenə buna yanlış şərhlər vermələri əlbəttə ki, təəssüf doğurur. Vəzirov hətta 90 yaşında da ən azı 1990-cı ilin yanvar hadisələrində ona məlum olan həqiqətləri belə görünür ki, açıqlamaqdan çəkinir. Ən azı o, həmin həqiqətlərin ortaya çıxmasında rol oynaya bilər və öz borcunu gec də olsa müəyyən qədər qaytara bilər. Təəssüf ki, bunu da etmir. Mənim Vəzirovla şəxsi münasibətlərim olmayıb və yoxdur. Onunla təkbətək görüşlərim olmayıb. Amma AXC-nin İdarə Heyətinin bir qrupunu qəbul edərkən o görüşdə iştirak eləmişəm. Şəxsən mənim onu təbrik eləmək fikrim yoxdur”.

Xalq hərəkatının öncüllərindən olmuş ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Ə.Vəzirov haqqında birmənalı fikir söyləməyin mümkün olmadığı şəxslərdəndir: “Vəzirovla şəxsən tanış olub görüşmüşəm. Sərhəd hərəkatı zamanı o, SSRİ Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Gerenko ilə Naxçıvana gəlmişdi. Xalq Cəbhəsinin rəhbərliyi ilə onlar arasında danışıqlar gedirdi. Mən o zaman Xalq Cəbhəsi tərəfindən həmin danışıqları aparırdım. Vəzirovla o zaman görüşüb danışıqlar aparmışam. Əbdürrəhman Vəzirov Xruşşov kimi bir adamdır. Yəni ona birmənalı qiymət vermək olmaz. Bir tərəfdən, imperiyanın maraqlarını müdafiə edən, digər tərəfdən öz xalqının müasirləşməsində marağı olan bir adam olub. Vəzirov hakimiyyətdə olanda kompüterləşməyin vacibliyini bəyan edirdi. O zaman onu bu cür fikirlərinə görə lağa qoyurdular. İllər keçdi, məlum oldu ki, doğrudan da müasir dünyanın tələbi bu imiş. Vəzirovla danışıqlarımız zamanı mənə sual verdi ki, sərhədi niyə açırsınız? Mən sərhədin açılmasının hüquqi, milli səbəblərini izah etdim. Mən danışdıqca o yazırdı. Deyirdi ki, sərhədin nəyə görə açılmalı olduğunu Moskvaya bu fikirlərlə çatdıracam, əl çəksinlər məndən. Söhbətin sonunda Afiyəddin Cəlilova dedi ki, mən Sərdar Məmmədov kimi adamlarla birlikdə hakimiyyətdə işləmək istəyirəm. Hətta Afiyəddin Cəlilova dedi ki, yanvarın 1-də Bakıya gələndə Sərdar bəyi də gətirin ona vəzifə təklif edəcəyəm. Mən onda dedim ki, biz sizinlə vəzifə almaq üçün görüşmürük. Həmin görüş Naxçıvan partiya komitəsinin binasında keçirilirdi və o zaman binanın qarşısında 10 minə yaxın adam ”Vəzirova ölüm" şüarı ilə mitinq keçirirdi. Vəzirov dedi ki, bu nə məsələdir. Afiyəddin Cəlilov dedi ki, mən camaatın qarşısına çıxa bilmərəm. Bu zaman Vəzirov mənə dedi ki, əgər burada mənim başıma bir iş gəlsə, sən cavabdehsən. O, elə bildi ki, Xalq Cəbhəsinin Naxçıvanda rəhbəri mənəm. Vəzirova dedim ki, səni buradan xilas edəcəm. Amma bir şərtlə ki, çıxıb əhaliyə məsələn, bir zavodun burada tikiləcəyi vədini verin. Dedi ki, məni öldürsələr də belə bir vədi verə biımərəm, çünki onu həyata keçirmək gücüm yoxdur. Yəni faktiki olaraq xalqa yalandan vəd vermədi. Çıxdıq xalqın qarşısına və xalqı sakitləşdirən çıxış elədim. Vəzirovun adından dedim ki, mart ayında sərhəd rəsmi açılacaq və güneyli qardaşlarımızla gediş-gəliş olacaq. Belə deyəndə Vəzirov arxadan məni çimdiklədi və yavaşca dedi ki, axı mən sənə belə bir söz deməmişəm. Əyildim qulağına pıçıldadım ki, a kişi, camaata bir vəd verməsək, sən burdan necə çıxacaqsan? Mənim o çıxışımdan sonra Vəzirova qarşı şüarlar dayandı və Vəzirov çıxış elədi və getdi. O sadə idi və adamı dinləyirdi. Açığı, müsbət təəssürat yaratmışdı məndə. Onun xalq üçün edə bilmədikləri gücü daxilində olmayıb. Lider kimi qətiyyətsiz idi, Moskvadan çox çəkinirdi. Biz o adamın yubileyini təbrik edə bilərik ki, o, xalq, dövlət qarşısında böyük xidmətləri olsun. Vəzirovun böyük xidməti olmayıb. O, sovet dövlətinin məmuru kimi imperiyaya sədaqətli idi, Azərbaycanın müstəqil olmasında marağı yox idi. Bu baxımdan bizim onu təbrik etməyimizin heç bir əsası yoxdur".
“Yeni Müsavat”

Geri qayıt