Əsas Səhifə > Partiya, Güney Press > "Xeyli adam istəyirdi ki, arxivlər açılsın"

"Xeyli adam istəyirdi ki, arxivlər açılsın"


9-06-2020, 08:42
"Xeyli adam istəyirdi ki, arxivlər açılsın"
1992-93-cü illərdə milli təhlükəsizlik nazirinin birinci müavini işləmiş Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin AzadlıqRadiosuna verdiyi son müsahibə ciddi rezonans yaradıb. O iddia edir ki, Rusiya xüsusi xidmət orqanları öz adamlarını o dövrdə Azərbaycan Xalq Cəbhəsi rəhbərliyinə yerləşdirib.

S.Əkbər bildirib ki, arxivlərin açılmasına Elçibəy iqtidarı imkan verməyib.

Sitat: “Bu gün bizim milli adlandırdığımız o dövrkü hakimiyyətdə əksinə milli olmayan, zamanında ”KQB" ilə əməkdaşlıq etmiş çoxlu sayda rəhbər vəzifələrdə olan şəxslər var. Onlar qanunverici və digər ən yüksək vəzifədə olan şəxslər idi. Mən onlar haqqında məlumatlar topladım, öz əlimlə siyahı tərtib etdim və birbaşa prezidentə məruzə etdim. Bu, çox məxfi məsələ idi. Ancaq prezident mənə həmin dəqiqə cavab vermədi. Mən onu aylarla gözlədim. Prezidentə konkret adlarla məruzə edirdim ki, bu şəxslərlə milli dövlət qurmaq mümkün deyil. Çünki bu adamlar müstəqil hərəkət edə bilməzlər, Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. Bütün bunlardan sonra nə arxiv açıldı, nə də bu şəxslərlə bağlı tədbir görülmədi, əksinə, mənim ətrafımda iş başladı. Məndən xəbərsiz kadr təyinatları başladı, əvvəlki kimi mənə informasiya axını gəlmədi. Bütün bu işlər Moskvadan idarə olunurdu və Moskvanın Bakıdakı rezidenturası tərəfindən idarə olunurdu".

Partiya sədri Elçibəyin ünvanına daha ağır ittiham səsləndirərək, dolayısı ilə bildirib ki, mərhum prezident AXC hakimiyyətində yüksək vəzifələr tutan şəxslərin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmələrinə göz yumub: “Mənə dedilər ki, prezident səni çağırır. Qəbula getdim və gördüm ki, İmam Mustafayev də prezidentin yanındadır. Əbülfəz bəy İmam Mustafayevin yanında mənə dedi ki, ərəblər əsrlər əvvəl Qəbələnin Vəndam kəndində qızıl və zinət əşyaları qoyub gediblər. Əbülfəz bəy mənə təklif etdi ki, gedim o qızılı tapım. Yəni mən Bakıdan Qəbələyə qızıl axtarışı üçün ezam olundum. Təbii ki, orada heç nə yox idi və mən bunu bilirdim. Ora getdim, bir müddət orada qalmalı oldum. Həmin dövrdə mənə ən yaxın İsa Qəmbər idi. Baş verənləri İsa bəyə danışdım. Sonra isə mənim nazir kimi namizədliyim irəli sürüləndə, Əbülfəz Elçibəy bərk əsəbləşib və açıq şəkildə ”siz görün kimi müdafiə edirsiniz" deyib. Həmin şəxslərin bir neçəsi sonra gəlib mənimlə söhbət elədilər, bu gün də onlar həyatdadılar".

Elçibəy komandasında ən müxtəlif vəzifələrdə təmsil olunan şəxslər S.Əkbərin söylədiklərinə öz mövqelərini sərgiləməkdədirlər. Xalq Cəbhəsi iqtidarında dövlət katibi və baş nazir postlarını tutan Pənah Hüseyn, Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov Xural.TV-nin canlı yayımında milli təhlükəsizlik nazirinin sabiq müavininin söylədiklərini təkzib ediblər.

AXC hakimiyyətində dövlət müşaviri postunu tutan, Müsavat başqanı Arif Hacılı facebook səhifəsində bununla bağlı status yazıb. O, S.Əkbərin şəxsən özünün KQB arxivlərinin açılmasına qarşı olduğunu bildirib: “MTN arxivlərinin açılmasına guya Elçibəy hökumətinin, hətta şəxsən Elçibəyin özünün mane olması barədə deyilənlər də həqiqətə uyğun deyil. Çünki hər dəfə arxivlərin açılması məsələsi qaldırılanda buna ən çox mane olan o özü olub. Bildirirdi ki, əgər arxivlər açılsa, MTN iflic vəziyyətinə düşəcək. Yeni agentura seti yaratmaq mümkün olmayacaq. Bu məsələni qaldırmamağı bir çoxlarından şəxsən xahiş edib. Mənim heç olmasa yüksək dövlət vəzifələrində olanlar barədə məlumatların açıqlanması təklifimə də qarşı çıxıb. Bu müzakirələr publik olub. Yəqin ki, Milli Məclisin stenoqramlarında qalır. O dövrün mətbuatında da bu barədə yazıların qalmaması mümkün deyil.

Absurd iddialardan biri də arxivlə guya tanış olmaq imkanının olmadığı halda kimlərinsə dosyelərinin Elçibəyə təqdim etməsi, prezidentin isə bu barədə tədbir görməməsi iddiasıdır.

Əslində isə Elçibəyi narazı salan Sülhəddin Əkbərin güc nazirliklərini birləşdirib Təhlükəsizlik Şurası yaratmaq və onu həmin şuraya rəhbər, Təhlükəsizlik Şurası Katibi təyin etməsi barədə təklifi idi. Həmin təklifin, həm də Elçibəy komandasının əsas fiqurlarına yox, məhz ona etimad göstərilməsinin vacibliyi, hətta yerliçilik kontekstində deyilməsi prezidenti çox narazı salmışdı".

Elçibəy komandasında təhsil naziri işləyən Firudin Cəlilov “Yeni Müsavat”a açıqlamasında dedi ki, bu məsələ o zaman parlamentdə müzakirə olunub: “Orada milli təhlükəsizlik naziri çıxış etdi. Dedi ki, arxivləri açmaq olmaz. Fikirlərini bununla əsaslandırdı ki, idarəçilik institutu çökər. Rəhmətlik İsgəndər Həmidov çox dirəndi. Xeyli adam istəyirdi ki, arxivlər açılsın. Mən dedim ki, bütün agenturanın açılması düzgün olmaz. Çünki hər bir ölkənin agentura şəbəkəsi olmalıdır. Bildirdim ki, hakimiyyətdə olan 40-50 nəfərin adını çıxarın, parlamentdən bir komissiya təşkil olunsun və həmin komissiya tutulmuş siyahını yoxlasın ki, bunlar Rusiyanın agenti olublar, ya yox. Təxminən bununla bağlı bir razılaşma oldu. Orasını xatırlamıram ki, qərar qəbul olundu ya yox. Sülhəddin bəyin dedikləri bizim üçün yeni deyil. Sadəcə, indiki camiə üçün yenidir. Bizə o vaxtdan bu söhbətlər məlumdur. Sadəcə, elə şeylər var ki, onları açıqlamaq doğru deyil”.

Sabiq nazir də S.Əkbərin agenturanın açılmasının əleyhinə olduğunu açıqladı: “O, müəyyən şəxslərin adlarını arxivdən götürüb dövlət rəhbərinə təhvil verib ki, bunlar açıqlanmalıdır, bunlarla dövləti davam etdirmək olmazdı. Həmin şəxslərdən güc strukturlarında, Ali Sovetdə təmsil olunanlar var idi”.

F.Cəlilov qızıl axtarışı üçün S.Əkbərin Qəbələyə göndərildiyinin doğru olduğunu söylədi: “Sülhəddin bəy MTN-in nəzdində məktəb yaratmışdı. Həmin məktəbin məzunlarının buraxılış dövrü idi. İstəyirdi ki, gördüyü işi tamamlasın və sonra istefa verib çıxsın. Aramızda o zaman söhbət olmuşdu. Elçibəy barədə dediklərinə gəlincə, açığı, onun adının hallandırılmasının əleyhinəyəm. Həyatda yoxdur”.

Geri qayıt