Əsas Səhifə > Partiya, Güney Press > “O, Rusiyaya kimin bağlı olub-olmadığını bilməmiş olmazdı”

“O, Rusiyaya kimin bağlı olub-olmadığını bilməmiş olmazdı”


11-06-2020, 08:48
“O, Rusiyaya kimin bağlı olub-olmadığını bilməmiş olmazdı”
1992-93-cü illərdə mərhum prezident Əbülfəz Elçibəy hakimiyyəti dönəmində milli təhlükəsizlik nazirinin birinci müavini postunu tutan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin son müsahibəsi müxalif camiyədə, sosial şəbəkələrdə hələ də müzakirə olunur.

AXC hökumətində rəhbərliyə Rusiyanın xüsusi xidmət orqanlarının agentlər yerləşdirdiyini deyən S.Əkbərin fikirlərinə ən müxtəlif reaksiyalar verilir.

1992-1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışan VHP sədri, deputat Sabir Rüstəmxanlı agent ittihamlarının çox mürəkkəb bir məsələ olduğunu qeyd etdi: “Onu bilirəm ki, sovetlər dönəmində ölkədən xaricə gedən, şərqşünaslıq fakültəsində oxuyan adamların qarşısına müəyyən öhdəliklər qoyurdular. Bu, getdikləri ölkədən xəbər vermək öhdəliyi idi. Amma bu o demək deyil ki, xaricə gedənlərin hamısı SSRİ-nin xüsusi xidmət orqanlarının agenti olurdular. O zaman Azərbaycan sovet sisteminin bir parçası idi. Söz yox ki, ölkə içərisindən Moskvaya xidmət edən, onların qarşısında müəyyən öhdəlikləri olan, ora məlumat ötürən, Rusiyadan qopmağın əleyhinə çıxış edən, SSRİ-nin dağılmasını istəməyən kifayət qədər adamlar var idi. Onları ayırd etmək çox çətindir. Elçibəy Sülhəddin Əkbəri Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edəndə istəyirdi ki, bu strukturla bağlı müəyyən məlumatlar əldə etsin, sənədlər aşkarlansın. Bütövlükdə Xalq Cəbhəsi komandasına kölgə düşməsini istəməzdim. Orada xalqını, dövlətini sevən kifayət qədər insanlar var idi”.

Deputat S.Əkbərin çox şeylərdən xəbərdar olduğunu düşünür: “Yəqin Sülhəddin bəy nazir müavini işləyəndə özü üçün çox şeyi aydınlaşdırıb. Rusiyaya kimin bağlı olub-olmadığını bilməmiş olmazdı. Üstündən bu qədər vaxt keçməsi fərq etmir, bildiyi bir şey olubsa, indi də aça bilər. Ümumiyyətlə, dünyada bir müddət keçəndən sonra arxivlər açılır. Bizdə də belə olacaq. O vaxt bu məsələ Milli Məclisdə müzakirə olunmuşdu. Çox təklif olunurdu ki, arxivlər açılsın. Maraqlıdır ki, təkid edənlərin çoxu və ya onların ailə üzvləri uzun illər dövlət təhlükəsizliyinə bağlı olublar. Onlar ucuz xal qazanmaq, özlərini cəsarətli göstərmək istəyən adamlar idilər. Millətin taleyini düşünən adamlar bu məsələdə bir qədər ehtiyatlı davranmalıdırlar. Ölkədə çoxsaylı problemlər var idi, müharibə şəraitində yaşayırdıq. Ən müxtəlif qruplar fəaliyyət göstərirdi. Hakimiyyət çevrilişinə cəhdlər olmuşdu. Çox çətin bir dövr idi. Düşünün ki, arxivlər də açılsa ölkədə qarşılıqlı ittihamlar, düşmən axtarışı daha da artacaqdı. Nəticədə dövlətin müstəqilliyi təhlükə altına düşərdi. Bütün bunları düşünüb, arxivlərin açılmasının əleyhinə idim. Əgər arxivlərin açılması millətə, dövlətə zərər vuracaqsa, nə əhəmiyyəti var? Nəticələri düşünmədən qəhrəmanlıq çağırışları etməyin heç bir xeyri yoxdur. Amma indi vəziyyət bir qədər dəyişib. Siyasətdə olan, ölkənin ictimai-siyasi həyatında yer tutan şəxslərlə bağlı arxivlər açıla bilər”.
“Yeni Müsavat”

Geri qayıt