Əsas Səhifə > Partiya, Güney Press > “Özlərinə yer tapmayanlar iqtidar-müxalifət və cəmiyyət arasında harmoniya yaranmasına maneçilik törədirlər”

“Özlərinə yer tapmayanlar iqtidar-müxalifət və cəmiyyət arasında harmoniya yaranmasına maneçilik törədirlər”


30-06-2020, 09:32
“Özlərinə yer tapmayanlar iqtidar-müxalifət və cəmiyyət arasında harmoniya yaranmasına maneçilik törədirlər”
Azərbaycanda pandemiya dövründə psixoloji cəhətdən gərgin olan və əsəbləri tarıma çəkilən insanları daha da aqressivləşdirməkdə maraqlı görünən lokal qruplar, marginal dərnəklər, ayrı-ayrı adamlar var.

Son həftələrdə onlar həddən-ziyadə aktivləşiblər və virtualda “yetənə yetir, yetməyə bir daş atırlar”.

Bu “virtual bombardman” sayəsində özlərini “qəhrəman” kimi təqdim edən qrup üzvləri suyu bulandırmaqla məşğuldurlar.

Onlar dərin olmayan dünyagörüşləri ilə siyasəti çirkləndirir, ölkədəki ictimai-siyasi mühiti gərginləşdirir, iqtidar-müxalifət-cəmiyyət arasında sivil münasibətlərin yaranmasına qarşı çıxırlar.

Bu qruplar və uzantıları sosial mediada çox aktiv, güclü görünürlər, təşkilatlanmış bir forma alıblar. Zombiləşmiş və reallıq hissini itirmiş belə kateqoriyalı adamlar bütün yaxşı nə varsa imtina edirlər, inkarçılıq mövqeyindədirlər, saxta və aşkar profillərlə hücum kombinasiyaları qururlar.

Onlar Azərbaycanda bütün növ yumşalmanın, yaxınlaşmanın, siyasi münasibətlərdə normallaşmanın qabağının alınmasında maraqlı görünürlər.

Sanki bu statusda olan adamların missiyası körpüləri yandırmaqdan, hakimiyyətlə opponentləri arasında əlaqələrin Azərbaycan naminə yaxınlaşmasını linç etmək, satqın damğası vurmaqdan ibarətdir.

Təsəvvür edin, bir ziyalı, yaxud tanınmış sima Azərbaycanın siyasi rəhbərliyi haqda pozitiv fikir səsləndirirsə, iqtidarın rəqiblərinə olan münasibətini yumşaltmaq üçün hansısa jest edirsə, həmin adam mənəvi-psixoloji terrora məruz qoyulur, peşman edilir.

Onun dünən yazdıqlarına görə az qala heykəlini qoyanlar, bu gün neytral mövqe sərgiləməsi üstündə başını gilyotinə qoymağa hazır olurlar.

Bu, siyasi əlaqələrin inkişafı müstəvisində heç yaxşı hal deyil, qorxunc ssenarilərdən xəbər verir. Ölkədə düşmən mühiti yaratmaq, protest elektoratı, aktivistləri aqressivləşdirmək, nifrət toxumları səpmək, qisasçılığın təbliği yaxşı perspektiv vəd etməyə bilər.

Sonra idarəolunmaz bir proses, böhran və xaotik mərhələ başlaya, əngəllənməsi nonsens ola bilər.

Bütün bu gedişat belə əsas yaradır ki, ölkədə sosial partlayış yaratmaq, prosesləri öz nəzarətlərinə keçirmək istəyənlər var.

Onlar iqtidar olmağı belə görürlər. Bəs bu qorxunc prosesi necə dayandırmaq, yaxud yavaşlatmaq mümkündür?

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, əslində belə hərəkətlərə yol verənlər öz zəifliklərini ortaya qoyurlar.

Deputatın fikrincə, özlərinə yer tapmayanlar, inkişafa töhfəsi olmayanlar hamını yeri gəldi-gəlmədi qınamaqla iqtidar-müxalifət və cəmiyyət arasında bir harmoniya yaranmasına maneçilik törədirlər.

A.Mollazadə hesab edir ki, bu kiçik qrupları böyütməyin əleyhinədir və əhəmiyyət verməməyin tərəfdarıdır: “Tərbiyədən uzaq, Azərbaycanın adət-ənənəsinə, mental dəyərlərinə zidd addım atanlar var.

Onların hərəkətlərinə fikir verəndə özlərini meydanda güclü sayırlar. Halbuki bu adamlar heç yoxdurlar, mövcudluqlarını göstərmək istəyirlər".

AĞ Partiyanın sədri Tural Abbaslı hesab edir ki, iqtidar-müxalifət ümummili məsələlərdə həmrəylik nümayiş etdirməlidir:

“Amma təəssüf ki, koronavirus dövründə milli birlik təşkil oluna bilmədi. Bu gün cəmiyyətdə parçalanma var və getdikcə dərinləşir.

Faktiki, vətəndaş həmrəyliyi yoxdur. Təbii ki, müəyyən qrupların olması istisna deyil. Amma həmrəyliyin təşkil olunmamasında günahı iqtidarda görməliyik. Çünki lazımi addımlar atmadılar və hələ də atmırlar".

T.Abbaslının fikrincə, Operativ Qərargahın tərkibində müxalifətdən, mediadan, ictimai fəallardan və mədəniyyət adamlarından da tanınmışlar olmalıydı: “Amma Qərargah bir siyasi qüvvədən təşəkkül tapdı. Ona görə insanlar fikirləşirlər ki, iştirak etmədiyim qərarın icrasında da məcbur deyiləm. Amma hələ də gec deyil. Hakimiyyət bir milli həmrəylik mühiti yarada bilər ki, gərginlik azalsın. Məsələn, iqtidar-müxalifət adamları, mədəniyyət sahəsində tanınmışlar, cəmiyyətin qəbul etdiyi şəxslərin iştirakı ilə “zoom” toplantısı keçirilə bilər".

Hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, artıq facebooka girməkdən iyrənir: “O qədər əxlaqsız sözlər, təhqirlər olur ki... Bunun adı söz azadlığı deyil. Mən hüquq müdafiəçisi olsam da, təhqir yazan facebook istifadəçilərinə cərimə kəsilməsi tərəfdarıyam və onların sosial şəbəkədə fəaliyyətinin məhdudlaşdırılmasını arzulayıram. Çünki bu cür adamlar tənqidlə təhqiri ayırd edə bilmirlər”.

N.Cəfəroğlunun sözlərinə görə, bizim ölkə olaraq həmrəyliyə su-hava kimi ehtiyacımız var: “Bir yandan bu koronavirus xəstəliyi, digər tərəfdən Qarabağ problemi var.

Bu gün infeksiya müxalifətdən də, iqtidardan da adam öldürür. Xəstəlik siyasi mövqeyə baxmır. Ona görə hamımız bir-birimizə dəstək olmalıyıq. İnsanların əsəbləri onsuz da həssasdır, bu yalan və təhqirləri görəndən sonra bir az daha aqressivləşirlər".

N.Cəfəroğlu hesab edir ki, həmin qruplar trollardır, idarə edilirlər: “Hamının üstünə hücuma keçirlər. Onlar gərginliyin çoxalmasını istəyirlər. Çünki siz məndən də yaxşı bilirsiniz - pul verənləri belə istəyir. Bizim iqtidar-müxalifətli hamımızın ağır günüdür”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin sözlərinə görə, cəmiyyət birmənalı deyil, müxtəlif qrupların olması başadüşüləndir.

Onun fikrincə, həmin adamlar özləri kimi düşünməyənləri düşmən sayırlar: “Mən güman etmirəm ki, məqsədləri ara qarışdırmaqdır. Sadəcə, özü kimi fikirləşməyəni özündən saymır. Bu da insan psixologiyasındakı anormallıqdır. Bu qruplar xüsusilə sosial şəbəkələrdə fəaldırlar.

Həm öz profil hesabları, həm uydurma adlarla daxil olaraq müəyyən şəxsləri təhqir etməyi gündəlik bir iş sayırlar. Mən son günlərdə sizin qəzetə və rəhbərliyinə də bu hücumların şahidiyəm".

Q.Əlibəyli hesab edir ki, pandemiya səbəbindən cəmiyyətdə bir gərginlik yaranıb, insanlar sosial çətinliklərlə qarşılaşıblar və müxtəlif qruplar prosesi qarşıdurmaya çevirməyə maraqlı ola bilərlər:

“Burada kənar təsirləri, hansısa xarici təşkilatların maraqlarının olmasını da istisna etmirəm. Lakin həmin qrupların üzvlərinin dediklərinə bir o qədər əhəmiyyət vermək lazım deyil”.
“Yeni Müsavat”

Geri qayıt