Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycan ordusu Rusiya ilə Türkiyə arasında qalmışdı..."
"Azərbaycan ordusu Rusiya ilə Türkiyə arasında qalmışdı..."29-07-2020, 07:56 |
Türkiyə ordusu Naxçıvanda hərbi təlimlərdə iştirak edəcək. Azərbaycan və Türkiyə respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, hər iki ölkənin qoşunları Naxçıvanda genişmiqyaslı təlimlər keçirəcəklər. Təlimlərə hazırlıq çərçivəsində iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib. Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib. Qardaş ölkənin Naxçıvanda olduğunu əks etdirən qürurverici fotolar yayılıb. Hər zaman hərbi kadrların yetişməsində türk ordusunun böyük xidmətləri olduğunu deyən millət vəkili Sabir Rüstəmxanlı “Sherg.az”a bildirib ki, Türkiyə ordusu NATO standartları üzrə təlim görür və bu standartlar üzrə formalaşır. Parlament üzvü vurğulayıb ki, tarix boyu hərbi məktəblərimizdə xeyli türk əsgərləri və zabitləri olub: “Sonra isə Rusiyaya meyilli qüvvələrin təsiri artdı. Bu zaman Azərbaycan ordusu iki od arasında qaldı. Ordusunun hansı standartlar üzrə formalaşmasını düşündü. Buna baxmayaraq Türkiyə ilə ordumuzun əməkdaşlığı davam edir, təlimlər keçirilir, strateji əməkdaşlıq haqqında müqaviləmiz var. Əlbəttə bu, Rusiya ilə Ermənistan arasında bağlanan müqavilədən fərqlidir. Onların müqaviləsinə görə Ermənistanın bütün sərhədlərinin qorunması və Ermənistanın təhlükəsizliyi məsələsi Rusiyanın öhdəsindədir. Bizdə isə yalnız əməkdaşlıq müqaviləsi var. Naxçıvanda keçirilən əməliyyatlar da bu müqavilə çərçivəsindədir. Məlumdur ki, Qars müqaviləsinə görə Türkiyənin Naxçıvanın üzərində qarant hüququ var. Azərbaycandan başqa hər hansı bir ölkə Naxçıvana iddia ilə çıxış etsə, onda Türkiyənin Naxçıvanı müdafiə etmək haqqı var. Müqaviləyə əsasən qardaş ölkə Naxçıvanın qorunmasına cavabdehdir. Ona görə də Ermənistanın həyasızcasına Azərbaycana meydan oxuduğu bu günlərdə Naxçıvanda hərbi təlimlərin keçirilməsi yüksək qiymətləndirilməlidir”. Geri qayıt |