Əsas Səhifə > Partiya, Güney Press > Ramiz Mehdiyevin “simalı müxalifət”i və Milli Şuranın susqunluğu:

Ramiz Mehdiyevin “simalı müxalifət”i və Milli Şuranın susqunluğu:


2-09-2020, 09:28
Ramiz Mehdiyevin “simalı müxalifət”i və Milli Şuranın susqunluğu:
“Akademik toy”un sədası hələ qulaqlardan çəkilməyib.

AMEA prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını ayaq altına alaraq nəvəsi üçün keçirilən dəbdəbəli toy mərasimi özü ilə həm müzakirələr, həm cəzalar gətirib.

Ancaq görünən odur ki, bu toy sadəcə şadyanalıq mərasimi olmayıb, həm də bəzi qüvvələrin güc nümayişi cəhdi olub. Belə olmasaydı, ölkə əhalisi aylardır karantində yaşadığı, bütün mərasimlərin təxirə salındığı, qanunu pozanların cəzalandırıldığı bu şəraitdə Ramiz Mehdiyev və ətrafı da qanunu pozduqlarını qəbullanaraq üzr istəmək və cəzalarına razı olmaqla məsələyə nöqtə qoyulmasına çalışardılar.

İndiki halda Mehdiyev “cəbhəsi” susqun görünsə də, akademin özü bir-birinin ardınca artıq 4 yazı ilə mövqeyini ortaya qoyub.

Açıqlamalardan birində "Mən keçmişimdən və bu günümdən arxayınam. Dünənimlə üzləşməyə həmişə hazıram, bu günüm isə hər kəsin gözü qarşısındadır.Ünvanıma ittihamlar səsləndirənlərin çoxundan fərqli olaraq ömrüm boyu ancaq bir əqidəyə qulluq etmişəm və bununla da qürur duyuram! Bundan sonra da heç kəs məni tutduğum yoldan döndərə bilməz! Bəs görəsən, məni ittiham edənlərdə necə, eyni arxayınlıq varmı? Onlar dünən dediklərinə bu gün və sabah eyni əminliklə imza ata biləcəklərmi? Bu qarayaxma kampaniyası göstərdi ki, həqiqi müxalifətin bir siması olduğu halda, özünü iqtidara loyal göstərən bəzi millət vəkillərinin, keçmiş məmurların, jurnalistlərin lazım gəldikdə bir neçə siması ola bilirmiş",- deyən akademikin pası kimə və kimlərə ötürdüyü əslində bəllidir.

Bu, o şəxsdir ki, illərdir müxalifətin bütün mübarizəsinin qarşısına elə iqtidarın özü qədər daş yuvarlayıb, siyasi cameədə bütün fikir ayrılıqlarını az qala düşmənçilik səviyyəsinə qaldırmağa çalışıb, aldığı təlimatları “qüsursuz” icra etməklə müxalifət-xalq birliyini sarsıtmağa müvəffəq olub. İndi Ramiz Mehdiyevin dediyi o “simalı müxalifət” əgər doğrudan da simaya malikdirsə, bu qədər olaylara niyə susur? Halbuki onlar neftin qiymətinin düşməsinə belə sevincək olub bundan iqtidara qarşı mübarizə metodu kimi istifadəyə cəhd edənlərdir. Yaxud karantin rejiminin uzadılmasını siyasi divident qazanmaq şansı kimi dəyərləndirənlər indi niyə qınına çəkilib? Harda qaldı Ramiz Mehdiyevin öydüyü sima? Mehdiyevin təkcə bir bəyanatında dedikləri əslində bizim illərdir yazdıqlarımızın bir cümləlik isbatı idi. “Həqiqi müxalifətin bir siması olduğu halda, özünü iqtidara loyal göstərən bəzi millət vəkillərinin, keçmiş məmurların, jurnalistlərin lazım gəldikdə bir neçə siması ola bilirmiş" cümləsi əslində siyasətdə indiyə qədər bağlı qalan (əslində isə siyasi cameədə əksəriyyətin oxuduğu) kartların açıq-aydın aşkara çıxarılması idi. Bu, sadəcə cümlə deyildi, həm də illərin siyasi “mübarizəsinin” əslində kimə və nəyə xidmət etdiyinin sözlü sübutu idi. Ramiz Mehdiyev öz açıqlaması ilə Milli Şuranın və Əli Kərimlinin əlinə verdiyi kartları beləcə özü açmış oldu. Kimin əlinin kimin cibində olduğunu ortaya qoydu, illərlə deyilənlərə, yazılanlara “yaşıl işıq” yandırdı.

“Simalı müxalifət” ya Mehdiyevin bu açıqlamasını gözləmədiyindən, ya da deyiləcək söz tapa bilmədiyindən hələlik sadəcə susur. Halbuki susmamaq üçün çox sadə bir səbəb var- Ramiz Mehdiyev və ətrafı ölkənin qanunlarını pozub, hər kəsin gözü qarşısında qaydaları ayaqlar altına alıb, hətta buna “başqaları da edir” kimi bəsit don geyindirməyə çalışıb. Bu ki, iddia deyil, ortada dlil-sübut var, hakim YAP belə öz üzvünü (Siyavuş Novuzovu) buna görə cəzalandırdığı bir zamanda hər kiçik bəhanədən iqtidara qarşı “səlib yürüşünə”başlayan qüvvələri susmağa vadar edən nədir? Biz ki, iddialardan danışmırıq, Mehdiyevi tənqid edənlər ki, onu sadəcə qanunları pozduğuna görə tənqid edir. Ortada bu boyda “tutacaq” olduğu halda, Əli Kərimli və Milli Şura nə əcəb “susmaq qızıldır” prinsipini seçib? Sizcə də qəribə deyilmi? Bu, o qüvvədir ki, qarışqanı belə filə çevirib iqtidara qarşı piar kampaniyası başlatmaq üçün təlimat verir, indi bu boyda səbəb öz ayağı ilə gəlub çıxdığı halda onu görməzdən gəlmək kimə və nəyə xidmət edir?

Bir anlıq təsəvvür edək ki, Ramiz Mehdiyevin yerində hökumətdə təmsil olunan başqa bir şəxs olaydı, Milli Şuranın bəyanatları, “Zoom” iclasları, açıqlamalarının ardı-arası kəsilməzdi. Bəs indi niyə sükuta dalıb? Deyiləcək sözü yoxdur, yoxsa deyilməsi üçün icazə?
Cebhe.info

Geri qayıt