Əsas Səhifə > Partiya, Güney Press > “Ölkəmizdə rusdilli məktəblərin sayının artırıəlması dilimizə, müstəqilliyimizə və gələcəyimizə xəyanətdir”
“Ölkəmizdə rusdilli məktəblərin sayının artırıəlması dilimizə, müstəqilliyimizə və gələcəyimizə xəyanətdir”9-09-2020, 08:08 |
Ölkəmizdə rus dilinə maraq hər zaman fikir ayrılığına səbəb olub. Cəmiyyətimizdə rus dili sevdasını bu dildə təhsil alanların fərqli və geniş dünyagörüşə sahiblənməsi ilə əlaqələndirirlər. Təsadüfi deyil ki, bəzi valideynlər özləri rus dilində bilməsələr də, övladlarını bu dildə təhsilə cəlb edirlər. Bir növ övladlarının daha savadlı və universal olacaqlarını düşünürlər. Rus bölməsinə olan maraq cəmiyyətimizi çox təhlükəli tendensiya ilə üz-üzə qoyur. Həmin təhlükə ilə müxtəlif zamanlarda qarşılaşmışıq. Bu dilin və mədəniyyətin ölkəmizdə şişirdilmiş dərəcədə təbliği “sağlam” deyil. Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə bildirib ki, Azərbaycan rəhbərliyinin rus dilinə qayğıkeş münasibətini çox yüksək qiymətləndirir. O, əlavə edib ki, Azərbaycanda rus dilinə münasibət və rusdilli məktəblərin çox olması yaxşı haldır. Təbii ki, xarici dili öyrənmək faydalıdır. Amma ölkəmizdə rus dili sadəcə xarici dil kimi öyrənilmir. Bəziləri az qala bu dili öz ana dili kimi istifadə etməyə çalışır. Məsələ burasındadır ki, adətən bu dili bilməyənlərin iş tapması qeyri-mümkündür. Bəs rus dili və mədəniyyətinin ifrat dərəcədə təbliği bizə nə verir? Rusiya mədəniyyəti və dili bu qədər lazımlıdırsa, tonlarla silah göndərdiyi Ermənistanda rusdilli məktəblər niyə azdır? Vətəndaş Həmrəyliyi Partiyasının (VHP)sədri, millət vəkili Sabir Rüstəmxanlı “Sherg.az”a bildirib ki, Azərbaycanda rusdilli məktəblərin çox olması dilimizə qarşı böyük hörmətsizlikdir: “Lavrova sual vermək lazımdır ki, “Azərbaycanda rusdilli məktəblərin çox olması bu qədər yaxşı idisə, niyə daim simpatiya bəsləyib, yardım etdiyi Ermənistanda rus dilli siniflər çox azdır? Nə üçün Ermənistanla bu qədər yaxınsız və onların hər addımını müdafiə edirsiz?”. Deməli, onları rus dilinin taleyi, rus dili və mədəniyyəti maraqlandırmır. Ruslar Azərbaycanın başının altına yastıq qoyub və başını sığallayıb Ermənistana silah satır, onları gücləndirir və ciddi cəhdlərlə müdafiə edir. Ona görə də Lavrovun Azərbaycana saxta kompliment və xoşagələn sözlər deməyi ətimi ürpəşdirir. Belə şeyi qəbul edə bilmirəm!”. Azərbaycanın müstəqil dövlət olduğunu deyən millət vəkili bildirib ki, ölkəmizdə yaşayan ruslar istəsələr, rus dilində təhsil ala bilərlər. Heç kim onlara bunu qadağan etmir: “Lakin Azərbaycanın dövlət dili Azərbaycan türkçəsidir. Azərbaycan türkçəsinin hesabına ana dilində məktəblərimizin sayını azaldaraq, rusdilli məktəblərin sayını artırmağı dilimizə, müstəqilliyimizə və gələcəyimizə xəyanət hesab edirəm!”. Geri qayıt |